AZ

Qəzet dövrünün tarixidir

Azərbaycan mətbuatı və jurnalistikamızın tarixi xalqımızın qədim mədəniyyətinin ayrılmaz hissəsidir. Təməli "Əkinçi" ilə qoyulan milli mətbuatımızın tarixi bütün varlığı ilə xalqına bağlı olan, onun tərəqqisi naminə hər cür çətinliklərə qatlaşan Həsən bəy Məlikov Zərdabinin adı ilə bağlıdır. 

Mətbuatın böyük əhəmiyyətini vurğulayan Həsən bəy "Əkinçi"də yazırdı ki, "hər bir vilayətin qəzetəsi gərək ol vilayətin ayinəsi olsun", "yaxşı-yamanlığını aşkar eləsin", xalqın "hər bir dərdi və xahişi ol qəzetdə çap olunsun ki, ol qəzetə baxan xalqı ayinədə görən kimi görsün". 

Böyük maarifçi hər şeydə öz mənfəətini güdənlərə, hamını belə görənlərə müraciət edərək yazırdı: "Dörd ildir ki, qəzet çap etdirməyə izn istəmişik və bu zamanda dünyanı gəzib bir hürufatı tapmışıq. Bu zəhmətlərə heç bir qəzeti öz nəfindən ötrü çap elədən razı olmaz". "Əkinçi" əhalini maarifləndirməyə, sadə insanlarda siyasətə, elmi-texniki yeniliklərə həvəs, maraq oyatmağa çalışırdı. Bunu görəndə isə sevinirdi. Bu gün biz də oxucularımız tərəfindən qəzetimizdə dərc olunan  yazılara maraq görəndə eynən sevinirik.

Qəzet cavanlara müraciətlə yazırdı:"Ey elm təhsil edən cavanlarımız! Doğrudur, bizim vətən qardaşlarınız ilə üns tutmaq çətindir... Doğrudur, qeyri-millətlər sizin kamalınızı görüb sizə artıq rütbə verəcəklər, amma insaf deyil ki, beş gün ömrün ləzzətindən ötrü milləti, qardaşlarımızı atıb, onları kor və sərkərdan qoyasınız". 150 il əvvəl yazılmış sözlər indi də aktuallığını itirməyib. 

"Əkinçi" milli mətbuatın rolunu çox yüksək qiymətləndirərək yazırdı: "Hər kəsi çağırıram, gəlmir, göstərirəm, görmür, deyirəm, qanmır. Axır gördüm onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç biri qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də. Ələlxüsus da doğru söz. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur". Öz ustadlarının vəsiyyətinə əməl edən və doğru sözü fəaliyyətlərində üstün tutan Azərbaycan jurnalistləri müxtəlif ictimai-siyasi şəraitdə bu əqidə ilə yaşayıb-yaradıblar və bu gün də belədir. 

"Əkinçi"nin ana dilimizə münasibəti olduqca ibrətamizdir. Azərbaycan jurnalistikasının korifeylərindən olan professor Şirməmməd Hüseynov yazırdı: "Əkinçi" ilə bizim mətbuat dilimiz - üslubumuz yaranmışdır. Zərdabi və onun məsləkdaşları xalqın geniş təbəqələrinin başa düşdüyü sadə, aydın, təmiz ana dilində yazıb yaradırdılar". Professor bildirirdi ki, "Əkinci"nin  doğma Azərbaycan dilinə münasibəti, bu dilin saflığı, təmizliyi, varlığı uğrunda böyük səy və qeyrəti, ardıcıl mübarizəsi ən dəyərli tarixi irsimizdir. 

"Əkinçi"nin 10-cu sayındakı məqalədə yazılırdı: "Dünyada xəlq olunan millətlər öz lisanlarına ana lisanı deyib ol lisanı ilə... insanlıq edirlər. Bunun üçün bir lisan bir millətin olanda və lisanı dəxi əsası millət olduğundan (hər) bir kişiyə vacibdir ki, daima onun irəli getməsinə canını fəda etsin və millətin xidmətində bulunmayan kişiyə bir kəs yaxşı deməyəcəkdir". Daim millətin irəli getməsinə canını fəda edən dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev mətbuatın rolunu yüksək qiymətləndirərək, Azərbaycan jurnalistikasının inkişafına böyük töhfələr verib. Azərbaycan milli mətbuatı ilk dəfə olaraq Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərmanla birdəfəlik senzuradan azad edilib. 

Ulu Öndərin KİV-in inkişafı sahəsində həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq ölkə mətbuatının maddi-texniki bazası möhkəmləndirilib, qəzet və jurnallara güzəştlər edilib. Azərbaycan mətbuatının yubileylərinin keçirilməsi kimi mütərəqqi ənənənin əsası da məhz Ümummilli Lider tərəfindən  qoyulub. Hələ 2000-ci ildə Heydər Əliyevin  sərəncamı ilə Azərbaycan milli mətbuatının yaranmasının  125 illik yubileyi təntənəli şəkildə  qeyd edilib. Həmin tədbirdə Ulu Öndər dərin məzmunlu nitq söyləyərək, mətbuatımızın qarşısında duran vəzifələrdən danışıb.   

Bu gün jurnalistlər, ölkə ictimaiyyəti milli mətbuatımızın 150 illik yubileyini qeyd etməyə hazırlaşırlar. Prezidentin "Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında" 25 aprel 2025-ci il tarixli sərəncamında deyilir: "Ötən dövr ərzində müstəqil siyasi kursun qətiyyətlə və ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafı təmin edilmiş, qarşıda duran strateji vəzifələr uğurla gerçəkləşdirilmişdir. Azərbaycan Vətən müharibəsində Şanlı Zəfər qazanaraq və unikal antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazaraq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik  nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərmiş, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır". 

Bu fikirlər 100 ilə yaxın tarixi olan bölgə mətbuatına da aiddir. Rayon qəzetləri əhaliyə daha yaxın olduğu üçün hər bir bölgənin həyatının işıqlandırılmasında, problemlərin üzə çıxarılmasında müstəsna rol oynamışlar. Xüsusən həm Birinci, həm də İkinci Qarabağ müharibələrinin qəhrəmanlıq salnaməsinin yazılmasında yerli jurnalistlər fəallıq göstərmişlər. Dövlət başçısı bölgələrdə çalışan mətbuat işçilərinin əməyini yüksək qiymətləndirərək, müxtəlif illərdə onları fəxri adlarla, yüksək mükafatlarla təltif etmişdir. 

Bütün bunlara baxmayaraq,  texnologiyanın sürətlə inkişaf etdiyi hazırkı dövrdə bölgə qəzetlərinin fəaliyyəti xeyli çətinləşib. Yalnız jurnalistlərin işə sonsuz həvəsi və oxucu məhəbbəti ilə qəzet nəşr etdirmək asan deyil. Başa düşürük ki, yol yeniliyindir və bu, təbii bir prosesdir. Bununla yanaşı, təsəllimiz də var. Biz müəyyən dövr üçün rayonlarımızın tarixini yazdıq və bu tarix silinməyəcək, yaşayacaq, saralmış qəzet qovluqlarında olsa belə.

İndi isə bizi belə bir sual maraqlandırır, daha doğrusu, rahatsız edir: bəs, görəsən, regionların bu gününün tarixini kim yazacaq? Ən azından, yaxşı halda ayda bir-iki dəfə böyük çətinliklə və çox az tirajla nəşr edilən yerli qəzetlərlə bunu etmək mümkün deyil!

Svetlana BAÜIROVA, 

"Yeni Tərtər" qəzetinin redaktoru

Seçilən
30
azerbaijan-news.az

1Mənbələr