AZ

Mask Trampın qanununu niyə tənqid edir? - Milyardlarla dollar itirə bilər

ABŞ prezidentinin vergilər və dövlət xərcləri ilə bağlı "The One Big Beautiful Bill" (Bir Böyük Gözəl Qanun) adlı qanun layihəsi həftələrdir ki, İlon Mask tərəfindən tənqid olunur. 

Valyuta.az xəbər verir ki, texno-milyarder onun barəsində kəskin şərhlər edir və hətta bu kimi təşəbbüslərin qarşısını almaq üçün öz siyasi partiyasını yaratmaq istəyir. Onun sözlərinə görə, onu narahat edən, bu qanunun həyata keçirilməsinin səbəb olacağı ABŞ dövlət borcunun kəskin artımıdır.

Lakin Maskın qəzəbinin əsl səbəbi, onun şirkəti "Tesla" və bununla birlikdə özünün milyardlarla dollarlıq itkilərə uğraya biləcəyi ola bilər. "Böyük Gözəl Qanun" batareyalar və günəş panelləri üçün büdcə subsidiyalarının əhəmiyyətli dərəcədə azaldılmasını, habelə elektrikli avtomobil alınarkən 7500 dollara qədər vergi güzəştlərinin ləğv edilməsini nəzərdə tutur. "Tesla" həmçinin sıfır emissiyalı avtomobil istehsalçıları üçün bir sıra digər güzəştlərdən də məhrum olacaq.

"JP Morgan" bankının analitiki Rayan Brinkmanın qiymətləndirməsinə görə, "Tesla"nın mənfəəti yarıdan çox azala bilər, bu da ildə potensial iki milyard dollarlıq itki deməkdir. Maliyyə bazarları üzrə ekspert və onlayn broker "Scalable Capital"in baş iqtisadçısı Kristian Röl "Bild" qəzetinə verdiyi müsahibədə bunu təsdiqləyir: "Bu, tamamilə real qiymətləndirmədir". 

Onun sözlərinə görə, "Tesla" əvvəlki rübdə dövlət güzəştləri sayəsində 409 milyon dollar mənfəət göstərmişdir, əks halda şirkət təxminən 200 milyon dollarlıq zərərə uğrayardı.

Trampın qanunu Maskın biznesinə son dərəcə uğursuz bir anda itkilər təhlükəsi yaradır. "Tesla"nın mənfəəti əvvəlki ilə nisbətən 71% azalıb, avtomobil satışları 13% düşüb, Avropa və Çində bazar payları isə azalır. Röl hesab edir ki, texno-milyarder özünü prezidentə qarşı müxalifətə qoyaraq səhv strategiya seçib:

"Əgər Mask həqiqətən öz partiyasını yaradarsa, daha da güclü müqavimətlə qarşılaşma riski daşıyır. Tramp, keçmiş müttəfiqinə qarşı siyasi təzyiq qolu kimi əlavə tənzimləyici tədbirlər görməkdə heç vaxt tərəddüd etməyəcək".

Digər tərəfdən, ekspertin fikrincə, "Tesla" artıq çətin vəziyyətlərə düşüb və itirilmiş gəlirləri hələ də kompensasiya edə bilər. Bunun üçün effektiv idarəetmə lazımdır. Röl deyir: "Bu, nəhəng bir vəzifədir - lakin qeyri-mümkün deyil".

Paşa Məmmədli

Seçilən
37
valyuta.az

1Mənbələr