AZ

Emin Kürdov: “Məqsəd dəyişməz olaraq qalır”

Futzal üzrə UEFA Çempionlar Liqasında mübarizə aparacaq Azərbaycan çempionu “Araz-Naxçıvan”ın kapitanı Emin Kürdov püşkü dəyərləndirib.

Arena.az xəbər verir ki, o, Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Çətin bir mövsüm keçirdik. Maraqlı görüşlər oldu. Çempion olmaq tapşırığını yerinə yetirdik və buna görə şadam. Əlbəttə, asan olmadı, yenildiyimiz, heç-heçə etdiyimiz matçlar oldu. İndi hədəf UEFA Çempionlar Liqasında yaxşı nəticələr qazanmaqdır. Artıq püşk atılıb. Qrupumuzun ən reytinqli komandasıyıq. Yəni kağız üzərində favorit “Araz-Naxçıvan”dır. İndi biz bunu meydanda da sübut etməliyik. İyulun sonlarında hazırlığa başlayacağıq. Yaxşı toplanış keçib məqsədə doğru yola çıxacağıq”.

Emin Kürdov Çempionlar Liqası matçlarının önəmindən də söhbət açıb:

“Karyeram baxımından da qarşıdakı 3 matç çox vacibdir. Çünki çempionluğa gedən yolda komandama bacardığım qədər kömək edə bildim. Bunu məşqçilərimiz də hər dəfə qeyd edirdi. İndi beynəlxalq arenada bunun davamını gətirməliyik. Kapitan olaraq məsuliyyətimizi, bizdən gözləntiləri anlayırıq. Bu arada, “Araz-Naxçıvan”la başa çatan müqaviləni yenilədik. Daha bir il ölkə çempionunun heyətində yer alacağam. Bu imkanı yaratdığına görə klub rəhbərliyənə təşəkkür edirəm. Etimadı doğrultmağa çalışacağam”.

Emin Kürdov rəqibləri də dəyərləndirib:

“Rəqiblərimiz arasında tanış olanı var. “Sparta Belfast”la ötən mövsümdə də qarşılaşmışdıq və 7:1 hesabı ilə qələbə qazanmışdıq. Şotlandiya və Avstriya çempionları bizim üçün müəmmalıdır. Oyunlara qədər məşqçilər korpusu lazım olan məlumatı toplayacaq və necə oynamalı olduğumuzu bildirəcəklər. İstənilən halda, məqsəd dəyişməyir: əsas mərhələyə vəsiqə qazanmaq. Buna nail olmaq, “Araz-Naxçıvan”ın əvvəlki əzəmətini qaytarmaq üçün əlimizdən gələni edəcəyik. Heyətimiz də gücləndirilir. Yeni transferlərimiz hazırlığın ilk günündən komandaya qoşulacaqlar”.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq və Şimali İrlandiyanın “Sparta Belfast”, Şotlandiyanın “PYF Saltires” və Avstriyanın “Lyuti Krayişniçi” komandaları ilə qarşılaşacaq. Bu qrupun oyunları avqustun 26-dan 31-dək Avstriyada keçiriləcək. Yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.

Seçilən
25
2
arena.az

10Mənbələr