AZ

Neft ölkələri üçün müsbət proqnoz: Dünyaya daha "qara qızıl" lazım olacaq

OPEC-in "Dünya neft bazarının perspektivləri" adlı hesabatında bildirilir ki, 2050-ci ilə qədər "qara qızıl"a tələbat 19% artaraq gündəlik təxminən 123 milyon barelə çatacaq. 

Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyini yazıb.

Qeyd olunur ki, OPEC-in aprel proqnozuna əsasən, 2025-ci ilin üçüncü rübündə neft istehlakı gündəlik 105 milyon bareli, dördüncü rübdə isə 106 milyon bareli keçəcək. Yeni hesabatla müqayisədə, neftə olan tələbat proqnozu gündə 3 milyon barel artırılıb.

Mütəxəssislərin fikrincə, bu artımın əsas hərəkətverici qüvvəsi Hindistan olacaq. Bu ölkənin 2050-ci ilə qədər gündəlik neft istehlakını 8,2 milyon barel artıracağı gözlənilir.

ABŞ-ın Paris iqlim sazişindən çıxması da bu artımda az rol oynamayacaq. Hesabatda qeyd edilir:

"ABŞ-ın Paris sazişindən çıxması iqlim dəyişikliyi ilə bağlı danışıqlara təsir göstərəcək və çox güman ki, ümumilikdə karbohidrogenlərə, xüsusilə neft və qaza olan tələbatın artmasına səbəb olacaq... Orta müddətli perspektivdə ABŞ-da neftə olan tələbatın sabit qalacağı, hətta bir qədər artacağı gözlənilir".

OPEC-in analitikləri bildirirlər ki, qarşıdakı 20 il ərzində də neftə tələbat artmağa davam edəcək və bu artım əsasən avtomobil nəqliyyatı, neft-kimya sənayesi və aviasiya sahələrində müşahidə olunacaq.

Lakin bütün analitiklər OPEC-in neft ölkələri üçün nikbin görünən bu proqnozlarına qatılmır. "Bank of America", Beynəlxalq Enerji Agentliyi və "Wood Mackenzie" kimi analitik qruplar hesab edir ki, neftə olan qlobal tələbat gələn onillikdə müəyyən bir mərhələdə dayanacaq, çünki Çində "qara qızıl"ın istehlakının zirvəyə çatacağı ehtimal olunur.

Son illərdə "yaşıl keçid"in gözləniləndən çətin baş verməsi və OPEC+ ölkələrinin hasilatı artırmasına baxmayaraq, neftin qiymətinin artması da bu proqnozlara təsir edib. Jurnalistlər qeyd edirlər ki, qlobal neft istehlakı son dövrlərdə gözləntiləri üstələyib.

Buna baxmayaraq, analitiklər bildirirlər ki, ilin sonuna qədər bazarda artıq neftin olması və tələbatın mövsümi xarakter daşıması səbəbilə "qara qızıl"ın qiymətinin bir barel üçün 60 dolların altına düşəcəyi gözlənilir.

Eyni zamanda, dünyanın ən böyük neft hasilatçısı olan ABŞ 2025-ci ildə "qara qızıl"ın ucuzlaşması fonunda hasilatı azalda bilər. Rusiyanın dünya bazarına neft ixracı isə fevral ayından bəri minimum həddə enib.

Paşa Məmmədli

Seçilən
22
valyuta.az

1Mənbələr