ChatGPT süni intellekt sisteminin yaradıcısı olan "OpenAI" şirkəti yaxın həftələrdə özünün süni intellekt əsaslı veb-brauzerini istifadəyə verəcək.
Valyuta.az xəbər verir ki, bu brauzer əsas rəqibi olan "Google Chrome" ilə birbaşa rəqabət aparmağa hazırlaşır. Məlumatı "Reuters" yayıb.
Əsas üstünlük - daxil edilmiş ChatGPT
Yeni brauzerin ən böyük yeniliyi - daxil edilmiş ChatGPT sistemidir. Bu funksiya istifadəçilərə artıq vərdiş etdikləri axtarış prosesindən imtina etməyə və saytlar arasında keçidlər etmədən suallara cavab almağa imkan verəcək. Məlumatlar birbaşa brauzer interfeysində göstəriləcək.
Bu addım "OpenAI"ın təkcə yeni məhsul təqdim etmək deyil, eyni zamanda öz süni intellekt modellərini (LLM - böyük dil modelləri) təkmilləşdirmək üçün istifadəçi davranışları haqqında daha çox məlumat toplamaq niyyətində olduğunu da göstərir.
İnteqrasiya olunmuş süni intellekt agenti: Operator
Yeni brauzer həm də "Operator" adlı süni intellekt agenti ilə təchiz olunacaq. Bu sistem istifadəçilər adından müəyyən tapşırıqları yerinə yetirə biləcək: formaları doldurmaq, onlayn mağazalarda məhsul axtarmaq, sifariş və bron etmə əməliyyatlarını yerinə yetirmək və s.
"Chromium" əsaslı, amma məqsədlər fərqlidir
Yeni brauzer "Chromium" platforması əsasında işləyəcək. Xatırladaq ki, bu, "Chrome", "Edge", "Opera" kimi brauzerlərin də əsasını təşkil edən açıq mənbəli sistemdir.
Maraqlıdır ki, bu yaxınlarda ChatGPT məhsullarına rəhbərlik edən şəxs, ABŞ-da "Google"a qarşı aparılan antiinhisar araşdırması nəticəsində şirkətin "Chrome"dan imtina etməsi halında, onu satın almaqla maraqlandıqlarını bildirmişdi. Hələlik bu baş verməsə də, brauzer bazarında mübarizə artıq başlayıb.
Paşa Məmmədli