525.az saytından alınan məlumata görə, ain.az bildirir.
Elə yaradıcı insanlar var ki, onlar üçün zamanın keçidi daha həvəslə çalışmağa sanki stimul yaradır. Bu insanlar zamanın gedişinə fikir vermədən çalışır, yeni əsərlər yaradır, bundan sevinc hissi keçirirlər. Biz belə insanları, ilk növbədə yaradıcı ziyalıları xoşbəxt adlandırardıq. Çünki onlar həqiqi xoşbəxtliyi yaradıcı əməyin çinar kimi boy atmasında, illər ötdükcə daha da ucalmasında görürlər. Bu sadə, lakin mənalı həqiqəti dərk etmək onlara ruhi və fiziki güc verir, onları daim ön cərgələrdə saxlayır. Belə insanlar zamanla zəifləmir, əksinə, illər ötdükcə çalışmaqda, əsl gənclik həvəsi ilə qurub yaratmaqda davam edirlər. Onlardan biri də görkəmli tədqiqatçı alim, filologiya elmləri doktoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevdir.
Timuçin müəllimi geniş oxucu kütləsinə tanıtmağa ehtiyac yoxdur. Yorulmaz tədqiqatçı alim bütün ömrü boyu çalışmış, ədəbiyyatın, mədəniyyətin, incəsənətin inkişafına təmənnasız xidmətlər göstərmişdir. Onun qələmə aldığı kitab və məqalələr Azərbaycan bədii mədəniyyətinin əhatəli mənzərəsinin yaradılmasında mühüm mənbə kimi hər zaman dəyərlidir.
Timuçin müəllim erkən gənclik illərindən elm və sənət yollarında inamla addımlamışdır. Belə bir deyim var: "Ot kökü üstündə bitər". Xalq yazıçısı İlyas Əfəndiyev ocağında doğulub böyümüş, boya-başa çatmış bir insan başqa cür ola bilməzdi. Timuçin müəllim həyatda məhz olmalı olduğu kimi də oldu - Vətənini, ocağını və əlbəttə ki, ədəbiyyatı, incəsənəti ürəkdən sevdi, elmlə məşğul oldu, böyük təşkilatçılıq, idarəçilik, rəhbərlik məharətini nümayiş etdirdi.
Timuçin Əfəndiyev hələ gənclik illərində o, zamanın mühüm qurumu olan, Azərbaycan gənclərinin təşkilatlanmasında, inkişafında aparıcı rol oynayan Respublika Gənclər təşkilatında çalışmışdı. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublikada rəhbərliyə başlaması ilə gənclər təşkilatı daha böyük nüfuz sahibi oldu. Azərbaycanın müstəqilliyini irəlicədən görən Heydər Əliyev gənclərin ideyaca formalaşmasında, onlara Vətən sevgisinin aşılanmasında bu qurumun rolunu xüsusi qiymətləndirirdi.
Timuçin Əfəndiyevin elmi-təşkilatı fəaliyyətinin mühüm mərhələsi onun indiki AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda işlədiyi dövrlə bağlıdır. Hüseyn Cavidin ideyalar aləmi mövzusunda müdafiə etdiyi dissertasiya böyük mütəfəkkir və dramaturqun ədəbi irsinin yeni rakursda öyrənilməsinin başlanğıcını qoydu. Bu, həm də uzun illər adının çəkilməsi yasaq olan ədibin yaradıcılıq fəaliyyətinin öyrənilməsində daha bir uğurlu addım oldu.
Ədəbiyyat İnstitutunda elmi katib vəzifəsində işləyən gənc alim qısa müddətdə səriştəli təşkilatçı kimi ad çıxartdı. Ədəbiyyat İnstitutu kimi böyük, nüfuzlu müəssisədə elmi katib işləmək asan iş deyildi. Lakin gənc alim bu işin öhdəsindən məharətlə gəldi. Bu, onun daha böyük, daha məsuliyyətli idarəçilik fəaliyyəti üçün bir sınaq məktəbinə çevrildi.
