Ənənəvi media hələlik sosial şəbəkələrə operativlikdə uduzur. Bunu anews.az-a müsahibəsində APA Media Group-un baş direktoru Vüsalə Mahirqızı deyib.
“Çap mediasından elektron mediaya keçid 2000-ci ilin əvvəllindən başlayıb, 2010-cu ildən sonra isə sosial şəbəkələrin aktivliyindən sonra televiziyadan uzaqlaşma tendensiyası müşahidə olunub. Sosial şəbəkələrin meydana çıxması ilə informasiya istehlakı vərdişləri dəyişib. Hazırda sosial media əksər insanlar üçün əsas xəbər mənbəyinə çevrilib. Sosial şəbəkələrdə yayılan informasiya operativlik baxımından ənənəvi medianı qabaqlayır. İlk verilən informasiya da hər zaman yadda qalır. Daha sonra verilən xəbər daha dəqiq olsa da onaa oxucuların 20% inanır”, - Mahirqızı deyib.
Holdinq rəhbəri gələcəkdə süni intellektin jurnalistləri əvəz edəcəyini istisna etmir.
"Süni intellekt medianın bəzi funksiyalarını əvəz etməyə başlayıb. Artıq bu sistemlə tərcümə, təhlil və statistika əsaslı kontent istehsal etmək mümkündür. Bunun medianın gələcək modeli üçün hansı nəticələr doğuracağını zaman göstərəcək”, - o deyib.
Vüsalə Mahirqızı hesab edir ki, sosial şəbələr xəbəri daha operativ çatdırsa da etibarlılıq baxımından media öz gücünü qoruya bilib.
“Dünyada baş verən son müharibələr zamanı yayılan fake xəbərlərin çoxu məhz sosial şəbəkələrdə yer alıb. Hesab edirəm ki, dövlət qurumları baş verən hadisələrlə bağlı operativ xəbər verməklə sosial şəbəkələrdə yayımlanan saxta xəbərlərin qarşısını daha çox ala bilər”, - media rəhbəri qeyd edib.
“Trend” və “Report” APA-nın əsas rəqibləridir.
“Biz sağlam rəqabəti hər zaman dəstəkləyirik. "Trend" və "Report" agentlikləri əsas rəqiblərimizdir. Onların rəhbərləri ilə şəxsi dostluğumuz da var. Rəqabətimiz sağlam mühitdə və qarşılıqlı hörmət şəraitində gedir. "AZƏRTAC" və "AzTV" – ilə rəqabət aparmağı isə doğru hesab etmirik. Onların statusu fərqlidir. Hesab edirəm ki, onlar da bizimlə rəqabət aparmamalıdır", - o bildirib.
Azərbaycan mediasının uğurlarından biri ölkədə informasiya məkanının idarəsinin heç vaxt xarici media qurumlarının əlinə verilməməsi ilə bağlıdır…
“Azərbaycan media məkanında yerli informasiya agentlikləri tarixən dominant rol oynayıb və ictimaiyyətin əsas məlumat mənbəyi olaraq qalır. Bizim medianın əsas nailiyyətlərindən biri ondan ibarətdir ki, ölkədə informasiya məkanında üstünlüyü heç vaxt xarici media qurumlarının, onların yerli fiallarına uduzmamışıq. Yerli ictimaiyyət xəbərləri Azərbaycan KİV-lərindən əldə edib və xarici informasiya resursları ölkə daxilində heç vaxt aparıcı mövqe tuta bilməyib. Əksinə, onlar çox zaman bizim mediaya istinad ediblər,” – media rəhbəri əlavə edib.
Vüsalə Mahirqızı hesab edir ki, xarici mediaların ölkədə müxbir postları olması normaldır. Amma onların ölkə ərazisində media strukturu qurması yanlış davranışdır.
“Məsələn, Azadlıq Radiosu və ya Sputnik Azərbaycan hansı ölkənin mediasıdırsa, təbii ki, həmin ölkənin siyasətini və informasiya təbliğatını burda həyata keçirəcək. Maaşını aldığı ölkənin siyasi mövqeyini gətirib Azərbaycan cəmiyyətinə ötürməsı qəbuledilməzdi. Burda xarici media qurumunun müxbirlə təmsilçiliyi fərqli məsələdir, amma eyni xəbər siyasətini həyata keçirən yerli redaksiya qurub, daxili ictimai rəy üçün işləmək tamam fərqli məsələdir. Mən əvvəldən bu yanaşmanın əleyhinə olmuşam və yaxşı ki, son aylarda bu öz həllini tapıb”, - o qeyd edib.
