Rusiyalı basketbolçu Daniil Kasatkinin vəkili Fransa mətbuatına açıqlamasında müvəkkilinin kibercinayət qurbanı olduğunu bildirib.
Milli.Az xəbər verir ki, vəkil Frederik Belo iyulun 10-da RIA Novosti-yə verdiyi açıqlamada Kasatkinin günahkar olmadığını və bütün ittihamları rədd etdiyini vurğulayıb.
"Kasatkin ikinci əl kompüter alıb və texnologiya sahəsində yetərincə məlumatlı deyil. Ona qarşı irəli sürülən bütün iddiaları inkar edir və həmin əməlləri heç vaxt törətməyib," - deyə Belo qeyd edib. Vəkil əlavə edib ki, Kasatkin "ransomware" (şifrləyici virus) işi ilə əlaqələndirilmək istəmir.
Xatırladaq ki, Daniil Kasatkin iyunun 21-də Paris hava limanında ABŞ-nin tələbi ilə saxlanılıb. O, haker şəbəkəsinin üzvü olmaqda və fidyə danışıqlarında iştirak etməkdə ittiham olunur. Hazırda basketbolçunun ekstradisiyası gözlənilir.
Daniil Kasatkin son olaraq Moskva MBA-MAI klubunda çıxış edib. O, əvvəllər ABŞ-da yaşayıb və təhsil alıb.
Milli.Az