“Oxfam” beynəlxalq yardım təşkilatının yeni hesabatına görə, Afrikanın ən zəngin 4 milyarderi qitə əhalisinin yarısına – yəni təxminən 750 milyon nəfərə – məxsus ümumi sərvətdən daha çoxuna sahibdir.
“Afrikada gəlir bərabərsizliyi və super-zənginlərin yüksəlişi” adlı hesabatda qitədə gəlir bərabərsizliyinin daha da dərinləşdiyi vurğulanıb. Qeyd olunur ki, hazırda 460 milyon afrikalı – əhalinin üçdə birindən çoxu – həddindən artıq yoxsulluq səviyyəsində yaşayır.
Nigeriyalı Aliko Danqot, Cənubi afrikalı Yohann Rupert və Niki Oppenhaymer, həmçinin misirli Nassef Sauiris bu 4 nəfərlik siyahıya daxildir. Onların birlikdə toplam 57,4 milyard dollar sərvətə malik olduğu bildirilir – bu isə qitənin yarısına yaxın əhalinin ümumi sərvətindən çoxdur.
“Oxfam” bildirir ki, bu dərəcədə fərqin əsas səbəbi Afrikadakı siyasi iradə çatışmazlığı və ədalətsiz vergi sistemidir. Hesabatda qeyd olunur ki, zənginlər var-dövlətlərini xaricə çıxararaq vergi öhdəliklərindən yayınır, dövlətlər isə onları vergiyə cəlb etmək üçün ciddi tədbir görmür.
***
“Oxfam”ın hesablamasına görə, Afrikanın ən zənginlərindən yalnız 1 faiz əlavə sərvət vergisi və 10 faiz gəlir vergisi alınsa, bu, qitədə təhsil və elektrik enerjisinə çıxış kimi əsas problemlərin həllinə kifayət edər.
2000-ci ildə Afrikada heç bir milyarder yox idi. Hazırda isə qitədə 23 milyarder var və onların sərvəti son 5 ildə 56 faiz artıb. Eyni zamanda, kişilərin şəxsi sərvəti qadınlarınkından 3 dəfə çoxdur – bu da Afrikanı cinsiyyətə görə ən bərabərsiz qitə edir.
“Oxfam” Afrika direktoru Fati N'zi-Hassane bildirib ki, “Afrika varlı bir qitədir, lakin bu var-dövlət kiçik bir elit təbəqənin əlində cəmlənib. Bu, təsadüf yox, siyasi uğursuzluqdur”. Onun fikrincə, çıxış yolu ədalətli vergidən keçir: “Çözüm sadədir – zənginləri vergiyə cəlb etmək və qalan əhali üçün sərmayə yatırmaq. Əgər Afrikada hökumətlər ədalət və islahatda səmimidirlərsə, elit təbəqəyə üstünlük verməyi dayandırmalı, cəmiyyətin rifahına xidmət edən iqtisadiyyatlar qurmalıdırlar”.