AZ

Güney Azərbaycan – türkün savaş meydanı

Güney Azərbaycan Milli Hərəkatı azadlıq və öz müqəddəratını təyin etmək yolunda bir millətin tarixi yürüşüdür.

Güney Azərbaycan Milli Hərəkatı sadəcə mədəni haqlar tələb edən bir sosial etiraz hərəkatı deyil. Bu, Azərbaycan Türk Millətinin tarixi, siyasi və hüquqi varlığına əsaslanan milli-siyasi bir söyləm və mübarizə əzminin yüksəlişidir. Bu hərəkatın məqsədi yalnız fars mərkəzli sistem içindəki ayrı-seçkiliklərə etiraz etmək deyil, əsarət, işğal və assimilyasiya siyasətlərinə son qoymaq və beynəlxalq hüquq çərçivəsində öz milli dövlətçiliyini öz iradəsi əsasında qurmaqdır. Yəni bu hərəkat milli kimliyini və siyasi iradəsini tanıtdırmaqla bərabər, milli müqəddəratını sərbəst şəkildə təyin etmək istəyən bir millətin azadlıq uğrunda apardığı çətin, mürəkkəb bir tarixi mübarizədir.

İran adlanan siyasi coğrafiyada qurulmuş dövlət sistemləri – istər Pəhləvi rejimi, istərsə də İslam Respublikası – mono-etnik və fars mərkəzli ideologiya əsasında formalaşıb. “İran milləti” kimi uydurulmuş konstruksiya fars dili, fars tarixi və fars kimliyini əsas götürərək, Azərbaycan türkü, bəluç, ərəb, türkmən kimi digər millətləri ya inkar edib, ya da “etnik azlıq” adı altında assimilyasiyaya məruz qoyub.

Güney Azərbaycan Milli Hərəkatı isə bu fars-şovinist düzəni rədd edir və öz alternativ milli-siyasi vizyonunu ortaya qoyur: Biz “etnik qrup” deyilik – biz Türk Millətiyik. Bizim öz dilimiz, tariximiz və torpağımız var. Bizim beynəlxalq hüquqla tanınan, öz müqəddəratımızı təyin etmə haqqımız var.

Bu milli söyləm sadəcə bir iddia deyil – bu, demokratik prinsiplərə söykənən, beynəlxalq hüquqi əsaslara dayanan bir milli-siyasi hərəkatdır. Məhz bu səbəbdən də Güney Azərbaycan Milli Hərəkatı yalnız Tehran hakimiyyəti üçün deyil, ümumilikdə İrançılıq ideologiyasını daşıyan bütün dairələr – istər islamçı, istər solçu, istər monarxist və ya saxtakar liberal – üçün “qırmızı xətt” sayılır. Çünki bu hərəkat, əsası yalan üzərində qurulmuş fars hegemoniyasını rəd edir və onun ideoloji sütunlarını dağıdır.

Maraqlıdır ki, milli hərəkata sızmış irançı çevrələr millətimizin milli söyləminin yüksəlişindən elə qorxuya düşüblər ki, son həftələrdə İran dağılarsa “Suriya modeli”, “silahlı kürd dəstələrinin işğalı”, “qarşıdurma və xaos” kimi qorxu ssenarilərini yaymağa başlayıblar. Onların ən riyakar cəhətləri isə odur ki, bu ssenariləri yayan şəxslərin çoxu, dünənə qədər özləri millətimizi qorxuduqları terror qruplaşmaları ilə eyni platformada çıxış edirdilər və onları “demokratik qüvvə” kimi təqdim edirdilər. Bu gün isə həmin qrupları təhlükəli göstərərək, millətimizi qorxutmaq və milli hərəkatı sabote etmək istəyirlər.

Onlar iddia edirlər ki, amandır rejim içində siyasi boşluq yaransa böyük fəlakətlər yaşanacaq ona görə də milli hərəkat susmalıdır və ancaq İran çərçivəsində qalmağı dəstəkləməlidi.

Əslində isə bu iddiaların gerçəyə çevrilməsi üçün nə sosial, nə siyasi, nə də geosiyasi zəmin vardır. Lakin bu qorxu təlqinləri vasitəsilə milli iradəni sarsıtmaq və yaranmış tarixi fürsəti dondurmaq istəyirlər. Məqsəd aydındır: İrançılığı qorumaq və fars mərkəzli status-kvonu davam etdirmək. Onlar utanmadan hətta iddia edirlər ki, millətlərin öz müqəddəratını təyin etmə haqqı ya hüquqi əsası olmayan bir fantaziyadır, ya da reallıqda tətbiq olunması mümkün olmayan bir utopiyadır.

Güney Azərbaycan Milli Hərəkatı isə bu məntiqi açıq şəkildə rədd edir və cavab verir: Azadlıq, Ədalət, Milli Hökumət yəni dövlətçiliyimizin bərpası üçün bu fürsət bir daha qayıtmayacaq. Azərbaycan Türk Milləti bir əsrdən artıqdır ki, sistemli şəkildə istismar olunub, milli kimliyi, dili, tarixi və siyasi iradəsi inkar edilib. Bu rejimin çöküşü ilə birlikdə, artıq millət olaraq biz sadəcə hüquq tələb edən kimi yox, milli-siyasi iradə göstərən bir gücə olaraq meydanda olacağıq.

Hər kəs bilməlidir ki, İran adlanan ölkədə yaşayan millətlərin hər biri öz milli-siyasi taleyini təyin etmə hüququna sahibdir və heç bir qüvvə onlara “kütlə” ya da “etnik” deyərək onların millət olaraq varlığını silə bilməz. İran adlanan siyasi coğrafiyada  fərqli millətlər yaşayır “kütlələr” yox yəni heç kimin haqqı olmamalıdır ki, milli kimliyi olan, siyasi iradəsi olan, gələcəyini özü müəyyən etməyə qadir o, millətlərə yol göstərsin.

Ona görə də, Güney Azərbaycan Türkü artıq susmamalıdır, qorxmamalıdır və oyanmış milli iradəsini, formalaşan gerçək siyasi kadrlarını yaranmış geopolitik fürsətlər əsasında səfərbər etməli və  bu dəfə azadlıq və milli dövlətimizin bərpası imkanını öz əlində saxlamalıdır. Sözsüz ki,  bunun üçün aydın strateji baxış, prinsipial milli-siyasi duruş və milli birliyin möhkəmləndirilməsi həyati əhəmiyyət daşıyır.

Bu gün susmaq – əsarətə razılıq verməkdir.

Bu gün qorxmaq – rejimi xilas etməkdir.

Bu gün tərəddüd etmək– gələcək nəsillərə xəyanətdir.

Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz.

Seçilən
4
vaxt.az

1Mənbələr