AZ

Abu-Dabi görüşü Azərbaycanın sülh gündəliyində təşəbbüskar tərəf olduğunu bir daha nümayiş etdirdi- ŞƏRH

Bakı, 10 iyun, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərində keçirilən son görüş regional sabitlik və sülh gündəliyinin irəlilədilməsi baxımından mühüm mərhələ sayıla bilər. Görüşün konstruktiv və qarşılıqlı anlaşma mühitində keçməsi, tərəflərin əsas məsələlər üzrə, o cümlədən sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və sülh müqaviləsinin paraflanması istiqamətində ciddi və substantiv müzakirələr aparması diqqət çəkir. Bu görüşün ən önəmli tərəfi odur ki, prosesin liderliyini Azərbaycan öz üzərinə götürüb. Prezident İlham Əliyevin hərbi, siyasi və diplomatik müstəvidə ardıcıl, prinsipial mövqeyi Azərbaycanın sülh gündəliyində təşəbbüskar tərəf olduğunu bir daha nümayiş etdirdi. Bakı yalnız regional kommunikasiyaların bərpasının və inteqrasiyanın təmin olunması ilə maraqlanmadığını, eyni zamanda, Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq üçün real siyasi iradə ortaya qoyduğunu sübut etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Züriyə Qarayeva söyləyib.

O bildirib ki, Azərbaycanın bu istiqamətdə atdığı addımlar Ermənistan tərəfindən də artıq müəyyən mənada qəbul olunur və bu, BƏƏ-dəki görüşdə konstruktiv ab-havanın yaranmasında əhəmiyyətli rol oynayıb. Bu kontekstdə görüşün BƏƏ kimi neytral və regional maraqları olmayan bir ölkədə keçirilməsi də səmimiyyəti və qarşılıqlı güvəni artıran amil kimi çıxış edib.

“Nəticə etibarilə BƏƏ görüşü Azərbaycanın diplomatik çevikliyi, strateji düşüncəsi və liderlik qabiliyyəti fonunda regionda yeni reallıqların formalaşmasında mühüm addım kimi qiymətləndirilə bilər. Sülh müqaviləsinə aparan yolda bu cür təmasların davam etdirilməsi isə Bakının irəli sürdüyü konstruktiv xəttin bölgədə nə qədər cəlbedici və rasional olduğunu bir daha təsdiqləyir”, - deyə politoloq vurğulayıb.

Seçilən
23
azertag.az

1Mənbələr