Ermənistan konstitusiyasında dəyişiklik olmayınca, sülh müqaviləsi imzalanmayacaq
İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Görüşün əhəmiyyətindən danışan Milli Məclisin deputatı Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirib ki, bu gün Ermənistan daxilində baş verən hadisələr, siyasi gedişlər, eyni zamanda 2026-cı ildə Ermənistanda nəzərdə tutulan seçkilər və sair bu məsələlər fonunda Azərbaycan Prezidenti ilə keçirilən görüş Ermənistan üçün əhəmiyyətli ola bilər: "Azərbaycanı maraqlandıran əsas məsələ sülh müqaviləsinin imzalanması və regionda sabitliyin bərqərar olmasıdır. Bunun üçün Azərbaycan tərəfi bir neçə şərt irəli sürüb. Bu görüşdə deklorativ bəyanatlar deyil, imzalana biləcək müqavilənin detalları, onları necə həyata keçirmək məsələləri əsas müzakirə mövzusudur. Ermənistan konstitusiyasında dəyişiklər, Avropa İttifaqının vizual kəşfiyyatçılarının sərhəddə apardığı müşahidələrin dayandırılması, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciət ölkəmizin əsas şərtidir. Hər üç məsələyə Ermənistan aydınlıq gətirməli və problemlər öz həllini tapmalıdır".
Deputat qeyd edib ki, əsas problemlərdən biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Dəhlizlə bağlı Ermənistanın mövqeyi məlumdur. Bunun hansı problemlər gətirdiyi, eyni zamanda Rusiya, İran və digər dövlətlərin mövqeyi hələ açıq qalır. Azərbaycanın birmənalı şəkildə təkidi və tələbi odur ki, Zəngəzur dəhlizi açılmalıdır. Son vaxtlar ABŞ-də dəhlizlə bağlı bəyanatlar verilir. Bu dəhlizin açılmasında Amerika da mararqlıdır. Bunların hamısına aydınlıq gətirilməlidir. "Bugün hamı ciddi-cəhdlə çalışır ki, iki ölkə arasında danışıqlarda vasitəçi rolunu öz üzərinə götürsün. Bundan başqa, Ermənistan konstitusiyasında dəyişikliyin necə ediləcəyi, siyasi məsələlərdə bu ölkənin seçiciləri və ya vətəndaşlarının mövqeyinin necə olacağı əsas məqamlardır", - deyə o bildirib.
A.Nağıyev düşünür ki, bu görüş yaranmış gərginlikləri aradan qaldırmaq üçün imkan yaradıb. Onun fikrincə, 2026-cı ildə Ermənistanda keçiriləcək seçkilərə qədər sülh müqaviləsi imzalanmayacaq. Ermənistan konstitusiyasında dəyişiklik olmasa, bu problem yenidən yarana bilər, hətta sülh sazişi Ermənistan parlamentində ratifikasiyadan keçməz.
Deputat deyib ki, Paşinyanın hakimiyyətdə qalması ilə, təbii ki, irəli sürülən şərtləri yerinə yetirdiyi halda sülh sazişinin imzalanması da mümkün ola bilər. "Sülh sazişinin imzalanması 2026-cı ilin ikinci yarısı və ya 2027-ci ildə gözləniləndir. Bu, Ermənistandakı siyasi proseslər, həmçinin Avropa İttifaqının, Qərbin, Rusiyanın təkidi və təsirindən də asılıdır. Azərbaycan bu gün müstəqil olaraq daxili və xarici siyasətini həyata keçirir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun istər daxili, istərsə də xarici siyasətdə islahatlar aparılır. Bu məsələlərdə də əsas diktə edən tərəfin Azərbaycan olduğunu görürük. Bu, aparılan stabil siyasətin təzahürüdür", - deyə Arzu Nağıyev sonda bildirib.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"