AZ

Makronun ABŞ və Çinlə bağlı çağırışının GİZLİ MƏQAMLARI: Fransa liderinin planı nədir? 

Fransa Prezidenti Emmanuel Makron Avropa ölkələrini ABŞ və Çindən olan “ikili asılılıqdan” qurtulmağa çağırıb. “The Guardian” nəşrinin məlumatına görə, Makron bu fikirləri Britaniya Tarixi Kral Qalereyasında çıxışı zamanı səsləndirib. Bəs, Emmanuel Makronun Avropanı ABŞ və Çindən “ikili asılılıqdan” qurtulmağa çağırması nə dərəcədə real və praktikdir? Avropa İttifaqı bu istiqamətdə hansı addımları ata bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Emmanuel Makron artıq beynəlxalq aləmdə ciddi qəbul olunmayan siyasi fiqura çevrilib və onun çıxışları tez-tez reallıqdan uzaq olur:

Elçin Xalidbəyli

“Makron bir müddət əvvəl Avropa ordusunun yaradılması təşəbbüsü ilə çıxış etmişdi. Bu təşəbbüs qəbul olunmadı. İndi isə Avropanın ABŞ və Çindən asılılığını azaltmaq ideyasını gündəmə gətirir. Bu istiqamətdə real nəticələr əldə etmək isə yaxın illərdə mümkün görünmür. Avropa ölkələri və ABŞ NATO üzvüdür və təhlükəsizlik baxımından NATO-nun rolu danılmazdır. Bu asılılıqdan çıxmaq üçün 10 illərlə vaxt və böyük maliyyə resursları lazımdır.”

Politoloq qeyd edib ki, Avropa İttifaqının həm ABŞ, həm də Çinlə dərin iqtisadi və ticarət əlaqələri mövcuddur. Bu əlaqələrin indiki şərtlərlə Avropanın xeyrinə dəyişdirilməsi isə asan deyil:

“Bunun üçün Avropada əsas sahələr üzrə ciddi struktur dəyişikliklərə, istehsal və iqtisadi fəaliyyətin yenidən qurulmasına ehtiyac var. Yəni Makronun bu çağırışı hələ ki reallıqdan uzaqdır.”

Elçin Xalidbəylinin fikrincə, Fransa liderinin bu çıxışlarının arxasında daxili siyasi vəziyyət də dayanır:

“Fransa həm  ABŞ-dan, həm də Çindən ciddi şəkildə asılı olan bir dövlətdir. Hazırda ölkədə sosial böhran pik həddə çatıb, narazılıqlar artır. Belə vəziyyətdə Makronun hakimiyyətini sona qədər davam etdirib-etdirməyəcəyi də sual altındadır. Ona görə də beynəlxalq platformada bu cür çıxışlar sadəcə siyasi manipulyasiya kimi dəyərləndirilə bilər.”

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
3
1
konkret.az

2Mənbələr