AZ

“Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşün BƏƏ-də baş tutması təsadüfi deyil”-ŞƏRH

“Cənubi Qafqaz son dərəcə mürəkkəb siyasi quruluşa malik bir regiondur. Bu regionda daxili və xarici siyasət yürütmək olduqca çətin məsələdir. Çünki burada böyük dövlətlərin maraqları toqquşur və bu maraqların arasında milli maraqları reallaşdırmaq olduqca müşküldür. Əldə olunan nəticələr və mövcud reallıq göstərir ki, dövlət başçımız bu çətin missiyanın öhdəsindən layiqincə gəlir”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, hər nə qədər Azərbaycanın xarici və daxili siyasətinə müdaxilələr olsa da, dövlət başçımız bu məsələlərə sayıq yanaşır və əməli addımlar atır:

“Milli maraqlarımızın təmin olunması əsas prioritetdir. Son zamanlar Cənubi Qafqazda vəziyyət süni şəkildə, bilərəkdən gərginləşdirilməyə çalışılır. Digər regionlarda arzu olunan nəticə əldə olunmadığı üçün diqqət məhz Cənubi Qafqaza yönəlib. Bu istiqamətdə həm Azərbaycanın, həm də Ermənistanın siyasətinə müdaxilələrin şahidi oluruq. Dövlət başçımız isə elə bir siyasət yürüdür ki, bu siyasət təkcə dövlətimizi, ölkəmizi və cəmiyyətimizi deyil, bütövlükdə Cənubi Qafqazı hədəfə alınan təzyiqlərdən qoruyur. Belə bir həssas məqamda Azərbaycanın əsas məqsədi və istəyi birbaşa görüşlərin keçirilməsi və bu görüşlərdə konkret nəticələrin əldə olunmasıdır.

Azərbaycan və Ermənistan liderləri arasında keçiriləcək görüşün Birləşmiş Ərəb Əmirliklərində baş tutması təsadüfi deyil. Çünki bu ölkənin son dövrlərdə həm Azərbaycanla, həm də Ermənistanla qurduğu münasibətlər bəllidir. Burada qeyd etmək lazımdır ki, Birləşmiş Ərəb Əmirlikləri vasitəçi deyil, sadəcə olaraq danışıqlar üçün bir platforma təqdim edir”.

Politoloq hesab edir ki, hazırkı mərhələdə platformanın özünün belə digər region və dövlətlərdən seçilməsi müvəqqəti məsələdir və bu istiqamətdə də tezliklə fərqli addımların, məkanların şahidi olunacaq:

“Təbii ki, Ermənistan və Azərbaycan liderləri arasında görüşün uzun çəkməsi onu göstərir ki, bütün istiqamətlər üzrə məsələlər detallı şəkildə müzakirə olunub. Əsas məsələ isə odur ki, sülh sazişinin imzalanmasına gedən yolda maneələr aradan qaldırılmalıdır. Bu baxımdan həm Ermənistanın, həm də Azərbaycanın siyasi iradəsinin olması göstərir ki, Əbu-Dabi görüşü müsbət nəticələr verib.

Eyni zamanda delimitasiya komissiyasının iclasının məhz Əbu-Dabidə keçirilməsi, burada delimitasiya məsələləri üzrə aparılan müzakirələr göstərir ki, artıq sırf bu istiqamətdə də vasitəçiləri kənarlaşdırmağı bacarırıq və bu məsələdə heç bir vasitəçiyə ehtiyac yoxdur”.

Ş. Həsənova onu da qeyd edib ki, Zəngəzur dəhlizinin açılması böyük güclərin də marağındadır:

“Burada hər hansı bir ləngimədən söhbət getsə də, bu layihənin qarşısını almaq mümkün deyil. Şübhəsiz ki, məsələ həm də bundadır ki, Zəngəzur dəhlizi sülh məfhumunda əsas elementlərdən biridir. Müqavilənin imzalanması üçün isə iki əsas məsələ öz həllini tapmalıdır: Ermənistan Konstitusiyasının dəyişdirilməsi və artıq tarixə qovuşmuş təsisata birgə müraciətin ünvanlanması. Hesab edirəm ki, bu istiqamətdə Azərbaycanla Ermənistan arasında razılıq əldə olunub. Növbəti günlərdə ATƏT-in Minsk Qrupuna birgə müraciətin ünvanlanmasını gözləyirəm və bu müraciətə veriləcək reaksiyalar bütün mənzərəni aydınlaşdıracaq.

Sülh qaçılmazdır, Cənubi Qafqaza sülh gəlməlidir. Mövcud reallıq göstərir ki, Ermənistan tərəfi də artıq bunu dərk edir.

Məsələ həm də ondadır ki, seçkiqabağı Paşinyan konkret addımlar atmaq, əldə etdiyi nəticələri xalqa nümayiş etdirmək istəyir. Bu addımlarla xalqın gələcəyi və rifahı üçün çalışdığını göstərmək niyyətindədir. Hər bir halda, prosesin necə inkişaf etməsindən asılı olmayaraq, regionumuz sülhə susayıb.

Bütün detallarla bağlı hələ ki açıqlama verilməməsi düşünürəm ki, bu məsələlərin razılaşdırılması zamanı qlobal və regional aktorların maraqlarının da nəzərə alınması ilə bağlıdır. Bu baxımdan sayıq yanaşma ilə yanaşı, təmkinli davranış da vacibdir.

Əvvəlcə sülh müqaviləsinin imzalanması, daha sonra Zəngəzur dəhlizinin açılmasından asılı olmayaraq bu, xalqların inteqrasiyası, birgəyaşayışı demək olacaq. Əvvəlcə Zəngəzur dəhlizi açılıb, sonra sülh müqaviləsi imzalansa, bu, daha dayanıqlı və qalıcı sülh anlamına gələcək deyə düşünürəm. Hər iki məsələ bir-biri ilə sıx bağlıdır və dövlət başçımızın da qeyd etdiyi kimi, Zəngəzur dəhlizi sülhün əsas təməl elementlərindən biridir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
19
editor.az

1Mənbələr