AZ

Əziz Əliyev zamanın özünün heykəlləşdirdiyi ölməz şəxsiyyətdir

Xalq qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Onun abidəsini isə indiki nəsillər ucaltmalıdır

Hörmətli redaksiya, ölkənin anadilli mətbuatının ən qocaman və bayraqdar nəşri olan “Xalq qəzeti”nin 10 aprel 2025-ci il tarixli sayında çap olunmuş “Əziz Əliyevin heykəli hardadır?” adlı irihəcmli yazını böyük maraqla oxuyub kollektivimizdə müzakirə etdikdən sonra təəssürat və düşüncələrimizi sizə göndərməyi qərara aldıq.

Qərbi Azərbaycana Qayıdış hərəkatında önəmli istinadgahlardan birinə çevrilən bu qədim türk yurdunun mədəni irsinin fədakarlıqla qorunub yaşadılan, canlı abidəsi olan Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi üçün yurdumuzun bu tarixi bölgəsi ilə bağlı hər şey çox əziz və qiymətlidir. Qeyd olunan yazıda Bakıda abidəsinin ucaldılması ilə bağlı söhbət açılan görkəmli dövlət xadimi və səhiyyə təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyev Qərbi Azərbaycanın xalqımıza bəxş etdiyi dahi simalardan biridir. Yazının müəllifi görkəmli ədib, ictimai xadim və diplomat Hidayət Orucov da Qərbi Azərbaycanda doğulub böyümüş, uzun illər İrəvan əbədi-mədəni mühitində sayılıb-seçilən ziyalılardan biri olub.

Hidayət müəllimi bizim teatrla sıx və qırılmaz əlaqələr bağlayır. O, ötən əsrin 70 – 80-ci illərində Ermənistanda xalqımıza qarşı açıq-gizli xəyanətlərin baş qaldırdığı bir dövrdə İrəvan Dövlət Azərbaycan Dram Teatrına bacarıqla rəhbərlik edib. 1988-ci ildə sonuncu kütləvi deportasiya zamanı teatr da qaçqın vəziyyətə düşəndə qarşımıza çıxan, bizi himayə edən, məskunlaşmağımıza və fəaliyyətimizi davam etdirməyə kömək edənlərdən biri də görkəmli ziyalı, Dövlət müşaviri Hidayət Orucov olub. O, səfir kimi ölkəmizi xarici dövlətlərdə təmsil etdiyi illərdə də teatrla əlaqəsini kəsməyib, yeni əsərləri ilə repertuarımızı zənginləşdirib, problemlərimizin həllinə çalışıb.

Bütün bunları yada salmaqda məqsədimiz odur ki, Qərbi Azərbaycana Qayıdış hərəkatının bizim də tarixi yurdumuza qayıtmaq ümidlərimizə çıraq tutduğu bir dövrdə bu diyarda yaşadılmış milli dəyərlər, yaradılmış mədəni irsin geniş tanıdılması xalqımızın həmin torpaqların köklü sakinləri olduğunun ən mötəbər təsdiqidir. Hidayət müəllim “Burdan min atlı keçdi” etnoqrafik, bədii-publisistik romanını məhz bu bu mərama xidmət edir. Müəllif Qərbi Azərbaycanın ərazilərində at oynadan, qılınc vuran, Vətən uğrunda canından keçən, milli dəyərləri qoruyub saxlayan ata-babalarımızın obrazlarını ədəbiyyata gətirməklə böyük bir missiya həyata keçirib. İrəvan Azərbaycan Teatrının kollektivi də bu dəyəri yüksək qiymətləndirərək dərhal həmin əsər əsasında tamaşalar hazırlayıb.

Qərbi Azərbaycandan ötüb keçmiş minlərlə atlının sırasında görkəmli ziyalılarımız Əziz Əliyev və Hidayət Orucovun simaları daha aydın və iri planda seçilir. Hidayət müəllim bu gün milli təəssübkeşliklə Əziz Əliyev şəxsiyyətinin Qərbi Azərbaycan həqiqətini daha da ucaltmaqda, dünyaya göstərməkdə bu nəhəng şəxshəm mənəvi, həm də maddi heykəlləşməsinə müstəsna önəm verir. Əslində, zaman Əziz Əliyev fenomenini çoxdan əbədiləşdirib, könüllərdə heykəlləşdirib. Bizə, indiki nəsillərə isə bir heykəli müstəqil Azərbaycanın paytaxtında layiqli bir məkanda ucaltmaq qalır.

Əziz Əliyevin xalq, Vətən qarşısındakı xidmətləri hər bir azərbaycanlının yaddaşındadır. Bu nəhəng şəxsiyyət Azərbaycan və Dağıstan xalqlarına, Cənubi Azərbaycandakı soydaşlarımıza vicdanla xidmət göstərib. Hidayət müəllim Əziz Əliyevin haqqında çoxsaylı yazılarında Qərbi Azərbaycanın havası, suyu ilə böyümüş, böyük Azərbaycanı ləyaqətlə təmsil etmiş bu şəxsiyyətin parlaq və dolğun obrazını yaradıb, onu sənətdə heykəlləşdirib. Bu baxımdan onun Əziz Əliyevin heykəlinin qoyulması təklifi ilə çıxış etməsi tamamilə təbiidir.

Bütün bunları nəzərə alaraq, dəyərli soydaşımız, sevimli sənətkarımız Hidayət Orucov "Xalq qəzeti"ndə çap olunmuş "Əziz Əliyevin heykəli hardadır?" yazısı ilə milli iftixarımız olan Əziz Əliyevin Bakı şəhərində abidəsinin ucaldılmasının vacibliyini xatırladıb, bizi zamanın hökmünə qulaq asmağa çağırıb.

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi Azərbaycanın və Dağıstanın görkəmli elm və dövlət xadimi, İkinci Dünya müharibəsində qələbəyə layiqli töhfələr vermis Əziz Əliyevin Bakı şəhərinin ən layiqli yerlərindən birində abidəsinin ucaldılması haqqında Hidayət Orucovun təşəbbüsünü alqışlayır, bu təklifi Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə xatırlatmaqla bir daha dəstəklədiyimizi bildiririk.

İftixar PİRİYEV,İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, sənət ocağının kollektivi ( 27 imza)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
xalqqazeti.az

2Mənbələr