AZ

“Tarixi sülh razılaşmasının astanasındayıq” – Zeynal Əmrəliyev – ÖZƏL

"Azərbaycan  və Ermənistan arasında sülh danışıqları ilə bağlı əsas problemlərdən biri Zəngəzur dəhlizi məsələsi idi. Hazırda bu məsələ ilə bağlı, yəni kommunikasiyaların açılması istiqamətində müəyyən irəliləyişlərin olduğu barədə fikirlər səsləndirilir. Düzdür, hələlik bu barədə rəsmi açıqlama verilməyib və biz də həmin açıqlamanı gözləməyə məcburuq".

Bu fikirləri bu gün Əbu-Dabidə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşlə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, sülh müqaviləsi ilə bağlı müsbət irəliləyişlər əldə olunub. Böyük ölçüdə əsas yol artıq qət olunub, sadəcə texniki məsələlər qalır. Bu da onu göstərir ki, sülh müqaviləsinin imzalanması məsələsi artıq real mərhələyə qədəm qoyub. Bu, olduqca müsbət haldır. Xüsusilə nəzərə almaq lazımdır ki, danışıqların keçirildiyi məkan - Birləşmiş Ərəb Əmirlikləri - neytral bir dövlətdir. BƏƏ faktiki olaraq həm Azərbaycana, həm də Ermənistana yaxın münasibətləri ilə tanınır. Bu baxımdan, hər iki dövlətin maraqlarına uyğun bir məkan seçilmişdir. Eyni zamanda BƏƏ-nin həm Azərbaycanla, həm də Ermənistanla yüksək səviyyədə iqtisadi əməkdaşlıq münasibətləri də mövcuddur. Bu da danışıqlar üçün önəmli faktorlardan biridir.

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan və Ermənistan vasitəçisiz danışıqlarla sülhə doğru tarixi addım atırlar.

"İkinci mühüm məsələ isə ondan ibarətdir ki, tərəflər bu dəfə danışıqları vasitəçisiz, birbaşa olaraq aparıblar. Vasitəçi olmadan iki ölkənin birbaşa danışıqlar masasına oturması və bu danışıqlarda real irəliləyişlərin əldə olunması mühüm nəticədir. Dünya mediası da bu görüşü geniş şəkildə işıqlandırdı. Görüşün müsbət ab-havada keçməsi, ona olan beynəlxalq marağın artmasına səbəb oldu. Hesab edirəm ki, danışıqlarda bir çox məsələlər artıq razılaşdırıldığı üçün növbəti görüşdə sülh müqaviləsinin imzalanması mümkündür. Görüş zamanı mühüm irəliləyişlərin əldə olunması, sülh gündəliyinin hər iki tərəf tərəfindən qəbul olunması, ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıması və kommunikasiyaların açılması barədə razılığın əldə olunması göstərir ki, sülhə doğru çox böyük bir mərhələ artıq geridə qalıb. Ümidvaram ki, yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında tarixi sülh razılaşmasının şahidi olarıq".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
olaylar.az

1Mənbələr