AZ

MDB miqrantları üçün pis xəbər: Rusiya qapıları bağlayır

Rusiyada miqrantlarla bağlı cərimələrin artırılması və nəzarət tədbirlərinin sərtləşdirilməsi barədə yeni təkliflər gündəmdədir. Halbuki, eyni zamanda ölkənin əmək bazarının miqrantlara ciddi ehtiyac duyduğu da etiraf olunur. Bildirilir ki, təklif edilən dəyişikliklər Azərbaycandan olan miqrantlar da daxil olmaqla, MDB ölkələrindən gələnlər üçün ciddi nəticələrə səbəb ola bilər.

Rusiya bir tərəfdən miqrantlara ehtiyac duyduğunu bəyan edir, digər tərəfdən isə cərimə və məhdudiyyətləri artırır. Bu ziddiyyətli siyasətin səbəbi nədir? Belə bir yanaşma miqrantların ölkədən kütləvi şəkildə çıxmasına və nəticədə Rusiyanın əmək bazarında böhran yaranmasına səbəb ola bilərmi?

Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov bildirib ki, Rusiya miqrasiya siyasətində ziddiyyətli yanaşma sərgiləyir.

Onun fikrincə, bu, iqtisadi reallıqlara ziddir:

"Rusiya bir tərəfdən əmək bazarında miqrantlara ciddi ehtiyac olduğunu etiraf edir, digər tərəfdən isə cərimələri və nəzarət tədbirlərini sərtləşdirir. Bu siyasət daxili ictimai narazılığı azaltmaq məqsədi daşıyan siyasi addım kimi görünür, amma iqtisadi reallıqlarla uyğunlaşmır. Nəticədə miqrantların, o cümlədən azərbaycanlıların alternativ ölkələrə üz tutması mümkündür".

veli

Vəli Əlibəyov

Politoloq əlavə edib ki, miqrantların Rusiyanı tərk etməsi ölkədə əmək bazarında böhran, qiymət artımı və qeyri-leqal əmək qüvvəsinin çoxalması ilə nəticələnə bilər:

"Bəzi məlumatlara görə, Rusiya MDB ölkələrindən olan miqrantların əvəzinə Hindistan, Şri-Lanka və sair ölkələrdən işçi qüvvəsi gətirmək niyyətindədir. Amma bu, Moskva üçün ciddi problemlər yaradacaq".

Xatırladaq ki, Rusiya rəsmiləri miqrant böhranını aradan qaldırmaq məqsədi ilə Hindistandan 1 milyon əməkçinin gətirilməsinin mümkünlüyü barədə bugünlərdə açıqlama veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
olaylar.az

1Mənbələr