Portuqaliyalı futbolçular Dioqo Jota və Andre Silvanın həyatını itirdiyi yanan "Lamborghini" avtomobilinə dair videonun müəllifi olduğunu iddia edən yük maşını sürücüsü Joze Azevedu faciə ilə bağlı ətraflı məlumat paylaşıb.
İdman.biz xəbər verir ki, onun sözlərini Portuqaliyanın məşhur "Record" nəşri təqdim edib.
Joze Azevedu hadisəni belə xatırlayır: "Mən video çəkirdim və kömək etmək üçün dayandım, amma təəssüf ki, heç nə edə bilmədim. Vicdanım təmizdir. O gecə nələr çəkdiyimi bilirəm. Açığını deyim, maşında kimlərin olduğunu bilmirdim. Ailələrinə başsağlığı verirəm. Əminliklə deyə bilərəm ki, onlar sürət həddini aşmаmışdılar. Avtomobilin markasını və rəngini görə bildim. Mən bu yoldan hər gün – bazar ertəsindən şənbəyə qədər keçirəm və bilirəm ki, bu yol çox pis vəziyyətdədir. Qaranlıq yoldur, amma maşının markası və rəngini seçmək mümkün idi. Təəssüf ki, belə bir hadisə baş verdi”.
Həmçinin Azevedunun hadisə yerində yanğınsöndürən balondan istifadə edərək futbolçulara kömək olmağa çalışdığı bildirilir.
Qeyd edək ki, futbolçular İspaniyanın şimal-qərbində baş verən avtomobil qəzasında həlak olublar. Dioqo Jotanın idarə etdiyi "Lamborghini" ötmə zamanı təkəri partladıqdan sonra yoldan çıxaraq alışıb. “Liverpul”un və Portuqaliya millisinin hücumçusu Jota və “Penafiel” klubunda çıxış edən qardaşı Andre Silva iyulun 5-də Portuqaliyada dəfn ediliblər.
İdman.biz