30 yaşında erkən demensiyanın əlamətləri – Özünüzdə yoxlayın
Demensiya — yaddaşın, düşüncə və davranışın tədricən zəifləməsi ilə müşayiət olunan neyrodegenerativ xəstəlikdir. Bu pozğunluq adətən yaşlı insanlarda müşahidə edilsə də, erkən yaşlarda — hətta 30 yaşdan etibarən də özünü büruzə verə bilər.
“Medicina” xəbər verir ki, kimya üzrə fəlsəfə doktoru Pol Little erkən yaşda demensiyanın ilk və gizli əlamətləri barədə məlumat verib.
Mütəxəssisin sözlərinə görə, xəstəlik adətən başlarda hiss olunmadan inkişaf edir və illər öncədən zəif simptomlarla ortaya çıxa bilər. Bu simptomlar çox zaman psixoloji pozuntular, orta yaş böhranı və ya bipolyar pozğunluq kimi yanlış qiymətləndirilir.
Erkən demensiyanın əsas əlamətləri:
•Davranışda qəfil və gözlənilməz dəyişikliklər
•Kobudluq və zorakılığa meyillilik
•Söz tapmaqda çətinlik, danışarkən sözləri unutmaq
•İmpulsiv və nəzarətsiz davranışlar
•Birdən-birə spirtli içkilərə qurşanma
•Alkoqol səbəbilə hüquq-mühafizə orqanları ilə problemlərin yaranması
Pol Little bildirir ki, bu kimi davranış dəyişiklikləri cəmiyyət tərəfindən psixoloji hal kimi qəbul edilsə də, arxasında beyində degenerativ proseslər dayanmış ola bilər.
Risk faktorları:
•Aşırı bədən çəkisi
•Orqanizmdə insulin pozuntusu (piylənmə və şəkər riski)
•Uzunmüddətli, gizli iltihab prosesləri
Bunlar beyin toxumalarının zədələnməsini sürətləndirə və erkən demensiyanın inkişafına zəmin yarada bilər.
Nə etməli?
Mütəxəssis bu əlamətləri özündə və ya yaxınlarında müşahidə edən şəxslərə nevropatoloqa və ya psixonevroloqa müraciət etməyi tövsiyə edir. Erkən diaqnoz və düzgün yanaşma ilə prosesin yavaşladılması və idarə olunması mümkündür.
Aygün Musayeva