AZ

Əbu-Dabidəki görüş Azərbaycanın liderliyinin ifadəsi, həm də milli maraqlarının irəli aparılmasıdır - ŞƏRH

Bakı, 10 iyul, AZƏRTAC

Prezident İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın Əbu-Dabidəki görüşü tarixi əhəmiyyət daşıyır. Ona görə ki, bu görüş heç bir vasitəçi olmadan keçirilməsinə görə əlamətdar və ilkdir. Bu, həm sülh gündəliyinin inkişafında Azərbaycanın liderliyinin ifadəsi, həm də məhz milli maraqlarının irəli aparılmasıdır. İndiyədək Ermənistanın israrı nəticəsində vasitəçilərlə birgə görüşlər keçirilib. Lakin Rusiyanın, Avropa üçlüsünün (Fransa, Almaniya, Aİ), ABŞ-ın vasitəçiliyi ilə keçirilən görüşlərin hər biri sülh prosesini bu və ya digər şəkildə irəli aparsa da, heç vaxt iki ölkə sülhə bu görüşdəki qədər yaxın olmayıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə söyləyib.

O bildirib ki, vasitəçilərlə olan görüşlərin hər biri tam olaraq sülhə deyil, üçüncü tərəflərin maraqlarına xidmət edib. Məsələn, Rusiyanın vasitəçiliyi ilə açılacaq regional nəqliyyat və kommunikasiya dəhlizinə Rusiyanın nəzarətini, ABŞ-ın vasitəçiliyi Amerikanın nəzarətini təmin etməyə yönəlib. Avropa İttifaqının və aparıcı Aİ dövlətlərinin vasitəçiliyi ilə keçirilən görüşlərdə əldə olunan nəticələrə baxdıqda Ermənistandakı Aİ Missiyası kimi faydasız, kəşfiyyat mahiyyətli bir qurumun yaradılmasına xidmət etdiyini görə bilərik. Halbuki, Azərbaycan Ermənistanı hər zaman ikitərəfli kontakta çağırırdı. Nəhayət ki, Ermənistan Azərbaycanın Vətən müharibəsindən indiyədək yaratdığı yeni regional geosiyasi reallıqları qəbul etdi. Vaxtilə Azərbaycan Qarabağ ermənilərinin nümayəndələrini ikitərəfli görüşlərə dəvət edərkən onlar xarici güclərə, xüsusilə Rusiyaya arxalanmayıb konstruktiv mövqe sərgiləsəydilər, yəni, Azərbaycanın 44 günlük müharibədə yaratdığı reallığı qəbul etsəydilər, 1 günlük antiterror tədbirləri baş tutmazdı.

"Ermənistan rəhbərliyi hazırda konstruktiv mövqe sərgiləyir. Bu baxımdan Əbu-Dabi görüşünü konstruktiv, quruculuğa yönəlik adlandırmaq olar. Sülh müqaviləsinin mətninin tam razılaşdırılmasından sonra baş tutan bu görüşdə dövlətlərarası münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin imzalanması və s. kimi məsələlərin liderlər səviyyəsində dialoqda dilə gətirilməsi bu istiqamətdə ali iradənin olduğunu sübut edir. Bu, həm də o deməkdir ki, Ermənistan Azərbaycanın əsas şərtlərindən biri olan Konstitusiyasına düzəliş etməyə də hazırdır, sadəcə, bunun strateji zamanlaması məsələsi aktual qalır. Həmçinin bu görüşün tam bir il sonra (2026-cı ilin iyulunda) seçkilərə gedəcək Paşinyanın hakimiyyətini qorumağa xidmət edəcəyini ehtimal etmək olar. Belə ki, o, sülh ritorikası ilə qalib gəlməyi düşünür. Azərbaycan Prezidenti sülh gündəliyini irəli daşıyan belə bir görüşdə öz liderlik funksiyası ilə iştirak etməklə Ermənistandakı seçki öncəsi siyasi gərginliklərdə Paşinyana siyasi dividend qazandırmış oldu. Bu, Cənubi Qafqazı parçalayaraq daima hökmranlıq etmək istəyənlərin planlarını puç edərək, yeni, sabit, təhlükəsiz Cənubi Qafqaz inşasına xidmət etmək deməkdir",- deyə Ş.Cəlilzadə vurğulayıb.

Seçilən
38
1
azertag.az

2Mənbələr