AZ

Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin “Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 iyul tarixli Fərmanı ilə təsdiq edilmişdir
 
1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin (bundan sonra – Maliyyə Monitorinqi Xidməti) “Şübhəli əməliyyatların monitorinqi” informasiya sisteminin (bundan sonra – Sistem) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

1.2. Sistem rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin, habelə dövlət orqanları (qurumları), digər hüquqi və fiziki şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də Sistemdə saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edir.

1.3. Sistemin formalaşdırılmasının məqsədi “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – Qanun) ilə müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar məlumatların (sənədlərin) Maliyyə Monitorinqi Xidməti tərəfindən digər dövlət informasiya ehtiyatlarından və sistemlərindən əldə edilməsindən, habelə öhdəlik daşıyan şəxslər, auditor xidməti göstərən şəxslər, nəzarət orqanları və cinayət təqibi orqanları ilə məlumat (sənəd) mübadiləsinin avtomatlaşdırılmasından və sürətləndirilməsindən ibarətdir.

1.4. Sistemin sahibi Sistem üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirən, habelə Sistemin aparılmasını təmin edən Maliyyə Monitorinqi Xidmətidir.

1.5. Maliyyə Monitorinqi Xidməti həmçinin Sistemin operatoru funksiyalarını həyata keçirir.

1.6. Sistemin iştirakçıları Sistemin informasiya proseslərində iştirak edən Qanunun 14.5-ci maddəsində nəzərdə tutulmuş dövlət orqanları (qurumları), habelə cinayət təqibi orqanlarıdır.

1.7. Sistemin istifadəçiləri Qanunda nəzərdə tutulmuş nəzarət orqanları, öhdəlik daşıyan şəxslər və auditor xidməti göstərən şəxslərdir.

1.8. Sistem vasitəsilə Sistemin iştirakçıları və istifadəçiləri tərəfindən Qanunla müəyyən edilmiş məlumatların sahibə təqdim edilməsi, təqdim olunmuş məlumatların sahib tərəfindən təhlil edilməsi, əlaqələndirilməsi və hesabatların tərtib olunması, habelə Qanunla müəyyən edilmiş məlumatların iştirakçılara və istifadəçilərə təqdim olunması təmin edilir.

1.9. Sistemdə yaradılan, əldə edilən və toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.

1.10. Fərdi məlumatların Sistemdə toplanılmasının və işlənilməsinin məqsədi bu Əsasnamənin 1.2-ci bəndində qeyd olunanları təmin etməkdir. Fərdi məlumatların Sistemdə toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.

1.11. Sistemin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsi və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.12. Sistem Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın (bundan sonra – Qaydalar) 2.1-ci bəndində qeyd edilən prinsiplər əsasında formalaşdırılır və Qanun, habelə “Fərdi məlumatlar haqqında”, “Elektron imza və elektron sənəd haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunları, Qaydalar və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları əsasında fəaliyyət göstərir.

1.13. Bu Əsasnamə əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.

1.14. Bu Əsasnamədə istifadə olunan anlayışlar Qanunda, habelə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda, Qaydalarda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.

2. Sistemin texniki-texnoloji infrastrukturu

2.1. Sistemin texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:

2.1.1. proqram-texniki vasitələr və proqram təminatı;

2.1.2. telekommunikasiya qurğuları və kanalları;

2.1.3. informasiya ehtiyatı və onu idarəetmə paneli;

2.1.4. ehtiyat nüsxələr;

2.1.5. istismaraqədərki formalaşma mühiti.

2.2. Proqram-texniki vasitələr və proqram təminatı Sistemin funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə Sistemdən istifadəni və məlumat mübadiləsini təmin edir.

2.3. Sistem fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmətlər göstərilməsini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksəkötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya qurğularına və kanallarına malikdir.

