AZ

Şirvanda “Qərbi Azərbaycan İrsi” kitabının birinci cildinin təqdimatı olub

Şirvan, 11 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan Şəhər İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının birinci cildinin təqdimatı keçirilib.

Şirvan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Şəhər İcra Hakimiyyətində davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Qərbi Azərbaycan İrsi” silsilə nəşri ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub. Videoçarxda Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi abidələrin, qəbiristanlıqların, məscid və digər dini-mədəni obyektlərin məhv edilməsi faktları əyani şəkildə təqdim edilib. Çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bu dəyərli nəşrin ərsəyə gəlməsində əməyi olan alimlərə, tədqiqatçılara, nəşriyyat kollektivinə və Qərbi Azərbaycan İcmasına təşəkkürünü bildirib. Vurğulanıb ki, bu təqdimat təkcə bir nəşrin ictimaiyyətə tanıdılması deyil, həm də Azərbaycan xalqının zəngin tarixi yaddaşına, itirilməyə qoyulmayan irsinə, zorla qoparıldığı torpaqlarla bağlı haqq səsinin bir daha ucadan ifadəsinə çevrilməsidir.

Ermənistan tərəfindən zaman-zaman Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı həyata keçirilən cinayətlər və deportasiyalar nəticəsində yüzminlərlə qardaş-bacılarımızın öz dədə-baba torpaqlarından məcburi şəkildə çıxarıldığından, onlara məxsus məscid və qəbiristanlıqların kütləvi şəkildə dağıdılmasından və yer adlarının dəyişdirilməsindən danışılıb.

Diqqətə çatdırılıb ki, “Qərbi Azərbaycan İrsi” kitabının nəşri və kitabda ortaya qoyulan ciddi araşdırmalar bir daha bütün dünyaya sübut edir ki, hazırkı Ermənistan ərazilərinin tarixi sakinləri azərbaycanlılardır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilən uğurlu xarici və daxili siyasət sayəsində Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdacağı günün artıq uzaqda olmadığı qeyd edilib.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafayev, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Şirvan Şəhər Məhkəməsinin sədri Etibar Hümbətov, Qərbi Azərbaycan İcmasının Şirvan şəhəri üzrə nümayəndəsi, filologiya üzrə fəlsəfə doktoru Barxudar Barxudarov və digərləri vurğulayıblar ki, Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geriyə qayıtmaları, onların fundamental hüquqlarının bərpa və təmin edilməsi ölkəmizin prioritetlərindəndir.

Qeyd olunub ki, Ermənistan hakimiyyəti uzun illər boyunca azərbaycanlıların tarixini, mədəni kimliyini, dini irsini hədəf alan sistemli şəkildə etnik təmizləmə və vandalizm siyasəti həyata keçirib. Ermənistanda yaşayan azərbaycanlılara məxsus yüzlərlə qəbiristanlıq, məscid, ziyarətgah və türbə ya tamamilə dağıdılıb, ya da izləri silinərək məqsədli şəkildə yox edilib.

Çıxış edənlər belə fundamental tədqiqatların və topluların beynəlxalq ictimaiyyətə təqdim olunmasının zəruriliyini vurğulayıblar. Bildirilib ki, bu nəşrlər təkcə tarixi ədalətin bərpasına deyil, həm də gələcək nəsillərin yaddaşında Qərbi Azərbaycanın zəngin irsini yaşatmağa xidmət edir.

Seçilən
34
azertag.az

1Mənbələr