Böyük Britaniyanın BP şirkəti XX əsrin əvvəllərində Azərbaycanın intellektual və ədəbi həyatının formalaşmasında mühüm rol oynamış nüfuzlu nəşr olan “Dirilik” jurnalının bütün saylarının transliterasiya olunmuş variantının çapını maliyyələşdirib.
"APA-Economics" xəbər verir ki, layihə “Dirilik” jurnalının orijinal mətnlərinin əski əlifbadan (ərəb) Azərbaycan dilinin müasir əlifbasına transliterasiya etməklə həmin dəyərli yazıların bu günün oxucularına, tədqiqatçılarına və gələcək nəsillərə əlçatan olmasını təmin etmək məqsədi daşıyır.
Məlumata görə,illkin olaraq 1914–1916-cı illərdə nəşr olunan “Dirilik” jurnalı Azərbaycan publisisti, yazıçısı və siyasi xadimi Mirzə Bala Məhəmmədzadə tərəfindən “türk dünyasının ədəbi, ictimai və siyasi jurnalı” kimi xarakterizə olunmuşdur. Jurnalda ictimai və siyasi hadisələrə, ədəbiyyata, mədəniyyətə və tarixə dair məqalələr dərc olunur, milli birliyin, mədəni tərəqqinin və milli kimliyin təbliğinə xüsusi önəm verilirdi.
“Dirilik” jurnalında Məhəmməd Əmin Rəsulzadə, İsmayıl bəy Qaspıralı, Cəfər Cabbarlı, Əliağa Vahid və digər tanınmış Azərbaycan ziyalılarının, yazıçı və şairlərinin əsərləri dərc olunmuşdur. Bu jurnal öz dövrünün ən mühüm ədəbi və ideoloji mərkəzlərindən biri kimi geniş tanınır.
Layihə “Milli İrs” mədəni-tarixi tədqiqat fondu tərəfindən həyata keçirilib. BP bu toplunun nəşr xərclərini qarşılamaq üçün 25000 AZN (14700 ABŞ dolları) vəsait ayırmışdır.
Bununla yanaşı BP bu gün Azərbaycanın tarixində neftin həlledici rolunu araşdıran yeni tədqiqat layihəsini təqdim edib. Layihə çərçivəsində “Neftimizin Avropaya uzun yolu. Bu yolun bilinən və bilinməyən faktları, işıqlı və qaranlıq səhifələri” adlı əhatəli kitab nəşr olunub.
Layihənin ümumi dəyəri 48500 AZN (təxminən 28530 ABŞ dolları) təşkil edir və bu məbləğ nəşr öncəsi işlər və layihənin idarə olunması, habelə ümumilikdə 1000 nüsxə tirajla kitabın nəşri üçün xərcləri əhatə edir.
Layihə “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi tərəfindən həyata keçirilmişdir. Kitabın müəllifi jurnalist Müsəllim Həsənovdur.
Qeyd edək ki, Azərbaycanda fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 111 milyon ABŞ dollarından çox vəsait xərcləyib.