Beynəxalq təşkilatların Azərbaycan mətbuatının azadlığı ilə bağlı yaydığı reytinqlər qərəzlidir.
“Azərbaycan mediasının azadlıq reytinqini müəyyən edən təşkilatların çoxu heç mənimlə görüşməyib. Halbuki mən bu ölkədə ən böyük media qurumlarından birinin rəhbəriyəm. Bizi dinləmədən obyektiv hesabat hazırlamaq mümkün deyil. Bəzi beynəlxalq media təşkilatları yalnız müəyyən şəxslərlə əməkdaşlıq edir, onların konkret və dəyişməz rəy indikatorları var. Bu isə qərəzli hesabatların ortaya çıxmasına səbəb olur. Hansısa təşkilat Azərbaycan mediası ilə bağlı hesabat hazırlayır, orda mənim və ya bu qurumdan kiminsə rəyi öyrənilmirsə, onların rəyini obyektiv hesab etmərəm”, – o yekunlaşdırıb.
“Media haqqında qanun” qrant alətinə çevrilməməlidir...
Media rəhbəri bildirib ki, bəzən yerli və xarici aktyorlar media qanunvericiliyindəki boşluqlardan qrant almaq üçün istifadə edirlər.
“Media haqqında" qanunun müzakirə edildiyi tədbirdə iştirakçılardan biri publik dedi ki, sizin qanunda düzəltmədiyiniz hər bənd mənə qrant almaq üçün mövzu verir. Bu, qərəzli münasibətin göstəricisidir,” – o qeyd edib.
"APA" Holdinqin rəhbəri jurnalistlərə azadlıq istəyir...
“Dünyada baş verən müharibələr və siyasi gərginliklər nəticəsində jurnalistlər həyatlarını itirdi, həbs olundu. Təəssüf ki, belə hallar Azərbaycanda da müşahidə olunur. Ümumiyyətlə, heç kimin – o cümlədən jurnalistlərin – azadlıqdan məhrum edilməsini istəmirəm.Əgər şəxs ağır cinayət törətməyibsə, onun həbsdə olması mənim üçün qəbuledilməzdir”, - o bildirib.
Mahirqızı deyir ki, son aylar həbs olunan jurnalistlərin çoxunu şəxsən tanımırmış...
““Onların bir çoxu gənc jurnalistlərdir. Açığı, onlardan bəzilərinin adlarını həbsləri vaxtı eşitdim. Aralarında yaxşı tanıdığım hüquqşünas və media eksperti Ələsgər Məmmədli, jurnalistlər Əziz Orucov, Aynur Elgünəş, Natiq Cavadlı, Şəmşad Ağa da var. Əlbəttə, onların hamısının azadlıqda olmalarını arzu edirəm. Əziz Orucovun fəaliyyəti ilə əsasən Vətən Müharibəsi dövründə tanış olmuşam. Onunla şəxsi dostluq münasibəti olmasa da, fəaliyyətini izləmişəm. Əzizin həbsi ilə bağlı detalları bilmirəm, istintaq materialları barədə məlumatım yoxdur. Amma yenə də düşünürəm ki, bu məsələdə bir anlaşılmazlıq ola bilər. Onun Vətən Müharibəsi dövründə gördüyü işlər çox yaxşı idi”, - Mahirqızı deyib.
Reklam bazarı zəifdir, lakin tənzimlənməyə doğru gedir , mediaya dövlət dəstəyi vacibdir...
"APA" Media Qrupunun rəhbəri hesab edir ki, Azərbaycanda media sektoru əsasən dövlət və məmur resursları hesabına maliyyələşir. Bununla yanaşı o, reklam bazarının zəif olmasına baxmayaraq, son illər müsbət tendensiyaların müşahidə olunduğunu da bildirib.
“Deyə bilmərəm ki reklam gəlirlərimiz azdır. Amma ümumi mənzərə zəifdir. Bunun əsas səbəbi media qurumlarının sayının bazar tələblərindən çox olmasıdır. 10 milyon əhalisi olan bir ölkədə 25 lisenziyalı televiziyanın fəaliyyəti, 200-dən çox qeydiyyatdan keçmiş xəbər saytı, radiolar, sosial media platformaları və minlərlə bloggerin olması bu sahədə kəskin rəqabət yaradır. İndiki vəziyyətdə dövlət dəstəyi zəruridir. Hətta bu dəstək artırılsa yaxşı olar. Çünki sosial media artıq əsas informasiya mənbəyinə çevrilib və bu, media üçün ciddi təhdiddir”, - o qeyd edib.
