AZ

Aynur Veysəlova: Oğlan uşaqlarının doğum nisbətində süni artım var

Bakı, 11 iyul, AZƏRTAC

Son illərdə ölkəmizdə selektiv abortların artması ciddi sosial və demoqrafik narahatlıq doğurur. Cinsiyyət əsaslı abortların yayılması, xüsusilə, texnologiyalardan, o cümlədən ultrasəs müayinələrindən sui-istifadə nəticəsində baş verir. Erkən mərhələlərdə cinsin müəyyənləşdirilməsi tibbi zərurətdən daha çox sosial üstünlüklərə əsaslanan seçim məqsədilə həyata keçirilir. Hüquqi müstəvidə selektiv abortlar birbaşa qadağan edilməsə də, bu sahədə mövcud nəzarət və monitorinq mexanizmləri kifayət qədər təsirli deyil. Özəl tibb sektorunda isə bu məsələdə daha ciddi boşluqlar müşahidə olunur. Belə halların qarşısının alınması üçün hüquqi tənzimləmələrlə yanaşı, praktikada icra mexanizmlərinin də gücləndirilməsinə ehtiyac var.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis Aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin Komitə və komissiyalarla iş sektorunun məsləhətçisi Aynur Veysəlova bu gün Bakıda keçirilən Ümumdünya Əhali Gününə həsr edilmiş müzakirə zamanı səsləndirib.

Onun sözlərinə görə, statistik göstəricilərdə də bu tendensiyanın izləri görünməkdədir. “Rəsmi abort statistikalarında cinsiyyətə dair məlumatlar yer almasa da, doğulan uşaqların cins nisbətləri əsasında selektiv abortların mövcudluğu müəyyən olunur. Belə ki, bəzi illərdə oğlan uşaqlarının doğulma nisbətindəki süni artım bu sahədə narahatedici gedişatı göstərir. 2020-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” bu istiqamətdə müsbət addım sayılsa da onun praktiki tətbiqində ciddi çatışmazlıqlar qalmaqdadır. İndiyə qədər həyata keçirilmiş tədbirlər selektiv abortların qarşısının alınmasında gözlənilən nəticələri verməyib. Milli Məclisin üzvü olaraq, bu məsələni diqqət mərkəzində saxlayır və müvafiq qurumları daha səmərəli tədbirlərin görülməsi üçün koordinasiyalı fəaliyyətə çağırıram. Cinsiyyətə əsaslanan abortların qarşısının alınması, təkcə hüquqi məsələ deyil, həm də sosial ədalət və gender bərabərliyinin təminatı baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə A. Veysəlova vurğulayıb.

 

Seçilən
21
azertag.az

1Mənbələr