2.4. Qurulma topologiyasına uyğun olaraq, Sistemin telekommunikasiya qurğuları və kanalları iki səviyyədə təşkil edilir:

2.4.1. Sistemin fəaliyyətinin təşkili üçün müvafiq qurumdaxili telekommunikasiya qurğuları və kanalları Maliyyə Monitorinqi Xidmətinin struktur bölmələri tərəfindən;

2.4.2. Sistemin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə qarşılıqlı fəaliyyətinin təşkili üçün istifadə edilən telekommunikasiya qurğuları və kanalları Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (bundan sonra – XRİTDX) tərəfindən.

2.5. Sistemdə formalaşdırılan, Sistemə daxil edilən və ötürülən məlumatlar Sistemin informasiya ehtiyatında saxlanılır.

2.6. İdarəetmə paneli Sistemin informasiya ehtiyatının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən həmin informasiya ehtiyatından istifadəni təmin edir.

2.7. Fəaliyyətinin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Sistem, o cümlədən Sistemdə toplanılan məlumatların ehtiyat nüsxələri “Hökumət buludu”nda saxlanılır.

2.8. Sistemdə aparılan dəyişikliklərin yoxlanılması istismaraqədərki formalaşma mühitində həyata keçirilir.

3. Sistemə daxil edilən və ötürülən məlumatlar

3.1. Sistemə inteqrasiya edilən dövlət informasiya sistemlərinin və ehtiyatlarının siyahısı, habelə Sistemə sorğu əsasında ötürülən məlumatların dairəsi Qanunun 14.5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

3.2. Digər dövlət informasiya ehtiyatlarının və sistemlərinin Sistemə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.

3.3. Sistemə daxil edilən məlumatların (sənədlərin) dairəsi Qanuna və Azərbaycan Respublikasının digər qanunlarının maliyyə monitorinqi orqanına məlumatların (sənədlərin) göndərilməsini nəzərdə tutan müddəalarına əsasən müəyyənləşdirilir.

3.4. Dövlət informasiya ehtiyatları və sistemləri, habelə nəzarət orqanları ilə məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, o cümlədən öhdəlik daşıyan şəxslər və auditor xidməti göstərən şəxslər tərəfindən məlumatlar və sənədlər Sistemə həmin subyektlər tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə elektron kabinetlər vasitəsilə daxil edilir.

3.5. Sistemdə formalaşdırılan sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə uyğun tərtib olunur və rəsmiləşdirilir.

4. Sistemdən istifadə qaydası

4.1. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olan qurumların Sistemdən istifadəsi onların informasiya ehtiyatları və sistemləri Qaydaların 4-cü hissəsinə və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra – EHİS) inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.

4.2. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan qurumların və digər hüquqi şəxslərin Sistemdən istifadəsi onların elektron kabinetləri vasitəsilə təmin edilir. Bu halda qurumların və digər hüquqi şəxslərin rəhbər şəxsləri tərəfindən Sistemdə qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxslər Vahid Giriş Sistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərə daxil olaraq Sistemdən istifadə edirlər.

4.3. Fiziki şəxslər Vahid Giriş Sistemi vasitəsilə Sistemdə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərinə daxil olaraq Sistemdən istifadə edirlər.

5. Sahibin vəzifələri və hüquqları

5.1. Sistemin fəaliyyətini təmin etmək üçün sahibin aşağıdakı vəzifələri vardır:

5.1.1. Sistemin idarə olunmasını təşkil etmək, onun təkmilləşdirilməsi və funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;

5.1.2. Sistemin dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə, o cümlədən fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi və dövlət qeydiyyatından keçirilməsi üçün tədbirlər görmək;

5.1.3. fərdi məlumatların Sistemdə toplanılmasının, işlənilməsinin və mühafizəsinin bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün tədbirlər görmək;

5.1.4. Qanunun 11.8-ci maddəsinin tələblərinə əməl etməklə Sistemin təşkili və fəaliyyəti üzrə qiymətləndirmə aparmaq üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (bundan sonra – Nazirlik) zəruri şərait yaratmaq, o cümlədən normativ hüquqi aktların tələblərinə uyğun olmasına nəzarət etmək məqsədilə Sistemə çıxış, habelə onun texnoloji infrastrukturu ilə tanışlıq (baxış) və test etmə imkanlarını təmin etmək;

