AZ

Azərbaycan Konstitusiyanın tələblərinə və suveren hüquqlarına əsaslanaraq strateji hədəflərə doğru inamla irəliləyir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu mühüm addımı şərtləndirən əsas amil Konstitusiyamızın qəbul edilməsinin 30 və Vətən müharibəsində Qələbəmizin 5 ilinin tamam olmasıdır. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla addımlayır. Təbii ki, Azərbaycanın hər bir uğuru Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunsa da, xalqımız müstəqilliyimizin bərpasının sevincini yalnız 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yaşamışdır. Ulu Öndərin  hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas olmuş, sürətli inkişafın möhkəm təməlləri qoyulmuşdur. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizin parçalanıb yox olmaq təhlükəsindən azad etməsində olmuşdur.  Ulu Öndər Heydər Əliyevin  bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunmuş Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etmişdir. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığının təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi xidmətlərindən biridir.  5 bölmə, 12 fəsil, 158 maddədən  ibarət olan bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi bir sənəddir. Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edilmişdir. Eyni zamanda, Konstitusiya ilə dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipləri əsasında təşkil edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üçün ümdə vəzifə olaraq müəyyənləşdirilmişdir. Ümummilli Lider Heydər Əliyev bu çağırışı etmişdir ki, hər bir şəxs Konstitusiya və qanunlara dönmədən əməl etməli, onlardan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir. Eyni zamanda, Ulu Öndər bildirmişdir ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.

Bu mühüm reallığı xüsusi qeyd etməliyik ki, hər dövrün öz tələbi və çağırışları vardır. Bu çağırışlar daim yeniləşməni və təkmilləşməni bir zərurət kimi qarşıya qoyur. Bu baxımdan qəbul olunan qanunlarımız, eləcə də Konstitusiyamız dəyişməz qəbul edilmir, daim dövrün tələbinə uyğun olaraq əlavə və dəyişikliklər edilməsi ilə diqqətdə olur. Konstitusiyamızın qəbulundan ötən 30 ildə bu ali sənədə üç dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsi keçirilmiş, bu əlavə və dəyişikliklərin böyük bir hissəsi insan hüquq və azadlıqlarının qorunmasına, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə, həmçinin idarəçilik sistemimizin daha da təkmilləşməsinə xidmət etmişdir. Ölkə ictimaiyyətinin bu dəyişikliyə dəstəyi ümumxalq səsverməsində fəal iştirakında öz aydın ifadəsini tapmışdır. Dövlətin ali məqsədi maddəsinə edilən əlavə və dəyişiklik də təqdirəlayiq qarşılanmışdır. Belə ki, bu dəyişiklik bir daha insan amilinin dövlət siyasətinin əsası olduğunu nümayiş etdirmişdir. Həmin əlavə və dəyişikliyə görə, dövlətin ali məqsədi insan hüquq və azadlıqların qorunması ilə yanaşı, vətəndaşların layiqli həyat səviyyəsini təmin etməkdir. Göründüyü kimi, bütün hüquqlarımız dövlət tərəfindən yüksək səviyyədə qorunmaqdadır. Dövlətimizin başçısı İlham Əliyev bildirmişdir: “Bu gün Azərbaycanda bütün azadlıqlar mövcuddur. Ancaq eyni zamanda, qanun-qayda da var. Azərbaycanda Konstitusiyada təsbit olunmuş bütün azadlıqlar, hüquqlar qorunur. Eyni zamanda, hər bir vətəndaş da məsuliyyətini hiss etməlidir. Heç kimə imkan verilməyəcək ki, qanunu pozsun. Heç kimə imkan verilməyəcək ki, hansısa müstəsna güzəştlərə malik olsun. Hamı necə, başqası da elə. Biz hüquqi dövlət qururuq. Qanunun aliliyi bizim üçün başlıca şərtdir və heç kimə, heç bir şəxsə, heç bir qüvvəyə imkan verilməyəcək ki, qayda-qanunu pozsun, qeyri-qanuni hərəkətlər etsin.”

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevin 2007-ci ildə imzaladığı Fərmana əsasən 17 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis edilmişdir. Həmçinin insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın qəbulu da insan amilinə diqqətin bariz nümunəsidir.

Ötən 30 ildə görülən işlərin və atılan addımların uğurlu nəticəsi olaraq Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından 2003-cü ilə qədərki dövrdə 425 qanun, beynəlxalq sənədlərə qoşulmaya dair 419 müvafiq akt, 100 mindən artıq insana şamil edilən 32 əfv sərəncamı və 7 amnistiya aktı qəbul edilmişdir. Əfv sərəncamları, və amnistiya aktları dövlətin insan hüquq və azadlıqlarının qorunmasına diqqətinin ifadəsidir. Dövlət başçısı İlham Əliyevin əlamətdar günlərdə, eləcə də bayramlarda əfv sərəncamları imzalaması Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan humanizm siyasətinin uğurla davam etdirilməsinin təsdiqidir. 2003-cü ildən Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən 40-a yaxın əfv Sərəncamı imzalanmışdır.

Göründüyü kimi, dövlətimiz daim vətəndaşının yanında olmaqla, onun hüquq və azadlıqlarının etibarlı təminatçısıdır. Azərbaycan demokratik dəyərlərə sadiqliyini sadəcə sözdə deyil, eyni zamanda əməldə də təsdiqləmişdir. Bütün bu işlərin vəhdətinin qorunması ölkəmizin hərtərəfli inkişafında vacib amildir.

Qeyd olunanlarla yanaşı, bu il 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin beş ili tamam olur. Şanlı Qələbəmiz ölkəmizin Ümummilli Liderinin 1993-cü ildə hakimiyyətə qayıdışından başlayaraq bu günədək keçdiyi inkişaf yolunun aydın mənzərəzsini yaradır. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri tarixi zəfərə imza atmış, öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olmuşdur. Həmçinin, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan  konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror əməliyyatına başlanmış, cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirərək növbəti parlaq qələbə nəticəsində Azərbaycan Respublikası öz suverenliyini bütün ərazilərində tam bərpa etmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə qürurla dalğalanır. Suverenliyimizin tam bərpası yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında yeni üfüqlərin açılmasına gətirib çıxarmışdır. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident, parlament, bələdiyyə seçkilərinin keçirilməsi, dövlət başçısı İlham Əliyevin prezident seçkilərində ailə üzvləri ilə birlikdə Xankəndidə səs verməsi qürurverici hadisələrdən olmuşdur. Bu gün Qarabağımız və Şərqi Zəngəzurumuz yeni reallıqlar fonunda cənnət məkana çevrilməkdədir. Soydaşlarımız Böyük Qayıdış Proqramının uğurlu icrası nəticəsində mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıtmaqdadılar. Tarixi Zəfərimizin, suverenliyimizin əbədiləşdirilməsinə yönələn addımlar davamlılığı ilə diqqətdədir. Belə ki, Zəfər Gününün, Dövlət Suverenliyi Gününün, azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi bu məqsədə xidmət edən mühüm addımlar sırasındadır. Bu gün, uğurlarımızın qeyd olunan davamlılığı ölkəmiz üçün yeni hədəfləri şərtləndirir. “Konstitusiya və Suverenlik ili” ilə bağlı Sərəncamda da vurğulandığı kimi, bu gün Azərbaycan xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

Bəhruz Qədirli,
Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq,
təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti,
I dərəcəli hüquqşünas

Seçilən
28
ikisahil.az

1Mənbələr