AZ

Əbu-Dabidəki görüş: Vasitəçilərsiz dialoq və sülhə aparan yol - ÖZƏL

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə görüşü keçirilib.  Görüş konstruktiv atmosferdə keçib. Sülh gündəliyinin mühüm istiqamətləri - sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb.

Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlamasında bildirib ki, tərəflərin vasitəçilərsiz bir araya gəlməsi və dialoq yolu ilə həll axtarması bölgədə davamlı sülhə real ümidlər yaradır:

" Görüşün formatını və bu görüşlə bağlı Xarici İşlər Nazirliyinin verdiyi bəyanatı müsbət qiymətləndirirəm. Düşünürəm ki, bu cür birbaşa təmasların baş tutması, yəni tərəflərin vasitəçilər, təşkilatçılar və ya üçüncü tərəf təşəbbüskarlar olmadan bir araya gəlməsi, münaqişələrin səmərəli şəkildə müzakirə olunmasına və onların həlli yollarının tapılmasına şərait yaradır.  Belə formatda görüşlərin keçirilməsi, şübhəsiz ki, mühüm və faydalı nəticələrə gətirib çıxara bilər.
Hesab edirəm ki, bu format, eyni zamanda, bölgədə davamlı sülhün və sabitliyin təmin olunmasına, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına real töhfə verə bilər. Bu, gələcəyə ümid yaradan, konstruktiv bir yanaşmadır. Əgər Ermənistan tərəfi bu cür görüşlərdə əldə olunan razılaşmalara sadiq qalsa, verilən vədlərdən geri çəkilməsə və öhdəliklərinə əməl etsə, o zaman regionda çox ciddi müsbət dəyişikliklərin şahidi ola bilərik.
Bu, həm də Azərbaycanla Ermənistan arasında yeni bir səhifənin - sülh səhifəsinin açılmasına imkan verə bilər. Sülh sazişinin imzalanması reallaşa, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması mümkün ola bilər. Bütün bu proseslərin uğurla baş tutması isə birbaşa Ermənistanın iradəli və məsuliyyətli davranışından asılıdır. Azərbaycanın iradəsi və qətiyyəti isə artıq hər kəsə bəllidir - ölkəmiz sülhə hazırdır və konstruktiv yanaşmasını ardıcıl şəkildə nümayiş etdirir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr