AZ

“CNN Türk”: Azərbaycan son illərdə investorlar üçün yeni məkana çevrilib

BAKI, 10 iyul. TELEQRAF

Strateji yeri, güclü infrastrukturu və investorlar üçün əlverişli stimulları ilə Azərbaycan son illərdə investorlar üçün yeni məkana çevrilib. Azad ticarət sazişləri, vergi güzəştləri və uzunmüddətli maliyyələşdirmə modelləri Azərbaycanı cəlbedici investisiya variantına çevirir. Azərbaycan hökuməti bu imkanları təqdim edərək bir çox ölkədən, xüsusən də Türkiyədən olan iş adamlarını ölkəyə sərmayə qoymağa dəvət edir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin “CNN Türk” kanalı məlumat yayıb.

Telekanal Azərbaycanın uğurlu inkişaf strategiyasını tutduğunu önə çəkib: “Təxminən 11 milyon əhalisi olan Azərbaycan coğrafi ərazisi boyu hər gün böyüyür. Neft və təbii qaz bu artımda ən mühüm amillər kimi görünsə də, Azərbaycan qeyri-neft sənayesində də irəliləyişlər əldə etməyə başlayıb. Bu səylərin bir hissəsi kimi azad iqtisadi zonalar, sənaye parkları və sənaye sahələri tikilib. Azərbaycanda 2020-ci ildə tikilən azad iqtisadi zona investorlar üçün mühüm üstünlüklər təklif edir. Bu zona vergidən azaddır və bir çox investisiya imkanları təklif edir”.

Ələt Azad İqtisadi Zonasının (AFEZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov “CNN Türk”ə bildirib: "Türk şirkətlərinin bura sərmayə qoyması bizim üçün çox önəmlidir. Çünki qardaşlar həmişə bir-birinin yanında olmaq istəyirlər. Əgər burada zavod tikmək istəyirsənsə, torpaqda sənə lazım olan hər şey var: su, işıq, təbii qaz.

Bir məhsulun üzərində Azərbaycan yazılandan sonra ətraf 10 ölkədə gömrük rüsumu yoxdur. Bu üstünlükləri nəzərə alaraq, türk şirkətləri burada istehsal edib, həmin bazarlara çıxmalıdır”.

Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev deyib: “Dövlətimiz qeyri-neft sektorunun inkişafı üçün çalışır və siyasətimiz də bu istiqamətdədir”.

“CNN Türk” məlumat verib ki, Azərbaycanda investorlar üçün doqquz sənaye parkı və dörd sənaye sahəsi var. Bunlardan ən böyüyü Bakıya yaxın olan Sumqayıtdır. Bu ərazidə ilk növbədə ağır sənaye yerləşir.

İnvestisiya və İqtisadi Təhlil Departamentinin rəhbəri Akşin İbişsoy: “Sənaye parkları və meydançalarının yaradılmasında məqsəd Azərbaycanda qeyri-neft gəlirlərini artırmaqdır”.

Qeyd olunub ki, bir çox türk şirkəti bu sənaye sahəsinin investorları arasındadır. Təkcə türk şirkətlərindən deyil, dünyanın hər yerindən tələbat yüksəkdir.

Türkiyəli iş adamı Necmettin Taşba “CNN Türk”ə müsahibəsində bildirib: “Azərbaycan hökumətinin yanaşması xüsusilə son illərdə dəyişdi. İnvestorlar üçün inanılmaz imkanlar təqdim edirlər, ona görə də burada fəaliyyət göstərmək əla seçimdir".

“Siga Azərbaycan” şirkətinin rəhbəri Rehan Rehaçalıkçı deyib: "Biz bu sənaye parkına ilk qoşulan şirkətlərdən biriydik. Bizə 10 illik vergi imtiyazı təklif etdilər, bu çox gözəl üstünlükdür".

Seçilən
12
teleqraf.com

1Mənbələr