Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 10 iyul, Fidan Əlizadə, AZƏRTAC
Azərbaycan vətəndaşları üçün işğaldan azad edilmiş ərazilərə səfərləri daha əlçatan və planlı hala gətirmək məqsədilə “Yolumuz Qarabağa” portalı üzərindən əldə olunan icazələrin müddəti 2 gündən 5 günədək uzadılıb. Bu dəyişiklik artıq həmin bölgələrə yalnız ekspress yox, daha uzunmüddətli və rahat səyahətlər etməyə imkan verir. Əvvəllər fərdi minik avtomobilləri ilə bu ərazilərə səfərlər üçün verilən icazələr cəmi 2 günlük müddəti əhatə edirdi. Lakin bu, ailəvi və ya planlı istirahət üçün bəzən yetərli olmurdu. Yeni mexanizm çərçivəsində artıq vətəndaşlar Qarabağ və Şərqi Zəngəzur bölgələrində 5 günədək qalmaq imkanına malikdirlər ki, bu da turizm potensialının daha effektiv reallaşdırılmasına xidmət edir.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Ekoturizm Assosiasiyasının sədri Samir Dübəndi deyib.
Onun sözlərinə görə, təqdirəlayiq yeniliklərdən biri də hotellərdə rezervasiya edən şəxslərə giriş icazəsinin avtomatik verilməsidir.
“Artıq vətəndaşlarımız, əgər işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən bir hotelə rezervasiya ediblərsə, əlavə icazə prosedurlarına ehtiyac duymurlar – giriş icazəsi hotel tərəfindən onların adından sistem üzərindən alınır. Bu addım həm vaxt qənaəti, həm də səfərlərin daha çevik planlaşdırılması baxımından mühüm irəliləyişdir. Turistlər üçün operativlik və rahatlıq təmin edilir, xidmət təminatçıları üçünsə səmərəli əlaqələndirmə imkanı yaranır. Qəbul edilmiş qərarlar regionda sahibkarlığın inkişafına, yeni iş yerlərinin yaradılmasına və iqtisadi fəallığın yüksəlməsinə səbəb olacaq. Turist axınının artması ilə bərabər, yerli sahibkarlar üçün də, yeni hotel və qonaq evləri açmaq, ictimai iaşə obyektlərini genişləndirmək, turizm xidmətləri göstərmək (bələdçilik, nəqliyyat, ekskursiya paketləri) kimi sahələrdə real fürsətlər meydana çıxır. Bu baxımdan Qarabağ yalnız bərpa prosesi ilə deyil, aktiv iqtisadi zona kimi də ön plana çıxmağa başlayır. Vurğulanmalıdır ki, ərazilərə giriş hələ də icazə əsasında həyata keçirilir və bu tələbin əsas məqsədi təhlükəsizliyi təmin etməkdir. Səfər edən şəxslər mina təhlükəsizliyi ilə bağlı maarifləndirici materiallarla tanış olmalı, marşrutdan kənara çıxmamalı və səfər iştirakçılarını da məlumatlandırmalıdırlar”,- deyə o əlavə edib.
Hotellərin təqdim etdiyi avtomatlaşdırılmış icazə xidmətinin sadələşdirilmiş alternativ seçim rolu oynadığını diqqətə çatdıran Samir Dübəndi söyləyib: “Bu, vətəndaşlara əlavə rahatlıq təqdim edir, lakin yalnız hotel rezervasiyası ilə məhdudlaşmır – vətəndaşlar istəsələr, əvvəlki qaydada portaldan birbaşa da icazə ala bilərlər. Yeni qərarlar xüsusilə ailəvi və qrup şəklində səfərləri stimullaşdırır. Minik avtomobili ilə səfər üçün 9 nəfərlik limit (1 sürücü + 8 sərnişin) tam bir ailənin və ya kiçik tur qrupunun səyahəti üçün idealdır. 5 günlük müddət isə bu səfərin yalnız ziyarət deyil, faydalı istirahətə və emosional bağların möhkəmlənməsinə çevrilməsini təmin edir. Bu qərarlar Qarabağın və Şərqi Zəngəzurun dayanıqlı turizm inkişafı, rəqəmsal idarəetmə praktikasının tətbiqi, ictimai xidmətlərin vətəndaşa yaxınlaşdırılması və iqtisadi reinteqrasiya baxımından strateji addımlardır. Yeni qərarlar Qarabağın turizm, iqtisadiyyat və reinteqrasiya sahələrində strateji inkişafını gücləndirir. Sadələşdirilmiş icazə prosesi, rəqəmsal alətlərin tətbiqi və sahibkarlığa açılan qapılar göstərir ki, Qarabağ artıq təkcə tarixi torpaq deyil, həm də aktiv həyatın, sivil inkişafın və sabit gələcəyin mərkəzinə çevrilməkdədir. Vətəndaşlarımız artıq rahat şəkildə səfərlərini planlaya, rezervasiya edə və təhlükəsiz şəkildə Qarabağda istirahət edə bilərlər. Qarabağ – yalnız tarix yox, həm də gələcəyin turizm istiqamətidir”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.