Pekin, 11 iyul, AZƏRTAC
Cənubi Koreyada cari yay mövsümündə rekord sayda pasiyent isti havanın sağlamlığa mənfi təsirləri ilə əlaqədar xəstəxanalara müraciət edib.
AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, mayın ortasından indiyədək 1228 nəfər isti havanın səbəb olduğu sağlamlıq problemləri ilə əlaqədar tibb ocaqlarında stasionar və ambulator müalicə alıb.
Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin açıqlamasında deyilir ki, müvafiq hesabatın aparılmasına başlandığı 2011-ci ildən bəri ilk dəfə rəqəm 1000-i ötür. Bu ilki rəqəm ötən ildəkindən 2,5 dəfə çoxdur. Təkcə iyulun 8-də istivurmadan 238 nəfər xəstəxanalara müraciət edib. Bundan başqa, isti havanın fəsadları səbəbindən 8 nəfər həyatını itirib.
Qeyd edək ki, iyunun son günlərindən bəri Cənubi Koreyada anomal istilər müşahidə olunur. Bu dövrdə havanın orta temperaturu 31 dərəcə Sesli olub. Mərkəz açıq havada işləyənlərə, o cümlədən balıqçılara, kənd təsərrüfatı işçilərinə, tikintidə çalışanlara uzun müddət istidə qalmamaq, xeyli su içmək barədə xəbərdarlıq edib.
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin