Salam olsun, çox dəyərli oxucum! 18 sentyabr 2025-ci ildə Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 ili tamam olur. Prezident İlham Əliyevin dahi bəstəkarın 140 illik yubileyinin keçirilməsinə dair imzaladığı Sərəncamda bütün digər fəaliyyətlərilə yanaşı: "Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır. Üzeyir Hacıbəyli eyni zamanda parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir". - deyə onun böyük ədib olduğu xüsusi vuğulanır.
Məlum Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Bütün bunlar hamısı öz yerində. Mən də bir qələm adamı olaraq, qiyabi də olsa daim özümə ustad saydığım Əbdürrəhim bəy Haqverdiyev, Əliqulu Qəmküsar kimi ustadların sırasında Üzeyir Hacıbəylini də gördüyümə görə onun xatirəsini anmaq, eyni zamanda öz zamanınında aktual bilib müxtəlif vasitələrlə münasibət bildirdiyi məsələlərə təxminən 100 il sonra bir daha onun gözü ilə baxmaq cəhdi kimi bu silsilə yazıları yazmaq qərarına gəldim. Mövzu ilə bağlı birinci yazımda mənim üçün Azərbaycanın ən görkəmli ədiblərindən biri olan Üzeyir Hacıbəylinin miniatürləri. səhnəcikləri, satirik hekayələri, komediyaları, felyetonları, resenziyaları, məqalə və məktubları barədə ümumi məlumat verib, bu silsilə yazılarımda yazar kimi tədim edəcəyim böyük sənətkarın yuxarıda sadaladığım müxtəlif janırlarda olan əsərlərindən nümunələr təqdim edəcəm.
Konkret nümunələrə keçməzdən əvvəl vurğulamaq istəyirəm ki, sözün həqiqi mənasında Üzeyir Hacıbəyli dühasının məhsulları bütün dövrlərdə zamanın fövqündə dayanmışdır.
Gəlin, ən adisindən başlayaq. Böyük ədibin "Bizim adi söhbətimiz" adlı miniatürü belə başlayır:
"-Salaməleyküm.
-Əleykəssalam.
-Məşədi Həsən, mən necə eləyim? Axı o köpək oğlunun balası gəlib çıxmadı.
-Mən nə qayırım, balam. İt oğluna min kərə dedim ki, ədə, tez gəl.
-Gör, sən allah, saqqallı kişini qoduğun birisi ələ salıbdır."
İstiqaməti dəyişmədən ədibin səhnəciklərinə də müraciət edə bilərik. Üzeyir Hacıbəylinin "Öz məişətimizdən bir dram" adlandırdığı səhnəcik (Əvvəlinci məclis - İki uşaq) əsəri belə başlayır:
"Hümmətəli. Ədə, Həsən bəy, gəl mazı-mazı oynayaq.
Həsən bəy. Nədən oynayaq?
Hümmətəli. Lopuxdan oynayaq, hərgah mən udsam, sənə dörd lopux vurum, hərgah sən udsan, mənə üç lopux vur."
Növbəti yazılarımda bunların hamısına ayrı-ayrılıqda toxunub, haqqında geniş söhbət açacağıq. Hələlik isə sizə bir sadə sual verimək istəyirəm. Haliyədə - iyul 2025-ci ildə, məktəbdə, xəstəxanda, polis idarəsində, qəbiristanlıqda, ... lap elə küçədə qəfildən uzun illərdən bəri görmədiyimiz bir dostumuzla görüşdükdə necə danışırıq? Hansı kəlmələrdən istifadə edirik? Ümumiyyətlə özümüzə - sözümüzə fikir veririkmi?
Üzeyr Hacıbəylinin "Yevlax - Şuşa yolu" adlı bir satirik hekayəsi var. Tam səmimi deyirəm. Sanki axşam oturub hal-hazırda ölkəmizin paytaxtı Bakı şəhərində yerləşən beynəlxalq avtovağzal da daxil olmaqla, digər bütün bölgələrin müvafiq məntəqələrində və mərkəzlərində, əsas min-düş olan yerlərində olan vəziyyəti göz önünə gətirib qələmə alıblar.
"Bir qədər qəzetçilik dərsi" adlı felyetona nəzər salaq:
"Müəllim. Qəzetə hər bir şey yazmaq olarmı?
Şagirdlər. Xeyr, olmaz!
Müəllim. Necə olmaz? Bəs qəzetin başında "Hürriyyət" yazılıbdır?
Şagirdlər. Doğrudur, hürriyyət yazılıbdır, amma hürriyyət ondan ötrü yazılmayıbdır ki, hər kəsin ağlına nə gəlsə, götürüb qəzetə vurdursun.
Müəllim. Çünki o halda qəzet nə olar?
Şagirdlər. O halda qəzet zibil səbəti olar."
