AZ

Silah buraxmaq, yoxsa yeni Kürdüstan oyunu - Bakıdan baxış

Tarixçi ekspert: “Bütün dünyanın qəbul etdiyi iki kürd mərkəzi formalaşıb - bunlardan biri Bərzani ailəsidir, digəri isə həbsdə olan Öcalandır...”

PKK lideri Abdullah Öcalan 26 ildən sonra ilk dəfə yayımlanan videomüraciətində təşkilatı silahlı mübarizəyə son qoymağa çağırıb. 1999-cu ildən İmralı həbsxanasında saxlanılan Öcalan videomesajında PKK-nın artıq milli-dövlət məqsədindən və müharibə strategiyasından əl çəkdiyini bildirib. O, “Sülh və Demokratik Cəmiyyət” proqramı çərçivəsində könüllü silahsızlanmanın və Türkiyə Böyük Millət Məclisinin prosesə rəhbərlik etməsinin vacibliyini vurğulayıb.

MHP lideri Dövlət Baxçalının təşəbbüsü ilə başlanan yeni sülh prosesi çərçivəsində yaxın günlərdə PKK-nın rəsmi silahqoyma mərasimi keçirəcəyi gözlənilir. Öcalan çıxışında həmçinin qeyd edib ki, silahların yerini siyasət və sosial sülh tutmalıdır.

Maraqlıdır ki, Öcalanın müraciətindən saatlar əvvəl  kürd Harki tayfası Bərzani hökumətinin peşmərgə qüvvələri ilə silahlı qarşıdurmaya girib. Kürd mediası xəbər verir ki, Ərbil vilayətinin qərb hissəsində (İraq Kürdüstanı) kürd təhlükəsizlik qüvvələri ilə yerli Hərki qəbiləsinin tərəfdarları arasında şiddətli toqquşmalar baş verib. Hadisələr Xabat rayonunun Karahancir kəndində təhlükəsizlik qüvvələrinin torpaq mülkiyyəti ilə bağlı davam edən mübahisə çərçivəsində qəbilə üzvünü həbs etməyə cəhd etməsindən sonra baş verib. Rəis Xurşid Hərkinin tərəfdarları yolları bağlamaq və təhlükəsizlik qüvvələrinin irəliləməsinə mane olmaq üçün atəş açıb və təkərləri yandıraraq müqavimət göstəriblər.

PKK silahı buraxır, bəs sonra? Ərbildə baş verənlərlə Öcalanın müraciəti arasında hansısa bağlılıq varmı, bu yeni Kürdüstan yaratmaq oyunudurmu?

Akif

 Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, kürd-PKK məsələsi mürəkkəb bir neçə düyünlə əhatə olunub: “Burada bir çox nüanslar var. PKK, bildiyiniz kimi, SSRİ tərəfindən yarandı. Sonradan ictimai qüvvəyə çevrildilər. Ona görə də onlardan istifadə edənlərin sayı artdı. Bu günlərdə PKK-dan istifadə edənlərin sayı daha da çoxalıb. Müxtəlif mərkəzlər, dövlətlər var ki, bu qruplaşmadan istifadə edirlər. Onun üçün də bir mərkəzdən idarə olunmadığı üçün məsələnin bitməsi çətinləşir. Digər tərəfdən, vahid bir toplum deyillər. Onların çox müxtəlif cərəyanları, rəhbərləri var.  Məsələnin digər tərəfi odur ki, PKKyönlü qüvvələr ciddi imkanlara malikdir. Avropanın müxtəlif yerlərində onların çox ciddi biznes imkanları var. İndi məsələ odur ki, o biznesin sahibləri hansı qərarları verəcəklər. Uzun illər ərzində PKK daxilindəki qüvvələr öz qruplaşmalarını formalaşdırıblar. İndi o tayfalar, qəbilələr ümumi qərara tabe olacaqlarmı, bu hələ məlum deyil. Bu tayfaların bir araya gəlməsi həddindən artıq çətindir. Başqa tərəfdən, burada bütün dünyanın qəbul etdiyi iki mərkəz formalaşıb. Bunlardan biri Bərzani ailəsidir, digəri isə həbsdə olan Öcalandır. Onların arasında proses nə cür gedəcək, görəcəyik. Amma görünən odur ki, Bərzani ailəsi nəticəyə nail olub. Yəni Kürdüstanda bir kürd administrasiyası yaradıblar. Dünya da onların bu mövqeyini qəbul edir. Beynəlxalq tədbirlərdə də iştirak edirlər. Türkiyə də onları qəbul edir. Onlar da Türkiyəyə sığınıblar. Öcalan indi həbsdədir, onun nə qədər təsir imkanları qalıb, bu çox böyük bir sual altındadır. Öcalan artıq neçənci dəfədir ki, silahları yerə qoymaqla bağlı müraciət edir. Bunun kökündə nə ola bilər? Bərzani ailəsinin liderliyini bunlar da qəbul edir? Bu az ehtimal olunur. Belə bir şəraitdə Öcalan özünün yeni bir güc mərkəzini yaratma niyyətində də ola bilər. Bunu Bərzani ailəsi qarşısında etməyə çalışa bilər. Bu versiya burada keçərlidir. Burada da şübhəsiz ki, Türkiyə ilə məsləhətləşmə var. Onun müraciətində Türkiyə Böyük Millət Məclisi ilə məsləhətləşmə açıq görünür. Hər iki tərəf istinad kimi Türkiyəni seçirlər. Bu ehtimal realdır ki, Öcalan ikinci dəfə kürd mərkəzi yaratmaq istəyir. Ankara bu proseslərdə fəaldır. Bərzani Administrasiyasının Azərbaycanla da münasibətləri var. Ötən il Azərbaycanda keçirilən ekoloji tədbirlə bağlı böyük forumda onların nümayəndələri də iştirak edirdi. Görünən odur ki, bu proseslərə Türkiyə rəhbərliyi nəzarət edir. Bu məsələyə Almaniya, İsveç nə deyəcək, şahidi olacağıq. Bilirsiniz ki, bir müddət əvvəl Türkiyə İsveçə açıq şəkildə təzyiq etdi ki, orada PKK-nın fəaliyyətini məhdudlaşdırsın. Görünən odur ki, burada öndə olan Türkiyədir və Baxçalının təşəbbüsləri təsadüfi deyil. Ola bilər ki, kürdlərin təşkilatlarının böyük əksəriyyəti Türkiyənin cızdığı xəritə ilə hərəkət etsinlər. Öcalanın müraciətində belə bir cümlə yer alır ki, onlar dövlət yaratmaq niyyətindən geri çəkilirlər. Əgər Öcalan səmimi şəkildə bu məsələni ortaya qoyursa, Türkiyə cəmiyyətinə inteqrasiya yolunu tuturlarsa, qarşıdurmaya getmirlərsə, hərbi qarşıdurmadan çəkinirlərsə, bu onların hərəkatları üçün müsbət perspektivlər vəd edir. Əks halda, onlar oyun oynayırlarsa, güc toplayıb yenidən başlayacaqlarsa, yalnız və yalnız uduzacaqlar. Regionda İsrail və İran kimi dövlətlər kürd kartını oynada bilməzlər. Oynatsalar da tam nəticəyə nail ola bilməyəcəklər”.  

