AZ

Əbu-Dabi görüşü: Azərbaycan ardıcıl və məsuliyyətli liderlik nümayiş etdirib - ŞƏRH

Azərbaycan Əbu-Dabidə keçirilən görüşdə regionda davamlı sülhün təmin olunması üçün ardıcıl və məsuliyyətli liderlik nümayiş etdirib

İslami dəyərlərə sadiq müsəlman ölkəsi kimi ərəb dünyası ilə yaxın təmaslar quran, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün siyasi , iqtisadi əlaqələrin möhkəmlənməsi naminə   mövcud potensialdan istifadə ilə  ikitərəfli əlaqələrin inkişafına böyük əhəmiyyət verən Azərbaycan  İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində də  ərəb ölkələri ilə əməkdaşlıq edir. Ölkəmizin beynəlxalq təşkilat kimi böyük nüfuza malik Ərəb Dövlətləri Liqası (ƏDL) ilə də dərin əməkdaşlıq əlaqələri var. Liqa yeddi ölkə ilə, o cümlədən Azərbaycanla imzalanmış Anlaşma memorandumları əsasında əməkdaşlıq edir. Azərbaycanın ərəb ölkələri ilə siyasi-diplomatik münasibətlərinin yaxşılaşması isə investisiya və ticarət əlaqələrinin artmasını sürətləndirir.  Hər iki amil Azərbaycanın gələcək ticarət strategiyasının həyata keçirilməsində mühüm əhəmiyyətə malikdir.

Ərəb dövlətləri ilə ölkəmiz arasındakı əlaqələrin inkişafında enerji sektorunun  xüsusi payı vardır.  2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin  (BƏƏ) «Masdar» şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanması ilə başlanan əməkdaşlıq uğurla davam edir. Qaradağ Günəş Elektrik Stansiyasının icrası, Qarabağ bölgəsində, həmçinin Xəzər dənizində, o cümlədən sahilə yaxın adalarda külək və günəş enerjisi layihələri, «yaşıl» hidrogen və enerji səmərəliliyi üzrə əməkdaşlıq məsələləri də  iki ölkə rəsmiləri səviyyəsində müzakirə edilir. Yüksək səviyyəli ikitərəfli əlaqələrimizin ən bariz nümunəsi isə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un  Azərbaycanda keçirilməsi barədə qərarın məhz BƏƏ-də qəbul edilməsidir. Səudiyyə Ərəbistanı ilə mədəni əlaqələr ölkəmizin müstəqilliyi dövründə daha da möhkəmlənmişdir. Bu ölkə ilə də  energetika sahəsində Əməkdaşlıq Sazişi imzalanıb.

 Prezident  İlham Əliyevin iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə səfəri,  bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü dostluq və qardaşlığın daha bir nümunəsidir. Görüş zamanı Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıması, siyasi münasibətlərimizin yüksək səviyyədə olması, iqtisadi-ticari əməkdaşlığın inkişafı xüsusilə  vurğulanmış, gələcək əlaqələrin perspektivləri ilə bağlı müzakirələr aparılıb.  İkitərəfli əlaqələrə dair fikir mübadiləsi aparılıb,  enerji, o cümlədən bərpaolunan enerji sahəsində ölkələrimiz arasında uğurlu əməkdaşlıq yüksək qiymətləndirilib. Bu istiqamətdə perspektiv layihələrlə bağlı  qarşıda duran vəzifələr  müəyyənləşdirilib. SOCAR-la ADNOC, həmçinin ölkəmizlə «Masdar»” şirkəti arasında bərpaolunan enerji sahəsində əməkdaşlıqdan məmnunluq  ifadə olunub.

Söhbət zamanı İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilmiş Zirvə görüşünün əhəmiyyəti qeyd olunub və BƏƏ rəsmilərinin  bu tədbirdə yüksək səviyyədə təmsil olunması təqdir  edilib. Prezidentlərin iştirakı ilə «Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” imzalanıb. Görüşün sonunda dövlətimizin başçısı tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə xatirə hədiyyəsi təqdim olunub.

 Bəllidir ki,  Prezident İlham Əliyevin bu ölkəyə səfərinin başlıca səbəbi Ermənistanın baş naziri Nikol Paşinyanla  görüşün təşkilidir. Məlumat üçün bildirək ki,  Azərbaycanın təkidi ilə baş tutan görüşün yeri də  rəsmi Bakınını təklifi ilə müəyyənləşdirilib. Ermənistan tərəfi də görüşdə üçüncü tərəfin iştirakına ehtiyac duyulmadığını bildirib. Baş nazir Nikol Paşinyanın Türkiyə səfərindən, bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra baş tutan   Əbu-Dabi  danışıqları Ermənistanın revanşist dairələri  və  daşnak ideologiyasının daşıyıcıları tərəfindən hiddətlə  qarşılanıb.  Baş nazir  bu görüşdə üçüncü tərəfin iştirakına ehtiyac duyulmadını bəyan etdiyi üçün danışıqlar  Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında baş tutub.  Qeyd olunub ki,  Azərbaycanın Ermənistana təklif etdiyi sülh konsepsiyası ilə bağlı danışıqlar aparılsa da,  gözlənilən  müqavilənin  imzalanması üçün vaxt lazımdır. Məlumata görə, liderlərin görüşündə əsas müzakirə mövzularından biri də Zəngəzur dəhlizinin bərpası ilə bağlı olub.    Ermənistan müxalifətini narahat edən  məsələ   Paşinyanın Azərbaycanın və Türkiyənin təkliflərinə razılıq verməsi  ehtimalıdır.  Əbu-Dabi görüşü bir daha təsdiqlədi ki, sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir.