Növbəti yazıların birini komediyalara həsr etdikdə "O olmasın, bu olsun" və "Arşın mal alan" haqqında haqqında ətraflı danışacağıq. Hələlik bu giriş yazımda böyük sənətkarın "Ər və arvad" komediyasından kiçik bir parçanı diqqətinizə təqdim edirəm:
"Minnət xanım. Gülpəri, mənim ərim istəyir ki, məni iki min beş yüz manata satsın.
Gülpəri. Bo, allah o cür ərin başına daş salsın.
Minnət xanım. Qarğış eləmə, təqsir ərimdə deyil.
Gülpəri. Bəs kimdədir?
Minnət xanım. Təqsir ərimin başındadır ki, içində beyin yoxdur.
Gülpəri. Bəs mən də deyirəm ki, başına daş salsın, özünə ki, demirəm."
""Ər və arvad" komediyasında Üzeyir Hacıbəyov həyatı yaxşı müşahidə etdiyini, canlı ictimai tiplər yarada bildiyini, yığcam və dinamik süjet qurmağı bacardığını və şirin, məlahətli, ifadəli xalq dilinə yiyələndiyini sübut etdi. Bu ilk Azərbaycan musiqili komediyasında iştirak edənlərin çoxu fərdi xüsusiyyətləri, mənliyi, olan canlı ictimai tip dərəcəsinə qaldırılmışdır." - bu dəyərli fikirləri 1985-ci ildə Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik edərkən akademik Mirzə İbrahimov Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyi münasibətilə çapa hazırlanan redaktoru olduğu "Üzeyir Hacıbəyov" (seçilmiş əsərləri) kitabına yazdığı müqəddimədə qeyd etmişdir. O daha sonra yazır: "Komediya maraqla oxunur, köhnəliyin bir sıra qalıqları ilə mübarizədə bu gün də (1985-ci ilin bu günləri. Z.U) əhəmiyyətini itirməmişdir."
İyul 2025-ci il. Bəs siz necə düşünürsünz? İndi necə öz halalca arvadlarını "həci"lərin, "məllim"lərin yanınına aparıb, öz əlləri ilə işə qoyub: - "hər şeyi sənin, maaşı mənim" - deyən "ər"lər yoxdur!?
HAŞİYƏ. Şəxsən mən Zaur Ustac öz qələm yoldaşlarımın xoşuma gələn əsərləri barədə ilk yazılarımı yazanda çox çətinliklərlə üzləşmişəm. Məni narahat edən məsələ sadə və vacib idi. Bu yazı necə olmalıdır? Necə olsa daha yaxşı olar? Hətta mən bu barədə tanınmış ədəbiyyatşünaslara, tənqidçilərə də müraciət edib nümunə istədiyim vaxtlar da olub. Elə bu yazımda tam səmimi etiraf edim ki, ən azı 5-6 nəfər salaməleykümüm olan şəxslərdən heç kim mənə bicə dənə də olsun nümunə göndərmədi.
Belə haşiyəyə çıxmaqda məqsədim resenziyalara həmişə son dərəcə ciddi yanaşdığımı göstərməkdir. Kiminsə gördüyü iş barədə fikir bildirmək hər hansı bir müəllif əsəri ortaya qoymaqdan daha məsuliyyətlidir. İlk vaxtlar mən çoxlu əcnəbi müəlliflərin resenziyalarını oxumaqla kifayətlənmişdim. Sonralar daha çox bu qəbildən yazılarla tanış olduqdan sonra məndə (subyektiv olaraq) belə fikir yarandı ki, əgər gələcəkdə kimsə, nə vaxtsa mənim kimi belə bir nümunə axtarışına çıxsa, Üzeyir Hacıbəylinin resenziyaları nümunə hesab oluna bilər.
Üzeyir Hacıbəylinin məqalələri haqqında da fikrimi akademik Mirzə İbrahimovun artıq bir dəfə yuxarıda qeyd etdiyim mənbədə (yazıda) yer almış cümlələri ilə diqqətinizə çatdırmaq və bunula da Üzeyir Hacıbəylinin 140 illiyinə həsr etdiyim silsilə yazılardan ilkini - özündə gəlcək yazılar barədə ümumi istiqamətləri ehtiva edən giriş yazısını - "birinci yazı"mı bitirmək istəyirəm: "Üzeyir Hacıbəyov o cür xoşbəxt sənətkarlardan və ictimai xadimlərdəndir ki, zaman keçdikcə böyüklüyü, fəaliyyətinin mütərəqqi və humanist mənası daha parlaq şəkildə gözə dəyməkdədir. Onun zəngin iris indi də diqqəti cəlb edir və mündəricə genişliyi, dərin mənası ilə bizi heyran buraxır. Bu zəngin mədəni irsin əhəmiyyətli bir hissəsini publisistika təşkil edir."
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Növbəti sayımızda "İkinci yazı"nı oxumağı unutmayın.
Zaur Ustac,
"Yazarlar" jurnalının baş redaktoru,
AYB və AJB-nin üzvü.