AZ

Kollec məzunları müəllim ola BİLMƏYƏCƏK

"Kolleclərdə müəllim ixtisaslarının ləğvi ilə bağlı qərar ilk baxışda təhsildə keyfiyyətin artırılması məqsədi daşısa da, əslində bu, uzun müddət təxirə salınmış, lakin zəruri olan bir struktur dəyişikliyin nəticəsidir".

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov qeyd edib.

Ekspertin sözlərinə görə, bu qərar eyni zamanda, müəllim peşəsinin cəmiyyət üçün nə qədər strateji və məsuliyyətli bir sahə olduğunu göstərir:

"Müasir dövrdə müəllim sadəcə məlumat ötürən deyil, şəxsiyyət formalaşdıran, tənqidi düşüncəni inkişaf etdirən, sosial və psixoloji dəstək funksiyası daşıyan, rəqəmsal mühitdə təlim bacarıqları olan və peşəkar məsuliyyət daşıyan bir şəxs olmalıdır. Bu funksiyaları effektiv şəkildə yerinə yetirmək üçün isə ali təhsil səviyyəsində geniş elmi-pedaqoji hazırlıq zəruridir.

Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 22-ci maddəsində müəllimlərin hazırlığı, ixtisasartırması və peşəkar inkişafı məsələləri xüsusi olaraq qeyd olunur. Həmin maddədə göstərilir ki, təhsilin keyfiyyətinin əsas təminatçısı müəllimdir. Əgər bu belədirsə, deməli onun peşəkar hazırlığı sadəcə minimal biliklərlə deyil, fənn biliyi, pedaqoji texnologiyalar, metodika, psixologiya, kommunikasiya, dəyərlər və tədqiqat bacarıqları ilə zəngin olmalıdır. Bu isə yalnız ali təhsil mühitində mümkündür.

Təhlillər göstərir ki, kollec səviyyəsində müəllim hazırlığı bu kompleksliyi təmin etmir. 2023-cü ildə Təhsil İnstitutunun təqdim etdiyi hesabatda qeyd olunur ki, kollec məzunlarının 78%-i müasir pedaqoji yanaşmaları və kurikulumun təlim nəticələrini düzgün izah edə bilməmiş, real dərs nümunələrində çətinlik yaşamışdır. Həmçinin bu kateqoriyadan olan namizədlərin yalnız 18%-i müəllimlərin sertifikasiya imtahanlarında keçid balını toplamışdır. Bu keyfiyyət fərqinin ali və orta ixtisas təhsili səviyyəsində nə qədər kəskin olduğunu sübut edir.

Kollec təhsili əsasən sürətli kadr hazırlığına yönəlmiş, təməl səviyyəli nəzəriyyə və məhdud praktik bilik üzərində qurulmuş bir modeldir. Halbuki müəllimlik sahəsində yüksək səviyyəli təfəkkür bacarıqları, tədris dizaynı, qiymətləndirmə modelləri, kurikulum nəzəriyyəsi və pedaqoji tədqiqat metodları kimi sahələrdə hazırlıq vacibdir. Bunların heç biri kollec proqramlarında sistemli və dərin şəkildə tədris olunmur. Bu səbəbdən belə məzunlar məktəbdə qarşılaşdıqları real təlim vəziyyətlərində uğursuz olurlar.

Dünya təcrübəsi də müəllimlərin yalnız ali təhsil əsasında hazırlanmasını zəruri hesab edir. Məsələn, Finlandiyada müəllimlik ixtisası magistratura səviyyəsində verilir. Bu ölkədə müəllimlər yalnız fənn üzrə dərin biliklərə deyil, eyni zamanda təhsil siyasəti, tədqiqat metodologiyası və sosial psixologiya üzrə də hazırlıq keçirlər. Almaniyada müəllim olmaq üçün universitetin pedaqoji fakültəsini bitirdikdən sonra əlavə olaraq “Referendariat” adlanan təlim proqramı keçirilir. ABŞ-da müəllim olmaq üçün əvvəlcə bakalavr, sonra isə “Teacher Education” proqramı üzrə əlavə ixtisaslaşma tələb olunur. İngiltərədə isə “Qualified Teacher Status” (QTS) sertifikatı yalnız ali təhsilli şəxslərə verilir və bu proses çərçivəsində ciddi müşahidə, təlim və praktiki qiymətləndirmə həyata keçirilir.

Beynəlxalq praktikalar sübut edir ki, müəllimlik akademik səriştə və peşəkar hazırlıq tələb edən sahədir və bu yalnız ali təhsil mühitində mümkündür. Tədris planının qurulması, fərdi yanaşma, inteqrasiya, şagird yönümlü təlim, formativ və summativ qiymətləndirmə mexanizmləri, 21-ci əsr bacarıqlarının inkişafı və inklüziv təhsilə dair biliklər ancaq universitet proqramlarında sistemli şəkildə öyrədilir:

"Müəllimlik peşəsi həm də etik məsuliyyət və sosial öhdəlik tələb edir",- deyə K.Əsədov söyləyib:

"Bu sahədə çalışan şəxs təkcə fənn mütəxəssisi deyil, həm də cəmiyyətə yön verən, nümunə olan, dəyişiklik yaradan bir şəxsdir. Kollec məzunları isə çox zaman bu ideoloji və nəzəri baza ilə təmin olunmadan pedaqoji fəaliyyətə başlayırlar. Bu uzunmüddətli perspektivdə təhsil sisteminə zərər vurur, məktəbdə öyrətmə mühitinin keyfiyyətini aşağı salır və nəticə etibarı ilə bütün sistemin məhsuldarlığını zəiflədir.

Əgər müəllimlik sahəsində ali təhsilin vacibliyi qəbul olunursa, bu zaman tədris proqramları da müasir tələblərə uyğunlaşdırılmalı, universitetlərdə müəllim hazırlığı sistemləri gücləndirilməli, təcrübə məktəbləri ilə əməkdaşlıq artırılmalı, fənn və pedaqogika inteqrasiyası gücləndirilməlidir. Yalnız bu şəkildə pedaqoji təhsilin keyfiyyəti yüksələcək, məktəblər peşəkar müəllimlərlə təmin olunacaq və təhsilin nəticələrinə müsbət təsir göstəriləcək.

Müəllimlik peşəsini sadələşdirmək olmaz. Cəmiyyətin gələcəyini formalaşdıran insanlar təsadüfi və zəif hazırlıqlı şəxslər olmamalıdır. Müəllim ali təhsilli, akademik və sosial baxımdan hazırlıqlı, peşəkar məsuliyyət daşıyan şəxs olmalıdır. Bu, yalnız bir tələbə və ya müəllim problemi deyil. Bu cəmiyyətin intellektual təhlükəsizliyi məsələsidir".

Seçilən
23
1
azedu.az

2Mənbələr