Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, CASCFEN İH üzvü Əkbər Qoşalı deyib. O bildirib ki, Paşinyanın "anti-xristian və anti-dövlət qurum" adlandırdığı Erməni Apostol Kilsəsinə qarşı sərt ritorikası, "təmizləmə əməliyyatı"nın nə qədər radikal və məqsədyönlü olduğunu göstərir. O, sanki öz xalqının dini-tarixi sütunlarını bir-bir sökərək "Yeni Ermənistan" inşa etmək istəyir; amma bu "Yeni Ermənistan" hansı dəyərlər üzərində qurulur və kimlər tərəfindən sifariş olunur?
Paşinyan hakimiyyətə "məxməri inqilab"ın simvolu kimi gəlmişdi; lakin bu gün onun atdığı addımlar - siyasi və dini opponentlərin hüquqi baxımdan zərərsizləşdirilməsi - məhz totalitar təfəkkürlə idarə edilən dövlətlərdə müşahidə olunan proseslərdir. Parlamentdə üç müxalif deputatın toxunulmazlıqdan məhrum edilməsi, korrupsiya adıyla cinayət işlərinin açılması, oliqarx Samvel Karapetyanın həbsi və biznes imperiyasına təzyiqlər - bunlar bir "demokratik dəyişiklik"in yox, "idarəetmənin mərkəzləşdirilməsi"nin göstəricisi sayıla bilər.
Əkbər Qoşalının sözlərinə görə, Paşinyan Ermənistanın dayaqlarını sıradan çıxararaq ölkəni Batının siyasi orbitinə yönəldir.
"Ən diqqətçəkən məqamlardan biri isə Batının bu hadisələrə bir növ susqun yanaşmasıdır. Vaxtilə Ermənistanda kilsəyə edilən xırda iradlara belə reaksiya verən dairələrin indi səssiz qalması, məsələnin "daxili məsələ" kimi təqdim olunması, əslində Paşinyanın bu addımları Batının gizli razılığı ilə atdığını göstərir. Bu isə Ermənistanın suverenliyi deyil, geosiyasi yönləndirilməyə açıq bir dövlətə çevrilməsi deməkdir. Kilsənin, müxalifətin, oliqarxiyanın zəiflədilməsi ilə Paşinyan faktiki olaraq ölkənin ideoloji, siyasi və iqtisadi dayaqlarını yenidən formatlayır - amma hansı məqsəd uğrunda?..
Bəllidir ki, Ermənistan uzun illər Batıyla Rusiya arasında "ikiqütblü dəngə siyasəti" yürüdürdü. İndi isə bu dəngə pozulur və Ermənistan daha açıq şəkildə Batı orbitinə daxil edilir. Paşinyanın sərt daxili kampaniyası da bu inteqrasiya prosesinin "daxili müqavimətləri"ni neytrallaşdırmağa yönəlmiş kimi görünür. Belə demək olarsa, kilsə - milli yaddaş, oliqarxlar - iqtisadi dayaq, müxalifət - siyasi alternativ idi. Bunların hər biri "dəyişimin qarşısında əngəl" kimi qələmə verilir və bir-bir sıradan çıxarılır.
Bununla belə, Ermənistanda sosial narazılığın artdığı da göz önündədir. Amma maraqlıdır ki, etirazlar hələlik zəifdir, xalq isə ya qorxu ya da çaşqınlıq içindədir. Bu da Paşinyanın nə qədər dərindən sistemli şəkildə hərəkət etdiyini göstərir. Kilsə və oliqarxlar kimi tarixi gücləri bir anda darmadağın etmək, yalnız yetkiylə deyil, həm də icazə ilə - yəni geosiyasi havadarlıqla mümkündür...".
Araşdırmaçı-yazar qeyd edib ki, Ermənistan bu gün bir tərəfdən "avtoritar liberallıq" modelinə keçid edir, digər tərəfdən isə Batının təsir dairəsində yenidən formalaşır. Bu prosesin sonunda Ermənistan daha müstəqil, yoxsa daha asılı bir dövlətə çevriləcək? - bunu zaman göstərəcək. - Ancaq bir həqiqət artıq ortadadır: Ermənistanın daxili nizamı qıraq "masa"larda yenidən dizayn edilir. Paşinyan isə bu dizaynın "yerli icraçısı" rolunda görünür...
Səidə Ramazanova