Mediaların birləşməsi qaçılmazdır…
“Gələcəkdə media orqanlarının birləşməsi qaçılmazdır. Bu ağıllı addım olar. İki-üç orta səviyyəli sayt əvəzinə bir böyük, nüfuzlu media platforması yaratmaq daha səmərəlidir,” – o bildirib.
Print medianın artıq aktuallığını itirdiyini deyən Mahirqızı qəzetlərin saytlara inteqrasiyasını real proses olduğunu qeyd edib.
Xəbərin silinməsi bizim də yaralı yerimizdir.
“Xəbərin silinməsi məsələsi bizim də yaralı yerimizdir. Əgər xəbər qeyri-dəqiqdirsə və bu nadir hallarda baş verir, biz onu silirik. Əksər hallarda ilkin xəbəri yayırıq, sonra proses irəlilədikcə məlumatlar yenilənir. Bəzən isə istisna hallar olur. Məsələn, bir insanın şəxsi həyatına ciddi təsir edən reportajlarda, onun razılığı və həyatı nəzərə alınaraq xəbəri silməyə məcbur qaldığımız hal olub. Burda məcburiyyət sırf şəxsin gələcək həyatı ilə bağlı olub,” – o bildirib.
Məmurların təzyiqinə boyun əymirik
Media rəhbəri vurğulayıb ki, bəzi hallarda vəzifəli şəxslər haqqında yayılan məhkəmə xəbərlərinin silinməsi ilə bağlı xahişlər daxil olsa da sayt onları silmir.
“Bir neçə dəfə məmurlar özləri ilə bağlı məlumatların silinməsini istəyiblər, amma biz bunu etməmişik,” – o əlavə edib.
Təkzibi xəbəri verən media dərc etməlidir, digərləri yox...
"Bir media qurumunun verdiyi xəbərin təkzibi yayıldıqda, digər bütün media qurumlarının bu təkzibi dərc etməsi düzgün yanaşma deyil. Təkzib məsələləri konkret olmalıdır – kim veribsə, o da təkzib etməlidir. Bütün media üçün ümumi məsuliyyət yaradılması doğru deyil. Ümumilikdə isə xəbər silinməsi praktikası məhdudlaşdırılmalıdır,” – o fikrini yekunlaşdırıb.
Mətbuat xidmətlərinin media ilə fəaliyyətində müsbət irəliləyişlər var…
“Bu məsələdə bəlkə də obyektiv cavab verə bilmərəm. APA ölkənin əsas informasiya agentliklərindən biridir və bizə münasibət bəlkə də, digər media qurumlarına nisbətən fərqlidir. Amma ümumilikdə, son 3-4 ildə mətbuat xidmətlərinin böhran kommunikasiyasında peşəkar davrandığını müşahidə edirik. Mətbuat xidmətləri əvvəlki illərdə “bu xəbəri vermək məsləhət deyil” kimi cavablar verirdilər. Bu ən sevmədiyim ifadə idi. Hər zaman əməkdaşlarımıza deyirəm ki, biz məsləhət yox, məlumat istəyirik. Cavab verməsələr belə, xəbər dəqiqdirsə, biz balans üçün "cavab verilmədi" yazırıq. Amma son vaxtlar sorğuların böyük əksəriyyəti cavablandırılır,” – Mahirqızı əlavə edib.
Fərdi sorğulara əksər hallarda cavab verilmir...
“Mətbuat xidmətləri xəbər reaksiyalarında daha çevik və operativ yanaşsalar da, fərdi sorğulara kollektiv cavabların verilməsi problemi qalır. Bəzən bir jurnalist sorğu göndərir, amma cavab bütün redaksiyalara göndərilir. Bu, düzgün yanaşma deyil və dəyişməlidir. Mövzunun müəllifinə hörmət edilməlidir”, – Mahirqızı vurğulayıb.
