“2019-cu ildə astronomlar tərəfindən kəşf edilən 30I/Atlas adlı komet Günəş sistemimizdə qeydə alınan üçüncü ulduzlararası obyekt oldu. Bu göy cismini “ulduzlararası qonaq” adlandırırlar.
30I/Atlas kometi ilk olaraq Atlas teleskopları vasitəsilə aşkarlanıb və məhz bu səbəbdən “Atlas” adını daşıyır. Əvvəlcə bu kometin adi bir göy cismi olduğu düşünülürdü. Lakin onun trayektoriyası – yəni hərəkət etdiyi yolu analiz edildikdə məlum olub ki, o, Günəş ətrafında elliptik orbitlə deyil, hiperbolik orbitlə hərəkət edir. Bu isə onun Günəş sisteminə məxsus olmadığını sübuta yetirir”.
Bu fikirləri “Astronomy Club” elmi bloqunun redaktoru Orxan Əhməd KONKRET.az-a açıqlamasında səsləndirib.
Orxan Əhməd
“30I/Atlas kometi Günəş sisteminə daxil olarkən təxminən saatda 160,000 kilometr sürətlə hərəkət edirdi. Bu yüksək sürət ona Günəşin cazibə qüvvəsindən azad olmaq imkanı verərək kometi ulduzlararası məkana geri yönəldib. Kometin tərkibində buz, qaz və toz olduğu müəyyən edilib. Hesab edirlər ki, bu obyekt başqa bir ulduz sistemində, ola bilsin ki, milyonlarla il əvvəl formalaşıb. Onun tərkibi və strukturu digər planet sistemləri və onların yaranma prosesi haqqında mühüm məlumatlar təqdim edir. 30I/Atlas adi teleskoplarla görünə biləcək qədər parlaq olmayıb. Lakin güclü astronomik müşahidə vasitələri sayəsində kometin hərəkəti izlənib və onunla bağlı dəyərli elmi məlumatlar toplanıb.
“30I/Atlas kimi ulduzlararası kometlər nadir hadisədir və onlar başqa ulduz sistemləri haqqında birbaşa elmi ipucları verir. Bu obyektlər kosmosun dərinliklərindən gəlib bizə kainatın digər hissələrinin quruluşu haqqında danışır”.
Aynurə İsmayıl
KONKRET.az