Professor Timuçin Əfəndiyevin elmi-yaradıcılıq və idarəçilik fəaliyyətinin böyük bir mərhələsi indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin adı ilə bağlıdır. Timuçin müəllim uzun illər burada dekan, rektor vəzifələrində çalışıb. Hansı vəzifəni tutmasından asılı olmayaraq hər zaman tədris proseslərinin, yaradıcılıq aurasının mərkəzində dayanıb.
Tale elə gətirib ki, bu sənət məbədinin həm çətin, həm də uğurlu dövrləri Timuçin müəllimin rektor işlədiyi zamanlara təsadüf edib. Onun zamanında - 1990-cı ildə İncəsənət İnstitutu Universitetə çevrildi. Bu, respublikada ilk analoji hadisə idi. Həmin dönəmdə "Bakıda ikinci universitet" deyimi də gündəmə düşmüşdü. 90-cı illlərin əvvəllərindəki çətinliklərə sinə gərmək, Universiteti qorumaq onun alın yazısı idi. Sonralar, Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtması ilə Universitetdəki mütərəqqi dəyişikliklər, tədris prosesinin inkişafı da Timuçin müəllimin millətə, Vətənə xidmətləri cərgəsindədir.
Professor Timuçin Əfəndiyevin yaradıcılıq və rəhbərlik fəaliyyətinin başqa bir mərhələsi Bakı Xoreoqrafiya Akademiyası ilə əlaqədardır. Böyük sənət ənənələrinə malik Xoreoqrafiya məktəbinin bazasında nüfuzlu ali təhsil müəssisəsinin yaradılması günün tələbi idi. Bu məqamda Timuçin müəllimin geniş yaradıcılıq və təşkilatçılıq təcrübəsi özünü əməli işdə bir daha göstərdi. Tumuçin müəllim hələ Mədəniyyət və İncəsənət Universitetində işlərkən öz təşəbbüsü ilə orada "Xoreoqrafiya sənəti" kafedrasını yaratmışdı. Bu kafedra iki sənət ocağı arasında bir növ körpü rolunu ifa edirdi. Kafedranın müəllimləri həm də xoreoqrafiya məktəbində dərs deyirdilər. Timuçin müəllim yeni yaradılmış Akademiyaya rektor təyin edildi, bu çətin işin məsuliyyətini öhdəsinə götürdü.
Harada işləməsindən asılı olmayaraq professor Timuçin Əfəndiyev bütün həyatı boyu elmin və sənətin qoşa məcrasında yaşayıb-yaradıb. Bu, yorulmaz tədqiqatçı alimin yaradıcı irsinin çoxcəhətli xarakterini müəyyən etmişdir. Alimin qələmə aldığı kitabların böyük qismi dramaturgiya və teatr, ədəbiyyat nəzəriyyəsi, incəsənət, kulturologiya ilə bağlıdır. Hesab edirik ki, bu sırada incəsənətin mövqeyi daha önəmlidir. Timuçin Əfəndiyev incəsənətin əksər sahələrini əks etdirən kitablar, monoqrafiyalar müəllifidir. Elm ilə təhsilin qovuşmasında yazılmış bu kitablar həm elmi tədqiqat işi, həm də dərs vəsaiti kimi dəyərlidir.
Timuçin müəllim hər zaman öndə olan insanlardandır. Bu gün o, yaradıcı ömrünün zirvə çağlarını yaşayır. Biz yazının əvvəlindəki fikrə bir daha diqqət çəkmək istərdik: o adam xoşbəxtdir ki, işini, əməyini sevir, çünki bu sevgi ona güc verir. Filologiya elmləri doktoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev məhz belə bir sevgiyə malik xoşbəxt insanlardandır. Böyük ustadımıza, müəllimimizə ömrünün məsul zirvə çağında daha böyük nailiyyətlər arzu edirik!
Xəzər ZEYNALOV
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.