5.1.5. Sistemin informasiya təhlükəsizliyini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (bundan sonra – DTX), XRİTDX və operator ilə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliklə birlikdə təmin etmək;

5.1.6. Sistemin informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları dərhal DTX-yə və XRİTDX-yə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliyə təqdim etmək, habelə DTX, XRİTDX və Nazirlik tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;

5.1.7. Sistemə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların mühafizəsinin, habelə daxil edilmiş məlumatların aktuallığının, etibarlılığının, təhrifolunmazlığının, əlçatanlığının, tamlığının və konfidensiallığının təmin edilməsi ilə bağlı tədbirlər görmək;

5.1.8. Sistemə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;

5.1.9. Sistemin, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün Nazirlik və operatorla birlikdə tədbirlər görmək;

5.1.10. EHİS-də yaradılan elektron imkanlar vasitəsilə istifadəçilərin tələbi əsasında onlar barədə məlumatlarda aparılan düzəlişləri təsdiq və ya rədd etmək;

5.1.11. Sistemə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;

5.1.12. aidiyyəti qurumların Sistemin fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd olunan sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;

5.1.13. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) Sistemə daxil etmək;

5.1.14. Sistemdən sərbəst və maneəsiz istifadənin, habelə onun dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;

5.1.15. Sistemdə dəyişikliklər edilməsi üçün operatora göstərişlər vermək və onların həyata keçirilməsinə nəzarət etmək;

5.1.16. Sistemin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət etmək;

5.1.17. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

5.2. Sistemin fəaliyyətini təmin etmək üçün sahibin aşağıdakı hüquqları vardır:

5.2.1. Sistemin formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə beynəlxalq təşkilatlarla, habelə Azərbaycan Respublikasının və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;

5.2.2. Sistemdən istifadə və onun funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;

5.2.3. Sistemin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğu vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;

5.2.4. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

6. Operatorun vəzifələri və hüquqları

6.1. Operatorun vəzifələri aşağıdakılardır:

6.1.1. Sistemin informasiya təhlükəsizliyini DTX, XRİTDX və sahiblə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliklə birlikdə təmin etmək;

6.1.2. Sistemin informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları dərhal DTX-yə və XRİTDX-yə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliyə təqdim etmək, habelə DTX, XRİTDX və Nazirlik tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;

6.1.3. Sistemə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;

6.1.4. Sistemin, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün Nazirlik və sahiblə birlikdə tədbirlər görmək;

6.1.5. Sistemin təhlükəsizliyi pozulduqda, fəaliyyətində nasazlıq yarandıqda, əsas avadanlığında hər hansı qəza (xəta) baş verdiyi halda dərhal aidiyyəti dövlət orqanlarını və sahibi məlumatlandırmaq, nasazlığın və qəzanın (xətanın) qeydiyyatını aparmaq, dərhal aradan qaldırılması üçün sahibin verdiyi göstərişlərə uyğun təcili tədbirlər görmək, bu mümkün olmadıqda isə Sistemin “Hökumət buludu”nun ehtiyat Data Mərkəzində fəaliyyətini davam etdirməsi üçün Nazirliklə birlikdə zəruri tədbirlər görmək;

6.1.6. Sistemin fəaliyyətinin idarə olunması, təkmilləşdirilməsi və onun funksional imkanlarının artırılması istiqamətində sahiblə razılaşdırmaqla texniki tədbirlər görmək və bu barədə Sistemin fəaliyyətində iştirak edən aidiyyəti dövlət qurumlarını məlumatlandırmaq;

6.1.7. Sistemdən sərbəst və maneəsiz istifadəni, onun dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə Sistemin proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxışı təşkil etmək;

6.1.8. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) Sistemə daxil etmək;

6.1.9. Sistemi EHİS-ə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatları və sistemləri ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;

6.1.10. Sistemə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;

6.1.11. Sistemin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək və təkmilləşdirilməsi üzrə profilaktik iş aparmaq;

6.1.12. Nazirliyin və sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdiyi təkliflər əsasında Sistemdə dəyişikliklər edilməsi üçün tədbirlər görmək;

