BAKI, TurkicWorld
ABŞ Senatında azlıqların lideri, demokrat Çak Şumer prezident Donald Trampa çağırış edərək, müdafiə naziri Pit Heqseti vəzifədən uzaqlaşdırmağı tələb edib.
TurkicWorld xəbər verir ki, Şumer bu çağırışı Ukraynaya silah yardımının dayandırılması qərarında Heqsetin mümkün rolunu əsas göstərərək səsləndirib.
Şumer X platformasında CNN-ə istinadən yayımlanan “Heqset Ağ Evə məlumat vermədən Ukraynaya silah göndərilməsini dayandırmaq qərarına gəldi” başlıqlı xəbəri paylaşaraq, müdafiə nazirini “utanc və yük” adlandırıb. “Tramp onu vəzifədən uzaqlaşdırmalı və yerinə yeni müdafiə naziri təyin etməlidir”. - deyə O bildirib.
Qeyd edək ki, Ağ Evin mətbuat katibinin müavini Anna Kelli iyulun 2-də Pentaqonun xarici hərbi yardımların yenidən qiymətləndirilməsi prosesinə başladığını açıqlamışdı. Kelli bu qərarın ABŞ maraqlarının ön planda tutulması məqsədi daşıdığını bildirmişdi.
Həmçinin, İyulun 7-də ABŞ prezidenti Donald Tramp Ukraynaya silah göndərilməsinə dair bəyanatında “Daha çox silah göndərəcəyik. Məcburuq; özlərini müdafiə etməyi bacarmalıdırlar. Çox ağır hücuma məruz qalırlar”, – deyə vurğulamışdı.