AZ

Əbu-Dabi görüşü: sülhə aparan yolun növbəti mərhələsi – ŞƏRH

Bakı, 11 iyul, AZƏRTAC

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş Cənubi Qafqazda sülh prosesinin davamlılığını təmin etmək baxımından mühüm əhəmiyyətə malikdir. Görüşün əvvəlki mərhələsində nümayəndə heyətlərinin iştirakı ilə aparılan müzakirələr, sonra isə liderlərin təkbətək dialoqu iki ölkə arasında gərgin keçmişə malik münasibətlərin gələcəyi üçün açar rolunu oynayır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, görüş yeri kimi məhz Əbu-Dabinin seçilməsi xüsusi mahiyyət daşıyır: “Əbu-Dabidə keçirilən görüş Birləşmiş Ərəb Əmirliklərinin ev sahibliyi ilə heç bir vasitəçi tərəf olmadan, neytral bir platformada baş tutdu. BƏƏ Azərbaycana qarşı dost mövqeyi ilə seçilir. Ümumiyyətlə, bu görüş 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan və Ermənistan arasında baş tutan danışıqlar zəncirinin davamı olaraq dəyərləndirilir.

Siyavuş Novruzov, həmçinin bildirib ki, bu görüş təkcə iki ölkənin münasibətləri deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyi baxımından mühüm hadisədir. “Bir sözlə, Əbu-Dabi görüşü regionda uzunmüddətli sabitlik və sülhün təmin olunması baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu görüş Azərbaycan və Ermənistan üçün sülhə aparan yolda dönüş nöqtəsi ola bilər”, - deyə S.Novruzov əlavə edib.

 

Seçilən
88
50
azertag.az

10Mənbələr