Azərbaycan klubları avrokuboklarda 500-cü qolu vurub. Arena.az bu barədə Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir.
Yubiley qolu Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Sabah” – “Çelye” matçına təsadüf edib.
Bakı klubunun Sloveniya təmsilçisi ilə oyununa qədər Azərbaycan komandaları avrokuboklar tarixində keçirilən 470 matçda 499 qol vurmuşdular. Bu qarşılaşmada hesabı açan Pavol Şafranko 500-cü qolun müəllifi olub.
Klublarımızın avrokuboklarda debütü 1994-cü ildə gerçəkləşib. Bu müddətdə komandalarımız UEFA Çempionlar Liqasında 122, Avropa Liqasında (əvvəlki UEFA kuboku) 294, Konfrans Liqasında 64, İntertoto kubokunda 19, Kuboklar Kubokunda 1 qol vurub. Ölkəmizin 21 klubu avrokubok həyəcanı yaşayıb.
Qeyd edək ki, təmsilçilərimizin Avropadakı ilk qolunun müəllifi Yadigar Süleymanov olub. “Kəpəz”in futbolçusu 1995-ci il avqustun 22-də Vyanada “Austriya”nın (1:5) qapısına yol tapıb.