Əhəd

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, politoloq Əhəd Məmmədli Türkiyənin gücünün bir daha özünü göstərdiyinə işarə etdi: “Siyasətdə və ümumilikdə ictimai həyatda əsas meyar reallıqdır. Reallıqlar bəzən insanları mövqelərini və baxışlarını köklü şəkildə dəyişməyə vadar edir. Bu hal bir daha təsdiqləyir ki, siyasətdə reallıqların diktəsi ilə mövqelər dəyişə bilir. Bu reallıqla bu gün PKK da üz-üzədir. Türkiyənin hərbi gücü və regional təsiri təşkilatı geri çəkilməyə məcbur edir. Dövlətlərarası və xalqlararası münasibətlərdə güc başlıca rol oynayır. Məhz bu səbəbdən, PKK artıq öz ideoloji xəttindən və əsas məqsədlərindən tədricən geri çəkilməyə məcbur qalır. Suriyada və İraqda təşkilatın adından imtina halları artmaqdadır, Türkiyənin ərazi bütövlüyünə qarşı iddialar isə zəifləməkdədir. Hazırda bu bölgələrdə fəaliyyət göstərən qurumlar muxtariyyət çərçivəsində varlıqlarını davam etdirməyə razılıq nümayiş etdirirlər. Suriyanın şimalı və İraqın şimalında fəaliyyət göstərən PKK, YPG və PYD kimi kommunist və ateist ideologiyalı siyasi qurumların təsiri minimuma endirilməlidir. Onların əvəzinə İslam dəyərlərinə yaxın, Türkiyə ilə dost münasibətlərə malik olan kürd siyasi təşkilatları ön plana çıxarılmalıdır. Məsələn, İraqda Bərzani rəhbərliyinin Türkiyə ilə qurduğu yaxın münasibətlər nümunə göstərilə bilər. Oradakı idarəetmə strukturları bəzi hallarda Türkiyənin birbaşa dəstəyi ilə fəaliyyət göstərir, hətta əməkhaqları belə Ankara tərəfindən təmin olunur. Bu modelin Suriyada da tətbiqi ola bilər. Türkiyənin siyasi və hərbi təsiri altında olan strukturların bölgədə möhkəmlənməsi həm Türkiyənin milli təhlükəsizlik maraqları, həm də regional sabitliyin təmin olunması baxımından vacib əhəmiyyət kəsb edir. Ankara bu istiqamətdə həm İraqda, həm də Suriyada ardıcıl və məqsədyönlü siyasət yürüdür və artıq bu siyasətin nəticələri müşahidə olunmağa başlanıb”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Seçilən
7
musavat.com

1Mənbələr