Böyük Britaniyada istilərin təsiri ilə Londonda 263 nəfər ölüb. London İmperial Kolleci və London Gigiyena və Tropik Tibb Məktəbinin tədqiqatçıları bildirib ki, bu ölümlərin 173-ü iqlim böhranı ilə birbaşa əlaqəlidir. "World Weather Attribution" qrupu isə Avropada istiliklə bağlı ölümlərin üç dəfə artdığını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmaya görə, Avropada 12 şəhərdə ümumilikdə 2300 nəfər istilikdən ölüb, bunların 1500-ü qlobal istiləşmə ilə əlaqələndirilir. Keçən həftə Londonda 34°C-yə çatan hava temperaturu Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin xəbərdarlıq etməsinə səbəb olub.
Elm adamları, istilik dalğalarının yaşlılar üçün böyük təhlükə yaratdığını bildirərək, "istilik qübbəsi"nin Avropadakı temperaturu qeyri-adi dərəcəyə qaldırdığını vurğulayıblar. Həqiqi ölü sayının isə on minlərlə olacağı ehtimal edilir.