AZ

Paşinyanla kilsənin açıq mübarizəsi- ÖZƏL

Ermənistanın Baş naziri Nikol Paşinyan kilsə, müxalifət və oliqarxlara qarşı sərt addımlar atır. O, Erməni Apostol Kilsəsini "anti-xristian və anti-dövlət" adlandıraraq onun təsirini zəiflətməyə çalışır. Arxiyepiskoplar, milyarder Samvel Karapetyan və bəzi müxalif deputatlar həbs olunub və istintaqlara cəlb edilib. Ekspertlər Paşinyanın bu kampaniyanı Qərbin səssiz razılığı ilə apardığını düşünür. Lakin artan narazılığa baxmayaraq, kütləvi etirazlar zəif qalır.

Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:

"Paşinyan öz məqsədini açıq şəkildə elan etmişdir. O, faktiki olaraq, kilsənin illərdir əhalini şovinist, faşist ruhda tərbiyə etməsini, "dənizdən dənizə Ermənistan" ideyasının cəmiyyətə aşılanmasını inkar edir və bu xəyali, qeyri-real Ermənistan anlayışından imtina edərək,  ərazidə real Ermənistan Respublikası yaratmağa çalışırdı. O düşünürdü ki, biz xəyallar aləmində yaşamaqdansa, real Ermənistanı qorumalı, onu dəstəkləməli və inkişaf etdirməliyik. Faşistlərin fikri isə əksinə idi.
Bu yanaşmaya qarşı duran üç əsas qüvvə vardı. Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına,  iqtisadi əməkdaşlığın başlanmasına qarşı çıxan bu qüvvələr - erməni kilsəsi, keçmiş Qarabağ klanı, faşist, şovinist partiyalar və erməni diasporası idi. Paşinyan eyni anda bu üç güclü quruma qarşı mübarizəyə başladı.
İlk olaraq o, Köçəryanla mübarizə apardı. Bu xətin təmsilçiləri olan keçmiş rəhbərlər - Köçəryan və digər şəxslər hakimiyyətə qarşı çevriliş cəhdlərində ittiham edilərək həbs olundular. Lakin Rusiya təzyiqləri nəticəsində onlar azad edildi. Buna baxmayaraq, mübarizə davam etdi və keçmiş müharibə  nümayəndələri də ardıcıl olaraq həbs edilməyə başlandı.
Rusiya gördü ki, artıq təkcə müharibə  vasitəsilə Paşinyana qarşı mübarizəni təşkil etmək mümkün deyil. Bu səbəbdən, dövriyyəyə erməni kilsəsi də daxil edildi. Beləliklə, Ermənistanda siyasi mübarizə artıq kilsə ilə qarşıdurma səviyyəsinə keçdi. Çünki kilsə həm geniş ictimai nüfuza, həm də ciddi iqtisadi resurslara malik bir institut idi.
Kilsəyə qarşı mübarizə bu şəkildə başladı: əvvəlcə kilsə regionlarda Paşinyana qarşı təbliğat aparmağa başladı, mərkəzdə isə gərginlik yarandı. Daha sonra kilsənin mərkəzi aparatı da bu çıxışlara dəstək verdi. Beləliklə, Paşinyana qarşı kilsənin də açıq mübarizəyə qoşulduğu bir mərhələ başlandı. Paşinyanın başqa şansı yox idi - o, artıq kilsəni ittiham etdi, onu günahlandırdı. Eyni zamanda bildirdi ki, kilsənin müqəddəs əşyalara toxunulmaz olması anlayışı siyasətə tətbiq oluna bilməz. Beləliklə, o, Ermənistanda siyasi mübarizədə kilsəni açıq şəkildə hədəfə alan ilk siyasətçi oldu.
Mən düşünürəm ki, bundan sonra artıq daxildəki bu üç qüvvədən biri - diaspora  da siyasi təsir gücünü itirməyə başladı. Paşinyan isə ölkədə öz hakimiyyətini bərqərar etməyə çalışırdı. Bu zaman iş adamlarının həbsi prosesi başladı. Bu həbslərin arxasında motivasiya ondan ibarətdir ki, Rusiya Ermənistanda oliqarx layihə həyata keçirmək istəyir. Bu layihəyə əsasən, Rusiyaya bağlı şəxslərin vasitəsilə ölkədə idarəetməni ələ almaq planlaşdırılır. Bundan əvvəl bu plan Ruben Vardanyanla sınaqdan keçirildi, amma uğursuz oldu. Vardanyan hazırda həbsdədir. İndi isə ikinci cəhd Karen Karapetyan vasitəsilə həyata keçirilir. Lakin Paşinyan bu dəfə də prosesin qarşısını almağa çalışır.
Fakt ondan ibarətdir ki, Paşinyan ölkə daxilində ona qarşı planlaşdırılan çevriliş cəhdlərinin qarşısını almağa çalışır. Burada Avropa İttifaqının səssizliyi isə Rusiyanın əleyhinə, Paşinyanın mövqeyini dəstəkləmək məqsədi daşıyır. Bu eyni zamanda həm Rusiyanın bölgədəki təsirinin qarşısını almağa, həm də Qərbin mövqeyinin möhkəmlənməsinə xidmət edir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr