AZ

Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya layihələri icra olunur

44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonrakı mərhələdə dövlət başçısının tapşırığına əsasən, şəhid ailələrinin üzvləri və qazilər dövlət qayğısı ilə tam əhatə olunurlar. O cümlədən müharibə əlilləri cəmiyyətə inteqrasiya olunmaları üçün yüksək texnologiyalı protezlərlə təmin edilirlər.

Şəhid ailələri və müharibə əlillərinə verilən təqaüd və müavinətlər də artırılır. Təkcə son illər bu təbəqədən olan insanların təqaüdlərinin artımı üç dəfə olub. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və avtomobillərlə təmin edilməsi də davam edir. 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün qəbul olunmuş dövlət proqramının icrası da uğurla yekunlaşır. Eyni zamanda qazilərin sağlamlığının qorunması, onların müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi üçün  çox mühüm addımlar atılır ki, bu da onlara sağlamlıqlarını bərpa etməyə, normal həyata qayıtmağa imkan verir. Ümumiyyətlə, əlilliyi olan vətəndaşların sosial problemlərinə dövlət xüsusi həssaslıqla yanaşır və onları məmnun etmək üçün müxtəlif sosial layihələr icra edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən verilən məlumata görə, 2022-ci ildən icrasına başlanmış "RehaBus" (Reabilitasiya Avtobusu) layihəsi çərçivəsində əlilliyi olan 2,1 min şəxsə müxtəlif xidmətlər göstərilib. Bu layihənin məqsədi əlilliyi olan şəxslərin ambulator və icma əsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaq üçün reabilitasiya müəssisəsinə asan və rahat şəkildə çatmalarını təmin etməkdir. Reabilitasiya avtobusları Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunda əvvəlcədən təyin edilmiş gözləmə məntəqələrindən əlilliyi olan uşaqları (onları müşayiət edən yaxınları ilə birgə) götürərək paytaxtdakı 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır. Reabilitasiya proseduru bitdikdən sonra isə onlar yenidən gəldikləri ünvana geri qaytarılırlar.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi olan şəxslər üçün ilk dəfə olaraq yeni veloreabilitasiya layihəsinə də başlayıb. Bu dəfə məqsəd əlilliyi olan şəxslərin asudə vaxtlarının səmərəli təşkilinə, idmana, o cümlədən paravelosiped idman növünə marağının artırılmasına, onların cəmiyyətə inteqrasiyasına dəstək verməkdir. Agentliyin reabilitasiya mərkəzlərində xidmətlərə cəlb edilən əlilliyi olan şəxslər üçün nəzərdə tutulan layihə Dənizkənarı Milli Parkda icra olunur və 3 ay davam edəcək. Layihə Heydər Əliyev Fondunun dəstəyi, Dənizkənarı Bulvar İdarəsinin təşkilati dəstəyi və "Azərbaycan Əlil Velosipedçilərə Dəstək" İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilir. 

Qeyd edək ki, əl velosipedləri əzələlərin aktivliyini artırır, qan dövranını yaxşılaşdırır, stresin azalmasına, əhvalın yüksəlməsinə və özünə inamın artmasına səbəb olur.

Rüstəm KAMAL,

"Azərbaycan"

Seçilən
42
azerbaijan-news.az

1Mənbələr