AZ

Yük daşımalarında yeni marşrut -

Son illərdə dünya üzrə baş verən geosiyasi gərginliklər, xüsusilə də Rusiya-Ukrayna müharibəsi beynəlxalq nəqliyyat sisteminə ciddi təsir göstərib. Metbuat.az xəbər verir ki, münaqişə təkcə regional sabitliyi pozmayıb, həm də beynəlxalq yükdaşımaların marşrut seçimlərinə, daşınma xərclərinə və təhlükəsizlik məsələlərinə ciddi şəkildə təsir edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, Rusiya və Ukrayna arasında davam edən müharibə təhlükəsizlik risklərini artıraraq ənənəvi marşrutların təhlükəli və qeyri-stabil olmasına səbəb olub. Xüsusilə, Şimal nəqliyyat dəhlizi üzərindəki risklər nəticəsində yüklərin Orta dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) istiqamətinə yönləndirilməsi sürətlənib. Orta dəhliz məsafə, təhlükəsizlik və vaxt baxımından bir sıra üstünlüklərə malik olsa da, hələlik Çin-Avropa ticarət dövriyyəsinin cəmi 4-6 faizini təşkil edir. Bununla yanaşı, Süveyş kanalı üzərindən daşınmalarda da 50 faizədək azalma müşahidə olunmuşdur. Münaqişə və digər geosiyasi faktorlar beynəlxalq daşımaların dəyərini artırmaqla yanaşı, qlobal tədarük zəncirini də sarsıdıb. Hazırda Orta dəhliz, xüsusilə Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində strateji əhəmiyyət qazanmaqdadır. 2024-cü ildə bu dəhliz vasitəsilə 3.6 milyon ton yük və 50 min TEU konteyner daşınmış, ümumi buraxıcılıq qabiliyyəti isə 10 milyon ton təşkil edib. Növbəti mərhələdə bu göstəricinin 25 milyon ton yük və 200 min konteyner səviyyəsinə çatdırılması planlaşdırılır. Beynəlxalq təşkilatlar, o cümlədən ADB, BMT-nin SPECA Proqramı, Türk Dövlətləri Təşkilatı və CAREC, bu dəhlizi strateji və perspektivli marşrut kimi tanıyır. Gözləntilərə görə, yaxın gələcəkdə Orta dəhliz üzrə yükdaşımaların payı 15-20 faizə qədər artacaq. Daşımaların səmərəliliyini artırmaq üçün dəhlizlər üzrə vahid idarəetmə sistemi və bir operator modelinin tətbiqi zəruri sayılır. Bu, zaman itkilərinin qarşısını alaraq yük cəlbediciliyini artırır. Xəzər və Qara dənizdə liman infrastrukturlarının və gəmiçilik xidmətlərinin inkişafı, limanların dəmir yolları ilə əlaqələrinin möhkəmləndirilməsi prioritet məsələlərdəndir. Uzun məsafəli və iri həcmli yüklərin daşınması üçün dəmir yollarının modernləşdirilməsi və multimodal daşımaların inteqrasiyası vacibdir. Qeyd olunur ki, nəqliyyat dəhlizləri boyunca xidmət təminatçıları arasında rəqəmsal platformalar üzərindən çevik informasiya mübadiləsi yaradılmalıdır. Bu, sənədləşmə proseslərini sürətləndirəcək və təkrarçılığın qarşısını alacaq.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
5
1
metbuat.az

2Mənbələr