AZ

Azərbaycanda ekologiya və ətraf mühitin mühafizəsi necə təşkil olunur – ŞƏRH

Ölkəmizdə həyata keçirilən genişmiqyaslı yaşıllaşdırma kampaniyaları, ətraf mühitə zərərli tullantıların azaldılması istiqamətində reallaşdırılan tədbirlər, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi respublikamızda ekoloji mühitin əsaslı şəkildə sağlamlaşmasını təmin edib. Ekoloji problemlər müasir dünyada getdikcə daha çox narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Çin, Hindistan kimi böyük dövlətlərin iri şəhərlərində ekoloji problemlər, havanın, suyun çirklənməsi böhran həddinə çatıb. Canlılar aləmini təhdid edən qlobal istiləşmənin sürətlənməsində də ekoloji problemlərin, atmosferdəki zərərli qazların artmasının rolu artıq geniş miqyasda qəbul olunur. Təsadüfi deyil ki, ekoloji tarazlığın və ətraf mühitin qorunması Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Son illərdə bu sahədə görülən işlər daha intensiv və genişmiqyaslı xarakter alıb.

Təbiətin qorunması, ayrı-ayrılıqda fauna və floranın, ətraf mühitin, təbii ehtiyatların, mühafizəsi, bərpası hər zaman öz aktuallığını qoruyur. Bizi əhatə edən təbiəti, ətraf mühiti, təbii ehtiyatları qorumaqla, mühafizə və bərpa etməklə gələcək nəsillərə ötürə bilərik ki, gələcək nəslin də tələbatı ödənilsin və məhz elə bu baxımdan da prioritet məsələ sayılır. Buna görə də bu məsələ ölkədə davamlı inkişaf konsepsiyasının tərkib hissəsinə çevrilib və ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, mühafizəsinin təkmilləşdirilməsi Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycanın ekoloji durumu son illərdə cəmiyyətin, eləcə də dövlətin diqqət mərkəzindədir. Müxtəlif təbii və antropogen təsirlər nəticəsində ölkədə ciddi ekoloji problemlər yaranıb və bu vəziyyət davamlı inkişafı təhlükə altına alır.

Meteoroloq Cavid Hüseynovun KONKRET.az-a verdiyi məlumata görə, ekosistemlərin qorunması, ətraf mühitin sağlamlaşdırılması və ekoloji maarifləndirmə bu sahədə prioritet məsələlərdəndir.

Ekologiya — canlı orqanizmlərlə onların fiziki mühiti arasında qarşılıqlı əlaqəni öyrənən elmdir. Bu əlaqələr müəyyən coğrafi sahədə təşkil olunmuş sistemlər , ekosistemlər vasitəsilə həyata keçirilir. Ekosistemlər qeyri-üzvi maddələr (karbon, azot, su), üzvi birləşmələr (zülallar, karbohidratlar), iqlim amilləri, həmçinin istehsalçılar (bitkilər), istehlakçılar (heyvanlar, mikroorqanizmlər) və parçalayıcılardan ibarətdir.

Cavid Hüseynov bildirir ki, insan fəaliyyəti nəticəsində ekosistemlər pozulub:

“Əvvəllər təbiətin bir parçası olan insan, son minillikdə təbiətə qarşı davranmağa başlayıb. Kənd təsərrüfatı, sənaye və urbanizasiya ekoloji tarazlığı pozaraq ciddi nəticələrə səbəb olub. Bu gün artıq planetar miqyasda dayanıqlı inkişaf məsələləri müzakirə olunur.”

Azərbaycanın ekoloji problemləri də həm lokal, həm də qlobal səviyyədə diqqətə layiqdir. Ən ciddi ekoloji fəsadlar Abşeron yarımadasında müşahidə olunur. Əhalinin 70 faizindən çoxunun yaşadığı bu ərazidə əsas problem neft və qaz hasilatıdır. Lay sularının, neft tullantılarının torpağa və su hövzələrinə axıdılması nəticəsində 33 min hektar torpaq yararsız hala düşüb. Yarımadada həmçinin kanalizasiya sistemlərinin natamamlığı səbəbindən hər il 560 milyon kubmetrə qədər çirkab su ətrafa axıdılır.

Bundan başqa, Bakı buxtası da kritik ekoloji sahələrdən biridir. Buraya gündəlik 937 min kubmetr çirkab su daxil olur ki, bunun böyük hissəsi məişət mənşəlidir. Sumqayıt və Suraxanı rayonlarında isə sənaye tullantıları, o cümlədən radioaktiv maddələr uzun müddətdir zərərsizləşdirilmədən qalır. Bu isə ətraf mühitə və əhali sağlamlığına birbaşa təhlükə yaradır.

Cavid Hüseynovun sözlərinə görə, təbii ehtiyatların tükənməsi, atmosferin çirklənməsi, suyun keyfiyyətinin aşağı düşməsi, biomüxtəlifliyin azalması və torpaqların deqradasiyası Azərbaycanda əsas ekoloji problemlərdəndir:

“Bunların həlli təkcə lokal tədbirlərlə mümkün deyil. Ekoloji problemlər beynəlxalq əməkdaşlıq və güclü hüquqi mexanizmlərlə aradan qaldırılmalıdır.”

Azərbaycan hökuməti bu istiqamətdə bir sıra qanunvericilik aktları qəbul edib.

“Ətraf mühitin mühafizəsi haqqında” Qanun, ekoloji standartların tətbiqi, monitorinqlər və qiymətləndirmələr, eləcə də ekoloji təhsil sahəsində atılan addımlar mühüm əhəmiyyət daşıyır”.

Ekspertin fikrincə, ekoloji təhsilin gücləndirilməsi və ictimai maarifləndirmə vacib şərtlərdəndir:

“Ekoloji mədəniyyət təkcə məktəblərdə yox, həm də ailədə və cəmiyyətdə formalaşmalıdır. İnsan təbiətə hörmətlə yanaşmağı öyrənməlidir. Əks halda, gələcək nəsillərə yaşana biləcək bir dünya buraxmaq mümkün olmayacaq.”

Nəticə etibarilə, Azərbaycan üçün ekoloji problemlərin aradan qaldırılması uzunmüddətli və sistemli yanaşma tələb edir. Davamlı inkişaf, təbiətlə harmonik münasibət və sağlam ətraf mühit üçün həm hökumət, həm də vətəndaş cəmiyyəti üzərinə böyük məsuliyyət düşür.

Aynurə İsmayıl

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusuna uyğun olaraq dərc edilir.

Seçilən
2
1
konkret.az

2Mənbələr