AZ

Sürücüyə pul yığan komissar

Ölkəmizdə qanun qarşısında hər kəs bərabərdir, hətta bəziləri, dahi klassik demişkən, “daha çox bərabərdir”.  Məsələn, Tolik isimli aparıcı məhbus ailələrini təhqir eləmişdi. Həmin ailələr məhkəməyə üz tutdular. Lakin məhkəmə bu şikayətə ümumiyyətlə baxmadı. Həmçinin iclas qapalı keçirilmişdir. Yəqin Tolikin nəsə hərbi sirrləri vardır. Bəlkə də o, bizim gizli silahlarımızdan biridir. Lazım olanda harasa atacaqlar, düşmən qoxudan..., üzr istəyirəm, qorxudan baş götürüb qaçacaqdır. Bunu havadan yazmıram. Tolik əvvəl müddətdən artıq xidmət keçən əsgərləri (MAXE) də təhqir eləmişdi. Gördüyümüz kimi, onun statusunda nəsə hərbi xarakterli bir şey vardır.

Yoxsa biz ədalət məhkəməsinin qərarlarına niyə şübhə ilə yanaşmalıyıq? Belə şübhələrə əsas ola bilməz. Üstəlik, qarşıdan təntənəli bayram - jurnalistikamızın 150 illiyi gələrkən aparıcını cəzalandırmaq olardımı? Olmazdı. Bizdə jurnalistika 4-cü hakimiyyətdir. Hərçənd 1-ci ilə 4-cü arasında hansı hakimiyyətlər var, hələlik bunu bilmirik. Axtarırıq, tapan kimi sizə də xəbər verəcəyəm.

Doğrudur, Toliki məhkəməyə verənlərin bəziləri elə məhbus jurnalistlərin valideynləri idi. Ancaq hamını tutmaq da olmaz. Ən azı Tolik azadlıqda olmalıdır. Çünki camaat belə jurnalistlərə baxanda peşəmizə rəğbətlə yanaşır. Necə deyərlər, “təşəkkür edirəm, səni görəndən sonra atamın mənə oğul olaraq hörməti artdı”.

Ta mövzuya batmışıq, bir müşahidəmi bölüşmək istərdim. Düşünürəm əlaqədar orqanlar da bununla maraqlanmalıdır. Bu yaxınlarda xəbər lentində bir aparıcının uşağının olması yazıldı. Ancaq uşağın anası məlum deyilmiş. Qəribədir, biz uşağın adətən atasının bilinmədiyi hallarla rastlaşmışıq, indiki halda cocuğun anası naməlum idi. Olsun, ailə sirlərinə qarışmağa heç kəsin ixtiyarı yoxdur. Sadəcə, belə situasiyalarda uşağın mənşəyi, haradan, hansı üsullarla əldə edilməsi dövlət tərəfindən araşdırılsa yaxşı olar. Atalı-atalı böyüsün, amin.

Bərabərhüquqlu vətəndaşlıqdan bəhs edirdik. Həm yollarımız bərabərsürətli, özü də düz bərabərsürətli hərəkət edən maşınlarla doludur, həm də cəmiyyət bərabərhüquqlu insanlarla. Rusiyada təzəlikcə nazir intihar eləmişdi. Rus saytları yazdılar ki, nazir intihar edəndən bir gün sonra onun iclas keçirdiyi xəbəri paylaşılıb. Bu da onlara müəmmalı gəlib. Guya çox qəribə haldır. Mənim yadıma dərhal musiqi müəllimlərimizin attestasiyası düşdü. Orada bəzi müəllimlər Üzeyir Hacıbəylinin hələ də sağ olduğu cavabını verirmiş. Yaxud dəfələrlə rəhmətliklər seçkidə səs veriblər. Düzü, bu misalın bərabərhüquqluluq mövzusuna dəxli yox idi, ancaq qorxdum sonra yadımdan çıxar, yazdım getdi. Siz də dəxli varmış kimi oxuyun, nə olasıdı, hamımız bir-birimizi yola verməliyik. Hamımız azərbaycanlıyıq.

Naxçıvanda yerli Səfərbərlik və Hərbi Çağırış Dövlət Xidmətinin keçmiş rəisi Mirzə Cəlilova cinayət işi açılıb. Mirzə müəllim rəsi işlədiyi 3 ildə 2 milyon 464 min manat rüşvət alıb, xeyli gəncin əsgərlikdən yayınmasına yardım edib. İki milyon yarımı adambaşına bölsək, belə çıxır Mirzə müəllimin əməyi sayəsində 3 il Naxçıvandan ümumiyyətlə əsgər gedən olmayıb. Naxçıvanlı klassikin əsərindəki kimi: “Bizdə oğlan uşağı yoxdur, ağa nəçənnik”. Ancaq diqqətimi çəkən bu deyil. Mirzə müəllim müstəntiqə deyib ki, yığdığı pulları Vasif Talıbovun oğlunun sürücüsünə təhvil verib.

Nə gözəl... Baş vayenkom pulu toplayıb adi sürücüyə verirmiş. Sonra bəziləri mırıldanır ki, guya ölkəmizdə korrupsiya ilə yalnız məmurlar, dövlət qulluqçuları məşğul olur. Elə deyil. Hamıya qazanmağa imkan verilir. Sürücülər də alır, nazirlər də. Hətta elə cangüdən var, nazirdən qat-qat hörmətlidir. Bu isə ölkəmizdə sadə peşə sahiblərinin əməyinə qoyulan qiyməti xarakterizə edir.

Seçilən
13
musavat.com

1Mənbələr