AZ

Çinin Sian Limanında ilk dəfə ADY-nin nümayəndəsi təyin edildi və konteyner meydançası açıldı

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə Çinin “Xi'an Free Trade Port Construction and Operation Co., Ltd.” şirkəti (Sian Limanı) arasında Anlaşma Memorandumu imzalanıb.

Publika.az xəbər verir ki, ADY nümayəndə heyətinin Çinə işgüzar səfəri çərçivəsində imzalanmış sənədə əsasən, ADY-nin Sian Limanında nümayəndəsi təyin edilib və konteyner meydançası açılıb.

Tərəflər bu sənədlə dəmir yolu nəqliyyatı və tranzit sahəsində, eləcə də rəqəmsal layihələrin icrası istiqamətində yeni əməkdaşlıq istiqamətlərini müəyyən ediblər.

ADY sədri Rövşən Rüstəmov Sian şəhərinin meri Ye Niu Pin və Sian Limanının rəsmiləri ilə görüşdə Azərbaycan və Çin arasında tranzit daşımaları və Orta Dəhlizin inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsinin artıq günün tələbinə çevrildiyini, Prezident İlham Əliyevin bu ilin aprelində Çinə səfərinin və bu səfər çərçivəsində hərtərəfli strateji əlaqələrin inkişafı üçün imzalanmış birgə sənədin “Kəmər və Yol Təşəbbüsü” çərçivəsində birgə fəaliyyətə mühüm töhfə verdiyini qeyd edib.

ADY sədri son dövrdə Azərbaycan Dəmir Yolları və Sian Limanının rəhbərlikləri arasında baş tutmuş görüşləri xatırladaraq danışıqların artıq nəticə verdiyini və ortaq təşəbbüslərin icrasına başlanıldığını bildirib.

Rövşən Rüstəmov Anlaşma Memorandumunun imzalanmasını, bu sənəd çərçivəsində Sian Limanında ADY nümayəndəsinin təyin edilməsini və illik yükaşırma gücü 20 000 TEU olan konteyner meydançasının açılmasını, ADY nümayəndələrinin sürətli məlumat mübadiləsi üçün Sian Limanının əməliyyat sisteminə girişlə təmin edilməsini Orta Dəhlizin imkanlarının genişləndirilməsi və bu dəhlizlə yük axınlarının artırılması üzrə əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm addım adlandırıb.

ADY sədri həmçinin çinli tərəfdaşlara Bakı Beynəlxalq Dəniz Limanı barədə geniş məlumat verib. Qeyd olunub ki, Asiya və Avropa arasında yük axınının təmin edilməsində mühüm rol oynayan Bakı Beynəlxalq Dəniz Limanı bu yaxınlarda rəsmi olaraq ADY-nin strukturuna inteqrasiya edib və bu addım liman-dəmiryol əməliyyatlarının daha səmərəli koordinasiyasına, kompleks və optimallaşdırılmış logistika xidmətləri təqdim etməyə imkan verir.

Seçilən
37
26
publika.az

10Mənbələr