6.1.13. sahibin göstərişi ilə normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqlar keçirilməsini təmin etmək;

6.1.14. Sistemin formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı sənədləri və texniki məlumatları sahibə və Nazirliyə təqdim etmək;

6.1.15. Sistemin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparmaq;

6.1.16. aidiyyəti qurumların Sistemin fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;

6.1.17. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

6.2. Operatorun aşağıdakı hüquqları vardır:

6.2.1. Sistemin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğu vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;

6.2.2. Sistemin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;

6.2.3. Sistem ilə məlumat mübadiləsində iştirak edəcək digər informasiya ehtiyatları və sistemləri müəyyən edilmiş texniki və funksional tələblərə cavab vermədiyi hallarda onlarda zəruri dəyişikliklər edilməsi məqsədilə məsələ qaldırmaq;

6.2.4. Sistemin parametrlərində sahiblə razılaşdırmaqla dəyişiklik etmək və bütün mümkün parametrlər üzrə hesabatlar əldə etmək;

6.2.5. iştirakçılar və istifadəçilər Sistemin təhlükəsiz və effektiv fəaliyyətinin pozulmasına səbəb olan əməllərə yol verdikdə Sistemə giriş imkanını sahiblə razılaşdırmaqla ləğv etmək və ya məhdudlaşdırmaq;

6.2.6. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

7. İştirakçıların vəzifələri və hüquqları

7.1. İştirakçıların vəzifələri aşağıdakılardır:

7.1.1. Sistemə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;

7.1.2. Sistemə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) təmin etmək;

7.1.3. aktual, tam və etibarlı məlumatları (sənədləri) vaxtında və dolğun şəkildə Sistemə daxil etmək (ötürmək);

7.1.4. məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram vasitələrinə müdaxilə etməmək;

7.1.5. Sistemdən, habelə Sistemdə olan məlumatlardan (sənədlərdən) yalnız xidməti məqsədlər üçün istifadə etmək;

7.1.6. Sistemdə saxlanılan məlumatlarda (sənədlərdə) aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə və ya operatora məlumat vermək;

7.1.7. sahibin və operatorun Sistemə daxil etdiyi və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumatları izləmək;

7.1.8. Sistemin fəaliyyətinə zərər gətirəcək, habelə onların fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;

7.1.9. məlumat mübadiləsi zamanı aşkar olunmuş çatışmazlıqların və yaranan nasazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək, bu barədə sahibə və Nazirliyə məlumat vermək;

7.1.10. öz təşəbbüsləri, habelə Nazirliyin və sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında sahibi və ya operatoru olduğu dövlət informasiya ehtiyatlarında və sistemlərində zəruri dəyişikliklər etmək.

7.2. İştirakçıların hüquqları aşağıdakılardır:

7.2.1. Sistemin fəaliyyəti ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün sahibə və ya operatora sorğu vermək və onlardan belə məlumatları və sənədləri almaq;

7.2.2. Sistemin təkmilləşdirilməsi istiqamətində sahibə və ya operatora təkliflər vermək.

8. İstifadəçilərin hüquqları

8.1. İstifadəçilərin Sistemdən istifadə ilə bağlı aşağıdakı hüquqları vardır:

8.1.1. Sistemdəki açıq məlumatlarla tanış olmaq və onları əldə etmək;

8.1.2. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, özləri barəsində məlumatlarla tanış olmaq, onları əldə etmək və ya dəqiqləşdirilməsi üçün sahibə və ya operatora müraciət etmək;

8.1.3. elektron kabinetləri üzərindən müraciətlərini göndərmək;

8.1.4. sahiblə, operatorla, iştirakçılarla və digər istifadəçilərlə qarşılıqlı əlaqəni və sənəd (məlumat) mübadiləsini elektron qaydada həyata keçirmək;

8.1.5. Sistemin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;

8.1.6. Sistemdən istifadə ilə bağlı hüquqlarının pozulmasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;

8.1.7. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

Seçilən
7
xalqqazeti.az

1Mənbələr