Vüsalə Mahirqızı iddia edir ki, bütün jurnalistlərin tədbirlərə buraxılmaması praktikası dünyada da var…
"Bütün jurnalistlər keçirilən tədbirlərə dəvət almalıdır deyə bir yanaşma olmamalıdır. Mənim bu məsələ ilə bağlı fikrim, bəlkə də, bəzi həmkarlarımın narazılığına səbəb olacaq. Amma reallıq budur ki, müəyyən tədbirlərə yalnız ixtisaslaşmış media qurumları, xüsusilə informasiya agentlikləri dəvət oluna bilər. Bu, yalnız Azərbaycana xas deyil. ABŞ və Böyük Britaniya kimi ölkələrdə də minlərlə media qurumu mövcuddur, lakin onların hamısı Dövlət Departamenti və ya baş nazirin brifinqlərinə buraxılmır. Bu, dünyada qəbul olunan standartdır", – o vurğulayıb.
Xəbər portalları xəbər istehsal edə bilərmi?..
“Sayt klassik qəzetin elektron formasıdır. Onun fəlsəfəsində gündəlik xəbər istehsalı, saniyə ilə xəbər yaymaq dayanmayıb. Saytlar daha çox təhlil yönümlü və araşdırma xarakterli kontent, reportal, müsahibə təqdim etməlidir. Saytların fəaliyyət istiqamətlərindən biri də agentlik xəbərlərinin kontekstini genişləndirmək, həmin məlumatlara ekspert rəyləri və statistik təhlillər əlavə etmək olmalıdır. Bu həm saytlar, həm televiziyalar, həm də qəzetlər üçün keçərlidir", - o vurğulayıb.
20 özəl xəbər tələbi mənim üçün qəbuledilməz idi…
““Media haqqında” qanunda müəyyən edilən gündəlik 20 özəl xəbər istehsalı tələbi ilə əvvəldən razı olmamışam, lakin qanuna uyğun olaraq bu norma yerinə yetirilir. Qanunu hazırlayanların arqumenti ondan ibarət idi ki, bəzi saytlar yalnız agentlik xəbərlərini olduğu kimi kopyalayır, heç bir əlavə dəyər qatmadan yayımlayır. Bu isə media sahəsində sui-istifadə hallarına yol açır", – o izah edib.
Vüsalə Mahirqızı Associated Press (AP) agentliyinin modelini bəyənir.
“AP modeli bizim üçün hər zaman nümunə olub . Bu agentlik xəbəri gec, amma dəqiq verir. Uzun müddət biz də bu prinsiplə çalışmışıq. Müasir informasiya mühitində operativlik ön plana keçdiyindən, klassik modelin bəzi elementlərindən imtina etmək məcburiyyətində qaldıq”, - o əlavə edib.
Mahirqızı hesab edir ki, beynəlxalq mediada ermənilərin daha çox təmsil olunması təhlükəli deyil...
Xarici media platformalarında erməni müxbirlərin çox olması xəbər siyasətinə təsir etmir. Çünki bu siyasəti müxbirlər deyil, həmin qurumlara maliyyə dəstəyi verən mərkəzlər və media rəhbərləri müəyyən edir . Əgər erməni mediası, jurnalistləri bu qədər güclü nüfuzetmə qabiliyyətinə malikdirlərsə, niyə Ermənistanda milli səviyyədə tanınan böyük agentlik yoxdur? Bu gün belə "Sputnik Ermənistan" əsas istinad mənbəyi olaraq qalır”, - o deyib.
Mahirqızı həmçinin qeyd edib ki, dünyanın aparıcı universitetlərində azərbaycanlı müəllim və jurnalistlərin sayının artması ölkənin informasiyaya təsir gücünü artıracaq.
“Bir müəllimin strateji təsiri bəzən jurnalistdən daha çox olur”, - o əlavə edib.
Jurnalistlərə sosial dəstək və ipoteka güzəştləri genişlənməlidir...
“Jurnalistlərin əməkhaqqı səviyyəsi çox vaxt onların ipoteka şərtlərinə uyğun gəlmir. Bu məsələ ictimaiyyət arasında bəzən suallar doğursa da, jurnalistin dəstəyə ehtiyac var. Çünki o, ictimai informasiya axınının əsas daşıyıcısıdır. Media Reyestrinə daxil olan jurnalistlərin müəyyən güzəştlərdən yararlanması doğru addımdır. Ən azı jurnalistlərin rəsmi şəkildə işə götürülməsi, müqavilələrin bağlanması və maaşların minimum əməkhaqqından yuxarı olması təmin olunmalıdır ki, onlar ipoteka imkanlarından yararlana bilsinlə”, - o əlavə edib.
Mahirqızı jurnalistlər üçün nəqliyyat və səhiyyə sahəsində əlavə güzəştlərin də tətbiqinə ehtiyac olduğunu qeyd edib.
Gülnar Nazimqızı
Aytac Zeynalova