Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin “Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradılacaq.
FED.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmanla “Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib.
Maliyyə Monitorinqi Xidməti “Şübhəli əməliyyatların monitorinqi” informasiya sisteminin formalaşdırılması və aparılması, həmçinin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Sistemin “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Sistemin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.
Əsasnaməyə əsasən, Sistemin formalaşdırılmasının məqsədi “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun ilə müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar məlumatların (sənədlərin) Maliyyə Monitorinqi Xidməti tərəfindən digər dövlət informasiya ehtiyatlarından və sistemlərindən əldə edilməsindən, habelə öhdəlik daşıyan şəxslər, auditor xidməti göstərən şəxslər, nəzarət orqanları və cinayət təqibi orqanları ilə məlumat (sənəd) mübadiləsinin avtomatlaşdırılmasından və sürətləndirilməsindən ibarətdir. Sistemin sahibi Sistem üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirən, habelə Sistemin aparılmasını təmin edən Maliyyə Monitorinqi Xidmətidir. Maliyyə Monitorinqi Xidməti həmçinin Sistemin operatoru funksiyalarını həyata keçirir. Sistem vasitəsilə Sistemin iştirakçıları və istifadəçiləri tərəfindən Qanunla müəyyən edilmiş məlumatların sahibə təqdim edilməsi, təqdim olunmuş məlumatların sahib tərəfindən təhlil edilməsi, əlaqələndirilməsi və hesabatların tərtib olunması, habelə Qanunla müəyyən edilmiş məlumatların iştirakçılara və istifadəçilərə təqdim olunması təmin edilir.