9-10 iyul 2025-ci il tarixlərində ADPU-nun nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində təhsildə kurikulum və sillabusun əhəmiyyətinə həsr olunan seminar keçirilib. Seminarı ABŞ-ın Missisuri ştatının Vaşinqton Universitetinin tədqiqat professoru, sosial siyasət və sosial iş üzrə beynəlxalq mütəxəssis Aytəkin Hüseynli keçirib. Seminarın məqsədi kurikulum və sillabusların əhəmiyətini müəllim heyətinə çatdırmaq, onların strukturu haqqında məlumat vermək və onlar arasındakı fərqlər barədə müzakirə aparmaq olub. Təqdimat zamanı Dr. Aytəkin Hüseynli kurikulumun təhsil proqramlarının həyata keçirilməsində əhəmiyyətindən, milli təhsil standartları və onlardan irəli gələn akademik nəticələr barədə danışıb.
Sillabusun hazırlanmasında nəzərə alınması vacib olan əsas amillərdən - fənnin tədrisinin məqsədi, tədris olunacaq mövzuların həftəlik planlaması, qiymətləndirmə metodları və istifadə ediləcək resurslar barədə ətraflı məlumat təqdim olunub. Vaşinqton Universitetində tədris edilən fənn üzrə işlənmiş nümunə sillabus interaktiv müzakirə ilə müşayiət olunub.
Seminar boyunca müəllimlər tərəfindən ünvanlanan suallar ətraflı şəkildə cavablandırılıb və müəllimlərin planlaşdırma, qiymətləndirmə və pedaqoji metodlarların tətbiq edilməsi təcrübələri də nəzərdən keçirilib.