AZ

Təzyiq dərmanları: Hər kəs eyni dərmanı qəbul edə bilməz

Təzyiq dərmanları milyonlarla insanın həyatını xilas edir. Ancaq bu dərmanlar hər kəs üçün eyni şəkildə təyin olunmur.

E-saglam.az xəbər verir ki, həkimlər dərman seçərkən yaş, yanaşı xəstəliklər və risk səviyyəsi kimi faktorlara əsaslanırlar. Hər dərmanın təsiri və yan təsirləri fərqlidir. Kimi xəstədə öskürəyə səbəb ola bilər, digərində halsızlıq yarada bilər. Odur ki, dərman deyil, pasiyentin vəziyyəti əsas götürülür.

Təzyiq dərmanına nə vaxt başlamaq lazımdır?

Adətən 140/90 mmHg göstəricisi dərman müalicəsinə başlamaq üçün sərhəd sayılır. Lakin xəstənin şəkərli diabeti, böyrək və ya ürək-damar problemi varsa, hədəf göstəricilər daha aşağı olur: 130/80 mmHg. Bəzən təzyiq 135/85 olduqda belə müalicə başlanır. Çünki məqsəd təkcə rəqəmləri salmaq yox, orqan zədələnməsinin qarşısını almaqdır.

Niyə yan təsirlər fərqlidir?

Eyni dərmanı qəbul edən iki insan tam fərqli təsirlər hiss edə bilər. Bunun səbəbi:

Genetik xüsusiyyətlər

Yaş

Qaraciyər və böyrəklərin fəaliyyəti

Yanaşı xəstəliklərin olması

Bu faktorlar dərmanın bədəndə necə təsir etdiyini dəyişir. Buna görə birinə yaxşı təsir edən dərman, digərində ciddi problemlərə yol aça bilər.

Təzyiq dərmanları cinsi həyata təsir edə bilərmi?

Bəzi təzyiq dərmanları cinsi istəksizlik və ya potensiya problemlərinə səbəb ola bilər. Ən çox bu təsir köhnə tip beta-blokerlərdə müşahidə olunur. Yeni nəsil preparatlar bu baxımdan daha uyğundur. Şikayət olduqda həkimlə paylaşmaq vacibdir. Həll yolu dərmanı tamamilə kəsmək deyil, daha uyğun alternativ tapmaqdır.

Dərman necə seçilir?

Hər xəstənin təzyiq profili fərqlidir. Kimi gecələr təzyiq yüksəlir, kimidə ürək döyüntüsü də artmış olur. Seçim zamanı aşağıdakılar nəzərə alınır:

Yaş

Kilo

Yanaşı xəstəliklər

Başqa dərmanların qəbulu

Böyrək funksiyası

Dərman dozası sabit olurmu?

Xeyr. Müalicəyə adətən aşağı dozada başlanır. Əgər təsir zəifdirsə, doz artırılır və ya başqa qrupdan dərman əlavə olunur. Bir çox xəstə kombinə olunmuş müalicə alır: məsələn, beta-bloker + diüretik. Amma çox dərman çox təsir demək deyil. Hər dərmanın öz riski var.

Təzyiq dərmanları ömürlükmü qəbul olunur?

Çox vaxt, bəli. Hipertoniya xroniki xəstəlikdir. Ancaq bəzi hallarda həyat tərzi dəyişiklikləri ilə dərmanın dozası azaldıla və ya tamamilə kəsilə bilər. Bu qərar yalnız həkim nəzarəti ilə verilməlidir. Dərmanı özbaşına saxlamaq təhlükəli nəticələrə səbəb ola bilər.

Nəticə: Dərmanın adı deyil, xəstənin vəziyyəti vacibdir

Təzyiq müalicəsində vahid resept yoxdur. Eyni dərmanı hər kəs istifadə edə bilməz. Doğru dərman, doğru xəstə və doğru zaman birlikdə nəzərdən keçirilməlidir. Həkimlə açıq ünsiyyət, yan təsirləri bildirmək və səbirlə müalicəni izləmək uğurun əsas şərtləridir.

“Dərman qəbul edirəm, amma təzyiqim düşmür” deyirsinizsə...

Təzyiqin düşməməsinin 3 əsas səbəbi ola bilər:

Uyğunsuzluq: Xəstə dərmanı mütəmadi qəbul etmir.

İkincili hipertoniya: Təzyiqə səbəb olan başqa xəstəlik var (məsələn, böyrək damarında tıxanma).

Dirəncli hipertoniya: 3 dərmanla belə nəzarət mümkün olmur.

Belə hallarda dərman dozasını deyil, xəstəliyin səbəbini yenidən nəzərdən keçirmək lazımdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
18
e-saglam.az

1Mənbələr