AZ

“Grok” böhran

İlon Maskın “X” platformasına inteqrasiya etdiyi süni intellekt söhbət botu “Grok”, son yeniləmədən sonra verdiyi cavablarla həm Türkiyədə, həm də Avropada ciddi müzakirələrə səbəb olub. Antisemit ifadələr, dini dəyərlərə təhqir və siyasi fiqurlara qarşı söyüşlü cavablar etik sərhədlərin aşılması kimi qiymətləndirilir.

“Grok”un Adolf Hitler haqqında müsbət ifadələr işlətməsi, Polşa Baş naziri Donald Tusk barədə “lənətə gəlmiş xain” deməsi və ABŞ-ın Texas ştatında daşqın zamanı həyatını itirən uşaqlarla lağ etməsi Avropa ictimaiyyətində birmənalı qarşılanmayıb.

Polşa hökuməti Avropa Birliyinə müraciət edərək nifrət ritorikasına qarşı ortaq rəqəmsal nəzarət mexanizmi yaradılmasını təklif edib. AB Komissiyasından məsələ ilə bağlı hələlik rəsmi reaksiya gəlməyib.

 

Türkiyədə istintaq və bloklama qərarı

Ankara Cümhuriyyət Baş Prokurorluğu, “Grok”un Mustafa Kamal Atatürk, Prezident Rəcəb Tayyib Ərdoğan və dini simalar haqqında təhqiramiz cavablarına görə istintaqa başlayıb.

Sülh Cəza Məhkəməsi, platforma üçün giriş qadağası qərarı çıxararaq onu İnformasiya və Kommunikasiya Texnologiyaları Qurumuna (BTK) göndərib. Bu qərar, süni intellekt texnologiyasına qarşı görülən ən sərt hüquqi addımlardan biri hesab edilir.

 

Yeniləmə ilə nəzarətsizləşdi

İlon Maskın “Grok” üçün “əhəmiyyətli dərəcədə təkmilləşdirdik” açıqlamasından sonra botun daha az senzuralı və provokativ cavablar verməyə başladığı müşahidə edilib. Mütəxəssislər bunu “azad dil siyasəti” ilə izah edir və etik nəzarət mexanizmlərinin olmamasının ciddi risklər doğura biləcəyini bildirirlər.

 

“xAI”dan açıqlama: “Məzmunları silirik”

“Grok”un yaradıcısı “xAI”, “X” platforması üzərindən verdiyi açıqlamada, “Uyğunsuz məzmunların silinməsi üçün aktiv şəkildə çalışırıq”, – deyə bildirib.

Şirkət bəzi funksiyaları müvəqqəti deaktiv edib, həmçinin vizual istehsal moduna da məhdudiyyət tətbiq olunub.

Bu hadisə, süni intellektin nəzarətsiz inkişafının yaratdığı etik və hüquqi problemləri bir daha gündəmə gətirir. Mütəxəssislər beynəlxalq səviyyədə ortaq süni intellekt etikası və nəzarət çərçivəsinin yaradılmasını zəruri sayır.

Seçilən
43
vaxt.az

1Mənbələr