Əsas məsələ bu görüşün  sülh sazişinin imzalanmasına təsir imkanlarının hansı səviyyədə olmasıdır. Artıq Ermənistantanda da aydın başa düşürlər ki, Azərbaycanla bağlanacaq sülh sazişi təkcə iki ölkənin deyil, bütünlükdə bölgənin, Cənubi Qafqaz ölkələrinin təhlükəsizliyi, sabitliyin təminatı baxımından  önəmli, aktuallığını qoruyan məsələdir.  Bəllidir ki,  sülh sazişinin imzalanması üçün Azərbaycanın real şərtləri var. Ermənistan əvvəlcə öz konstitusiyasını dəyişdirərək qonşu ölkələrə  qarşı ərazi iddialarını əks etdirən maddələri çıxarmalı,  Minsk qrupunun  ləğvini tələb edən  Azərbaycanla birlikdə ATƏT-ə müraciət etməlidir. Yəni, bu iki şərt yerinə yetirilmədən yekun sülh sazişinin imzalanması mümkün deyil”.

Əbu-Dabi görüşü haqqında BBC-nin rus xidmətinə verdiyi müsahibədə  iki ölkə arasında kommunikasiyaların açılması, sərhədlərin demarkasiyası və digər həll olunmamış məsələlərin müzakirə olunacağını proqnazlaşdıran   erməni tarixçi Jirayr Liparidyan bildirir ki,  gündəlikdə  duran, qarşı tərəfləri maraqlandıran, sülh  sazişini şərtləndirən əsas   məsələlərin  müzakirəsi gözlənilən idi.  Əsas odur ki, Əbu-Dabi görüşündə Ermənistan və Azərbaycan liderlərinin  birbaşa, vasitəçilərsiz ünsiyyət qurmaları irəliyə doğru  müsbət yanaşmadır. Politoloqun sözlərinə görə, hazırda elə bir vəziyyət yaranıb ki, Ermənistan üçün Azərbaycanla sülh sazişini imzalamaq və Türkiyə ilə münasibətləri normallaşdırmaq ən optimal  xilas yoludur.

Paşinyan hakimiyyətində anlayırlar ki,  Azərbaycanla sülh sazişi imzalanmasa  Rusiyadan  asılılıqdan xilas ola bilməz. Moskva ilk fürsətdə  Paşinyan  hakimiyyətini devirməyə çalışacaq. Bu reallığı başa düşən Nikol  və tərəfdarları Azərbaycanla sülh sazişi imzalamağa cəhd edəcəklər. Ancaq yenə də qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyəti hələ də rəsmi Bakının irəli sürdüyü iki əsas şərti yerinə yetirməyib. Əgər bu şərtlər yerinə yetirilsə, sülh sazişinin imzalanması üçün heç bir ciddi maneə qalmaz.

Əbu-Dabidədə keçirilən görüş qarşılıqlı anlaşma və dialoqun möhkəmləndirilməsi baxımından əlamətdar hadisədir. Tərəflər arasında ortaq maraqların vurğulanması etimad mühitinin yaranmasına zəmin yaradır. Prezident İlham Əliyevlə Nikol Paşinyanın birbaşa təması sülh istiqamətində etibarlı dialoqun qurulmasına imkan verir. Azərbaycan bu görüşdə regionda davamlı sülhün təmin olunması üçün ardıcıl və məsuliyyətli liderlik nümayiş etdirib. Münaqişənin sülh yolu ilə həllinə yönəlmiş siyasət regional sabitlik və iqtisadi inkişafın bərqərar olunmasına töhfə verir.

Görüş barədə yayılan son məlumatda qeyd olunduğu kimi,  Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. Azərbaycan  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  bildirilib ki, bu görüşün  ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb. Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər, həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.

 Prezident İlham Əliyev və  baş  nazir Nikol Paşinyan  Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana səmimi qonaqpərvərliyə və ikitərəfli görüşün təşkilinə görə təşəkkür ediblər.

 Xuraman  İsmayılqızı, "İki sahil"

Seçilən
7
ikisahil.az

1Mənbələr