Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan"la qarşılaşacaq Yunanıstan "Aris"i "Selta"nın futbolçusu Karles Peresi icarəyə götürüb.
Sportinfo.az Saloniki təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı sağ cinah yarımmüdafiəçisi sonradan birdəfəlik alınması hüququ ilə transfer edilib.
İspaniyalı futbolçu hələ 14 yaşında "Barselona"nın yeniyetmələrdən ibarət komandasına qoşulub. O, 2019/2020 mövsümündə Kataloniya klubunun əsas komandasına düşüb, 13 oyunda 2 qol, 3 məhsuldar ötürmə müəllifi olub.
Daha sonra Peres İtaliya "Roma"sına yarım illik icarəyə verilib. Paytaxt təmsilçisi sonradan 13 milyon avro ödəyərək, onu əldə edib.
"Roma"da 2 mövsüm ərzində 76 oyun keçirən Peres 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Daha sonra isə o, "Selta"ya 1 mövsümlük icarəyə verilib. Daha sonra Viqo klubu onu 5,2 milyon avroya əldə edib.
Ardından isə futbolçu "Xetafe"yə icarə əsasında keçib.
"Araz-Naxçıvan" "Aris"lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.